Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında Abşeron rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin Ümumi Yığıncağı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov da iştirak ediblər.
Tədbirin açılış nitqi ilə çıxış edən Anar Bağırov kollegiyada son zamanlar həyata keçirilmiş mütərəqqi yeniliklər, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı və Sərəncamda nəzərdə tutulmuş tövsiyələrin icrası, o cümlədən vəkil qurumlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, qurumların maddi-texniki bazasının yaxşılaşdırılması barədə görülən işlər barədə məlumat verib.
Bundan başqa, Abşeron rayon Vəkil Bürosunun cari fəaliyyəti, yol verilən nöqsanlar, onların həlli yolları, büronun işinin təkmilləşdirilməsi üçün görülməli olan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin, Abşeron rayon Vəkil Bürosunun müdiri Füzuli Ələkbərov müdir vəzifəsindən azad olunması ilə bağlı Ümumi Yığıncaq iştirakçılarına müraciət edib.
Ümumi Yığıncağın qərarı ilə onun müraciəti təmin olunub.
Daha sonra vəkil bürosunun rəhbəri vəzifəsinə Abşeron rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Muğan Əliyevin namizədliyi irəli sürülüb.
Ümumi Yığıncağın yekdilliklə qəbul etdiyi qərara əsasən Muğan Əliyev Abşeron rayon Vəkil Bürosunun müdiri seçilib.