17 Oktyabr 2018 20:30
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İqtisadi Forumu nüfuzlu aparıcı iqtisadi qurumlardan hesab olunur. Nəzərə almaq lazımdır ki, bu forum dünyanın aparıcı dövlət və hökumət başçılarını bir araya gətirmək imkanlarına malik yeganə forumdur. Bu forumun hazırladığı hesabatlar praktik olaraq dünyada qlobal siyasətə təsir edəcək hesabatlardır.

Bunu Teleqraf.com-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının Azərbaycanla bağlı hissəsini şərh edən V.Bayramov bildirib ki, son hesabatın hazırlanmasında yeni metodologiyadan istifadə olunub:

“Bu metodologiya hazırlanan zaman həm ümumi istiqamətlər, həm də sab indikatorlar üzrə qiymətləndirmə aparılıb. Hesabatın təhlili göstərir ki, Azərbaycan bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. Nəzərə alsaq ki, Azərbaycan biznesin qeydiyyatdan keçmə indeksinə görə dünyada 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub. Biznesin dinamikliyinə görə Azərbaycan dünyanın 140 ölkəsi arasında 31-ci yerdə qərarlaşıb ki, bu da müsbət məqam kimi qiymətləndirilə bilər”.

V.Bayramov qeyd edib ki, iqtisadi sab indikatorlarla yanaşı Azərbaycan eyni zamanda sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı dayanır:

“Bu da indeksdə Azərbaycanın mövqeyini göstərən əsas faktorlardan biridir. Eyni zamanda Azərbaycan bəzi indikatorlara görə hətta ilk 15-liyə daxil olmaq imkanı qazanıb. Elektrikləşmə reytinqinə görə isə Azərbaycan dünyada birincidir”.

İqtisadçı bildirib ki, bu indikatorlar Azərbaycanın mövqelərində yaxşılaşmaların olduğundan xəbər verir:

“Hesabat hazırlanan zaman yeni metodologiyadan istifadə edildiyi üçün bir sıra indikatorlar, o cümlədən maliyyə sabitliyi, milli yığım, həmçinin digər indikatorlar nəzərə alınmayıb. Bu da nəticə etibarilə ölkələrin reytinqinə təsirsiz ötüşməyib. Bütün hallarda hesabatda Azərbaycanın mövqeyini müsbət qiymətləndirmək olar. Xüsusən də sab indikatorlar üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması ölkənin iqtisadi gücündən xəbər verir. Növbəti illərdə iqtisadi islahatların dərinləşməsi hesabatda Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər