2 Noyabr 2018 12:34
3 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbuldan Azərbaycan mühacirət irsinə aid əldə etdiyimiz materialların içərisində bir portret var. Azərbaycan mətbuatının əsasını qoyan Həsən bəy Zərdabinin bu portreti təxminən 1920-ci illərdə adı hələ ki bizə bəlli olmayan bir mühacir tərəfindən hazırlanıb və ya hazırlatdırılıb. Portretdəki təsvir Həsən bəyin məşhur şəklindən (İsmayıl bəy Qaspıralı və Əlimərdan bəy Topçubaşı ilə birgə olan) götürülüb, onun kitablarda istifadə olunan surətidir.

Həsən bəy Zərdabi irsi istər ASSR dönəmində, istərsə də müstəqilliyin yenidən qazanıldığı vaxtlardan etibarən geniş şəkildə öyrənilib, onun əsərləri, “Əkinçi” qəzeti müasir əlifbalarda çap edilib.

Bu yazıda biz Həsən bəy irsinin mühacirət mətbuatında təbliğindən bəhs edəcəyik.

***
“Əkinçi” demokratik hadisə idi

Əlimərdan bəy Topçubaşı 26 fevral 1926-cı ildə Parisdən İstanbula Məhəmmədəmin Rəsulzadəyə göndərdiyi məktubunda yazırdı: “Sizin Azərbaycan mətbuatı, xüsusən də, mərhum Həsən bəy Məlik-Zərdabi və onun ərsəyə gətirdiyi “Əkinçi” qəzeti – milli mətbuatımızın bu ilk qaranquşu ilə bağlı məlumatlar göndərilməsi haqqında nümayəndə heyətinə ünvanlanmış müraciətinizi aldım. Məsələ ilə bağlı sizə bildirməliyəm ki, nümayəndə heyətinin sərəncamında heç bir məlumat və material yoxdur... Təəssüf edirəm ki, əlimin altında nə Azərbaycan mətbuatı haqqında qeydlərimin əlyazması, nə də qəzetlərin, xüsusən də, “Əkinçi”nin komplekti var. Bunlar hamısı, bədbəxtçilikdən, Bakıda məhv olub”.

Bu məktubdan aydın olur ki, Rəsulzadə Azərbaycan mətbuatının 50 illiyi münasibətilə İstanbulda çap etdiyi “Yeni Kafkasya” jurnalı üçün Əlimərdan bəydən material istəyib. Çünki bu mövzuda Əlimərdan bəy ən uğurlu adam idi. O, həm Azərbaycan mətbuatının tanınmış siması olub, həm Azərbaycan nümayəndə heyətinin sədri idi, ən əsası isə Həsən bəy onun qayınatası idi. Bu baxımdan ən lazımlı materiallar onda olacaqdı. Buna görədir ki, Topçubaşı məktubunda maraqlı bilgi də verib: “Həsən bəyin dul qadınının, mənim qayınanamın xahişi ilə “Əkinçi”nin yaradıcısının xatirəsinə və onun fəaliyyətinə həsr olunmuş böyük bir məqalə yazdım və hələ noyabr ayında tam şəkildə Hənifə xanımın sərəncamına verilmək şərti ilə Bakıya göndərdim. Sonra isə “Əkinçi”, habelə “Həyat” və “Kaspi” də daxil olmaqla, digər mətbuat orqanları haqqında yaddaşımda qorunub saxlanmış məlumatları Ceyhun bəy Hacıbəyli ilə bölüşdüm. Həmin məlumatlar əsasında Azərbaycan mətbuatının tarixi haqqında referat hazırlandı. Ceyhun bəy bu referatı “Societe Asiatique”-də oxudu”.

Mühacirlər özləri ilə qürbətə material apara bilmədiklərinə görə yalnız yaddaşlarına güvənərək, əllərində olan bir qism qaynaqlar əsasında Azərbaycan mətbuatının tarixini yaza bilirdilər. Rəsulzadə bu bilgi qıtlığına baxmayaraq “Yeni Kafkasya” jurnalının 1 mart 1926-cı ildə çap edilən buraxılışını Azərbaycan mətbuatına həsr edib. Jurnalın giriş yazısı olan “Azərbaycan mətbuatının şanlı xatirəsi” adlı məqaləni də özü yazıb, Həsən bəyin təsvirini də verib.

Məqaləsində Rəsulzadə yazır: ““Əkinçi”nin zühuru yalnız milli deyil, eyni zamanda demokratik bir hadisə idi. Xanlıqlar dövrünün şairləri kimi o, saraylara və saray ətrafında toplanan mümtaz zövq ərbabına deyil, bütün xalqa xitab edirdi; məhəlli deyil, milli məqsəd güdürdü. Xalqı işıqlandırmaq onun ən böyük məqsədi idi. Xalqı işıqlandırmaq! Bundan 50 il əvvəl ortaya atılan bu şüarın necə işıqkeçirməz qaranlıq bir mühit içərisində parlamış bir nur olduğunu təsəvvür etmək mümkündür... Qutenberqin ecazkar makinasından bixəbər bir mühitdə ilk qəzet zühurunun nə demək olduğunu onsuz da təqdir edə bilərik”.

Rəsulzadə bu yazısında “Əkinçi”nin bağlanma səbəbinə də toxunub: “Belə ali bir məqsəd və ülvi bir dəvət ilə nəşriyyata başlayan “Əkinçi” yolu üzərindəki ən böyük müşkülü yox edə bilmədi. İstilaçı rus idarəçiliyi Həsən bəyin milli şüur toxumlarını saçan bir əkinçi olduğunu çox keçmədən fərqinə vardı, “Əkinçi” bağlandı”.

Rəsulzadə Həsən bəyin arzusuna çatdığını bildirir:

“Həsən bəy saçdığı toxumların 26 il qədər uzun sürən bir qışdan sonra gələn bərəkətli baharda göyərib səmərələr verdiyini şəxsən gördü; son çağlarında olsa da, Bakıda intişar edən türkcə qəzetlərdə şəxsən iştirak etmək səadətinə nail oldu. Həsən bəy öldü, fəqət saçdığı toxumun səmərə verdiyini görən müvəffəq bir əkinçi kimi fəxrli və sevincli şəkildə bu dünyadan köçdü. Həmin gün mətbuat qaraya büründü, şairlər mərsiyələr yazdı, teatrlar pərdələrini endirdi, bazar və dükanlar bağlandı. Bir kəlmə ilə millət matəm saxladı”.

“Yeni Kafkasya”nın həmin buraxılışında Rəsulzadə Azəri imzası ilə “Zərdablı Məlikzadə Həsən bəy” adlı başqa bir məqalə də yazıb. Bu məqaləsində o, Azərbaycan türklərinin milli intibah və mədəni hərəkatının ilk böyük simasının Mirzə Fətəli Axundzadə olduğunu bildirir, bu ənənənin yetişdirdiyi ikinci böyük şəxsiyyətin Həsən bəy olduğunu qeyd edir: “İlk mücahid ölərkən xitab etdiyi mühitin laqeydliyi içində həyatı tərk etdi, hətta cahil fanatiklərin düşmənanə təzahürlərinə belə məruz qalmışdı. Həsən bəy ondan daha məsud çıxdı. 1905-ci ildə baş verən ölümü milli intibah tarixində bənzəri nadir görülən bir nümayiş halını aldı”.

Jurnalın bu sayında “Azərbaycan mətbuatının müxtəsər tarixi” adlı geniş bir yazı da təqdim edilib.

1933-1934-cü illərdə Milli Azərbaycan Nəşriyyatı tərəfindən azərbaycanlı məşhurların təsviri olan açıqcalar çap olunur. Həmin məşhurlar arasında Həsən bəy Zərdabi də olur.

Azərbaycanın yolgöstərəni

Topçubaşıya gəldikdə isə “Əkinçi” və Həsən bəy Zərdabi haqqında mühacirətdə yazılan ən geniş həcmli yazı ona məxsusdur. 1925-ci ildə Parisdə qələmə aldığı “Azərbaycanın yolgöstərəni” adlı məqaləsində Əlimərdan bəy qeyd edir ki, “Əkinçi” yeni Azərbaycanın, onun dilinin, şeiriyyətinin, xalq nəğmələrinin, ədəbiyyatının, tarixinin həyəcan doğuran rəmzinə çevrilmişdi: ““Əkinçi”nin ərsəyə gəlməsi Həsən bəyin bir sıra sahələrdə birinci olmaq şərti ilə doğma xalqına xidmətinin ən yüksək zirvəsi idi. Bu mühüm işi görməklə Həsən bəy heç zaman xalq yaddaşından silinməyən, öz milləti üçün qaranlıqda yol göstərən mayak ucaltmış oldu”.

Topçubaşı bu yazısında Həsən bəyin şəxsi və təhsil həyatından, ictimai fəaliyyətindən və Azərbaycan mətbuatında gördüyü işlərdən geniş şəkildə bəhs edib.

Zərdabi haqqında mühacirətdə yazılan digər geniş yazı mühacir siyasətçi Mirzəbala Məhəmmədzadəyə aiddir. Onun “Türk Yurdu” jurnalının 15 sentyabr 1942-ci il sayında çap edilmiş məqaləsi “Azərbaycanlı ilk türk qəzetçi Həsən bəy Zərdablı” adlanır. Məqalə Həsən bəyin ölümünün 35-ci ildönümünə həsr edilib. M.Məhəmmədzadə məqaləsində qeyd edir: “Həsən bəyin gerçəkləşməsi üçün dayanmadan və yorulmadan çalışdığı davalar bunlardı: Avropa üsulunda türkcə tədris həyata keçirən milli məktəblər açmaq, milli teatr təsis etmək, milli xeyriyyə cəmiyyətləri qurmaq və milli mətbuat meydana gətirmək”.

Legionerlərin vəfası

II Dünya müharibəsi illərində Azərbaycan legionu “Azərbaycan” adlı qəzet çap edir. Qəzetin 5 iyun 1944-cü ildə çap edilmiş 101-ci sayındakı manşet yazı ““Əkinçi”dən “Azərbaycan”a” adlanır. Yazıda legioner jurnalistlər “Azərbaycan” qəzetini “Əkinçi”nin varisi hesab edirlər: ““Əkinçi” öz səhifələrində azəri türklərinin Avropa xalqlarına nisbətən geri qalma səbəblərini və bundan çıxış yollarını göstərdi. Bir sözlə, “Əkinçi” dövrünün saf milli qəzetinə çevrildi”.

Göründüyü kimi azərbaycanlı mühacirlər Həsən bəy Zərdabinin irsinin tanıdılması və təbliği üçün mühacirət mətbuatında mütəmadi olaraq məqalələr yazıb, onun ictimai fəaliyyətini işıqlandırıblar.

Qaynaqlar:

  1. Əlimərdan bəy Topçubaşov, “... Xalqımızın müstəqil yaşayacağına inanırdıq”, Bakı, 2018
  2. “Yeni Kafkasya (1923-1927)”, İstanbul, 2018
  3. “Azərbaycan” qəzeti, № 22 (101), Berlin, 5 iyun 1944
  4. “Türk yurdu” jurnalı, cild XXVI, № 2, İstanbul, 15 sentyabr 1942


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər