31 Oktyabr 2018 16:39
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrün hadisələri göstərdi ki, reket jurnalistlərə qarşı mübarizə aparılsa da, onlar hələ də fəaliyyətlərini davam etdirməkdədirlər. Buna görə də onlara qarşı mübarizə təkminləşdirilməlidir. Bu təkminləşdirmə üçün bir sıra təkliflər var.

Bu sözləri Axar.az-a açıqlamasında MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq Ələsgərli deyib. O bildirib ki, neqativ halların qarşısının alınması üçün müəyyən mexanizmlər tətbiq olunmalıdır:

“Bu düzəlişlərdən biri də xəbər saytı açmaq üçün lazım olan domenlərin alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsidir. Əksər ölkələrdə domen adlarının qeydiyyatı haqqında qanun var. Bizdə ya domen adlarının verilməsi xüsusi qanunla tənzimlənməlidir, ya da KİV üçün alınan domenlərdə müəyyən tənzimləmələr olmalıdır.

Bizdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun var. 2017-ci ildə ona bir sıra dəyişikliklər edildi. Bu dəyişiklər onlayn medianın fəaliyyətinin tənzimlənməsi üçün yaxşıdır. Amma orada da həmin vaxt müəyyən məsələlər nəzərə alınmayıb. Məsələn, İkram Rəhimovun saytlarına 1 il müddətində 6 dəfə qadağa qoyulmuşdu. Orada ciddi neqativ informasiya yayılmışdı, yəni qanunlara həqarət, təhqir, böhtan, şantaj var idi. Buna görə də məhkəmə hökmü ilə NRYTN həmin saytlara girişi blokladı. Amma həmin materiallar arxivdə saxlanılır. Və bir sayt bağlananda o, bir hərf fərqi ilə yeni domen alır və fəaliyyətini davam etdirir. Beləliklə o, 6 sayt yaratmışdı. Buna görə təklif yaranır ki, domen adları haqqında yeni qanun qəbul edilsin, ya da KİV haqqında qanuna və ya “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edilsin ki, şəxs bir domeni istifadə edir və neqativ əməllər törədirsə, onun yeni domen üzərində KİV yaratma hüquq məhdudlaşdırılsın. Cəza dedikdə biz kiminsə həbsini tələb etmirik. Onların müəyyən hüquqları məhdudlaşdırılmalıdır. Bu təklif də ondan irəli gəlir ki, bizdə cəza domenin özünə kəsilir. Həmin şəxslər də belə olan halda yeni domen alırlar. Amma düşünürəm ki, bundan sonra domenin sahibinə də cəza tətbiq olunmalıdır”.

Müşfiq Ələsgərli domen üçün müraciət edən şəxslərə müvafiq qurumlar tərəfindən rəy verilməsi haqqında qanunun da vacibliyini vurğulayıb:

“KİV-lərin qeydiyyatını aparan qurumlar peşəkar media qurumlarının, medianın özünü tənzimləyən qurumların rəylərini almalıdırlar. Necə ki, radio və ya televiziya açıldığı zaman MTRŞ-nın rəyi nəzərə alınır, eləcə də Mətbuat Şurasına də belə bir səlahiyyət verilməlidir. Ən azından Mətbuat Şurasında neqativ şəxslər və media qurumları haqqında məlumat bazası var. Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün tövsiyə verə bilərlər. Amma tək tövsiyə keçici olmadığı üçün yeni qanunlar qəbul edilməlidir ki, müəyyən təsir mexanizmləri olsun. Ola bilər ki, Mətbuat Şurası haqqında yeni qanun hazırlansın. Bununla bağlı təkliflər də var. Milli Məclis, qanunvericilər, hökumət və dövlət strukturları bununla bağlı müvafiq qərar verməlidirlər. Çünki ötən illərdə MŞ və digər özünütənzimləmə orqanları nə qədər operativ fəaliyyət göstərsə də, bu məsələlər həllini tapmır”.

Qeyd edək ki, tanınmış media təmsilçiləri “reket” jurnalistlərlə mübarizə aparmaq üçün bir sıra təkliflər irəli sürür. Bu təkliflərdən biri də odur ki, xəbər saytı açmaq üçün lazım olan domenlərin alınması mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Bundan başqa, domen üçün müraciət edən şəxslərə Mətbuat Şurası tərəfindən rəy verilsin. Həmçinin, sayt açmaq istəyən şəxsin maddi-texniki bazası, ofisi və peşəkarlardan ibarət kollektivinin olduğu təsdiqlənəndən sonra ona domen almağa icazə verilsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər