Teleqraf.com Publika.az-ın xüsusi qonağı Fransanın “Connaissance et Memoires” nəşriyyat evinin təsisçisi və sahibi, tanınmış kitab naşiri Katrin Kormeri ilə müsahibəsini təqdim edir:
- Madam Kormeri, sizi incəsənət naşiri adlandıra bilərik?
- Yəqin bilirsiniz, biz mütaliəni sevən xalqıq. Bu gün Fransada on mindən çox nəşriyyat evi mövcuddur. Onlar içərisində mənim nəşriyyat evim də var. Fransanın Mədəniyyət Nazirliyinin himayədarlığı ilə fəaliyyət göstəririk. Kitablarımız müxtəlif materiallardan hazırlanır. Atlas, ipək, kağız, və s… Yaponiyadan, Nepaldan xüsusi kağızlar gətiririk. Kağızları bir-bir gözdən keçirdirəm ki, üzərində lap xırda bır cızıq da olmasın. Təəccüblənəcəksiniz, amma bu kağızlar həm də oda davamlı olur. Hətta kitablara sürülən ətri xüsusi olaraq seçirik. Məsələn, bəzi kağızların istehsalında Asiyada bitən çiçəklərin ləçəklərindən istifadə edirik. Bunların hamısını dizayner məsuliyyəti və sevgisi ilə həyata keçirirəm. Sanki hər bir kitabımı öz zövqümlə geyindirib, bəzəyirəm, hələ üzərinə parfüm də vururam. Bu baxımdan bəli, kitablarımız bilik mənbəyindən ziyadə, incəsənət nümunəsi də sayıla bilər. Çünki əsasən estetikliyə önəm veririk. Mərakeşdə bitən sidr ağaclarından xüsusi qutular hazırlayırıq ki, kitablarımızı onların içərisində saxlayaq. Belə qutularda çatdırılma da rahat və xətasız olur.
- Bu tərz kitabların daha sadə formasına uşaq kitab mağazalarında rast gəlmişəm. Bəs siz necə, uşaqlar üçün kitablar nəşr edirsiniz?
- Təəssüf ki, xeyr. Əsasən bağçılıq, aqronomiya, memarlıq, səyahət, təbabət, ətriyyat, bitkilər aləmi və s. mövzularda kitablar nəşr edirik. Bu gün insanların daha çox maraq dairəsində olan kulinar kitablar da hazırlamırıq. Çünki məqsədimiz sırf incəsənətə xidmət etməkdir.
- Amma klassik incəsənət də bir nöqtədə durmur…
- Elə biz də yerimizdə saymırıq. Yeni istiqamətlərimiz yaranır. Əməkdaşlıq etdiyimiz kitab mağazaları və kolleksiyaçıların təkliflərinə razılıq verib qravüralar da hazırlamağa başladıq. Odur ki, nəşriyyatımızı artıq rəngarəng qravüralar da bəzəyir. Düşünürəm ki, nəşriyyatımızın bu yeniliyi sevdiklərimiz üçün ən az maraqlı rəsm kimi gözəl hədiyyə olacaq. Çalışırıq ki, kitab nəşrində istifadə olunan bütün yeni texnologiyalardan yararlanaq. Bir neçə qatdan ibarət şəkilləri olan kitablarımız da var. Üzərindəki parçaları qaldırdıqca, şəkilin də forması dəyişir.
- Nəşrlərinizin mənəvi dəyəri təbii ki çox yüksəkdir. Bəs satış qiyməti qoymaqda çətinlik çəkmirsiniz?
- Burada təbii ki, istifadə olunan material, kağızın ölçüsü, üz qabığı, şəkillərin rəngarəngliyindən, formasından da çox şey asılıdır. Məsələn, əsərlərimiz arasında 20 avroya da, 2000 avroya da kitab tapa bilərsiniz. Kitablarımın hamısı, hətta hər bir nüsxəsi mənim üçün doğmadır. Hətta mən onlara toxunanda mütləq əlcək taxıram, digərlərindən də bu qayğını tələb edirəm.
- Deyə bilərik ki, dünyanın ən nadir kitablarının naşirisiniz. Özü də elə kitablar nəşr edirsiniz ki, keyfiyyətinizi nə təkrarlamaq, nə də ona bənzərini hazırlamaq mümkündür.
- Niyyətimiz müasir oxucunun göz zövqünü oxşamaq, onun tələblərinə cavab verməklə yanaşı, klassik incəsənəti də təbliğ etməkdir. Biz yeni yaranan tendensiyaların ən keyfiyyətlisini sınaqdan keçirdirik. Üstünlüyümüz də budur. Kitablarımı elə çox sevirəm ki, onlar haqda saatlarla danışa bilərəm. 50 ildir bu sahədəyəm. İstənilən müştərimin bütün suallarına cavab verməyə, diqqətini çəkən məsələlər üzərində saatlarla dayanıb söhbət etməyə hazıram. Bura dünyanın ən böyük kitabxanalarının sahibləri, məşhur kolleksiyaçılar, həmçinin əntiq kitab alıcıları, yaxud sadə vətəndaşlar aiddir.
- Madam Kormeri, nəşriyyatınız fransız hökumətinin digər dövlətlərlə mədəni əlaqələrinin möhkəmlənməsinə də xidmət edir. Bu baxımdan Fransa üçün böyük işlər görürsünüz...
- Fransanın tarixində Pyer Leqran adlı dəniz qulduru olub. Onun həyatı haqda məlumatlarla tanış olsanız, görəcəksiniz ki, dünyanın yarıdan çoxunu gəzib geri dönəndə isə özü ilə birgə çox zəngin xəzinə gətirib. 1788-ci ildə Parisdə “Dəniz salnaməsi” adlı kitab çap edilir. Bu kitabda Leqranın macəraları toplanır. “Connaissance et Memoires” olaraq həmin kitabın yenidən nəşrinə başladıq. Bu kitabda Fransa səfirliyinin fəaliyyət göstərdiyi bütün ölkələrə diplomatik hədiyyə kimi təqdim olunub. Fransanın sabiq prezidenti Nikolya Sarkozi nəşriyyatımızın kitabını Barak Obamaya hədiyyə edib. Bu yaxınlarda isə Emanuel Makron dəyərli nümunələrimizin birini Rusiya prezidenti Vladimir Putinə təqdim etdi. Ümumiyyətlə, nəşrlərimiz Fransaya rəsmi səfər edən dövlət başçıları üçün əvəzsiz hədiyyədir. Hətta Tatarıstan prezidenti Rüstəm Minnixanovun xahişi ilə futbol haqda hazırladığımız kitabları ona təqdim etmişəm.
- İndi isə növbə ölkəmizdədir...
- Bəli. Azərbaycana səfər etmək çoxdankı arzum idi. Bakı Kitab Mərkəzində “Bağ sənəti və memarlıq” adlı kolleksiyamın təqdimatın keçirdik. Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe ünvanıma gözəl sözlər söylədi. Sonra qonaqlar kitabları dərin maraqla tanış oldular. Anladım ki, bizim xalqlarımızı həm də incəsənətə mütaliəyə maraq birləşdirir. Bu çox gözəl duyğudur.