6 Noyabr 2018 11:25
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ədəbiyyatşünas İradə Musayevanın “Ədəbiyyatşünaslıq elmimizin “sərkərdələri” başlıqlı yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatının ləng inkişafında, dünyayla ayaqlaşa bilməməsi problemində Azərbaycan ədəbiyyatşünaslığının da “xidmətləri” çoxdur. Sadəcə bu sahənin terminlərlə dolu bə­lağətli və “elmi” mətnləri on illərdir “ədəbiyyat sərrafı”, “ədəbiyyat bilici­si” kimi ad almış müəlliflərin imzalarıyla kitablaşır, dissertasiya cildlərin­də qəliblənir, monoqrafiyalar siyahısında yerləşdirilir, həmin müəlliflərin bioqrafiyasında elmi kəşf mənbəyitək dəyərləndirilir və sair və ilaxır...

Adlar, adlar, adlar... Müdafiə Şuralarının zəhmli iclas salonları, aliməqam tribunalar, konfranslar, seminarlar, şablon hesabatlar, plagiat yazılar, iş planları, fərdi yaradıcılıq anketlərindəki saxta (3-4 il dalbadal adı, mövzusu təkrar-təkrar yazılan, özü isə heç vaxt yazılmayan) məqalə adları...

Görəsən kimi aldadırıq?

Ədəbiyyatşünaslıq adına bircə qənaətbəxş dərslik tapa bilmirik. Amma hər professorun, akademikin tərcümeyi-hal salnaməsində onlarla kitab, yüzlərlə ədəbiyyatşünaslıq məqaləsi adının siyahısı əks olunur. Biz müstəqillik illərində sovet dövrü ədəbiyyatşünaslığımızı dərhal yenidən oxumalı, saf-çürük edib gərəklilərini mənimsəməli və mənimsətməli, so­vet ideologiyasının diktəsi ilə yazılmış gərəksizləri isə arxivləşdirməli idik. Amma belə olmadı.

Ədəbiyyatşünaslıq elmi çox hallarda öz köhnə, sovet ideologiyası əsasında hazırlanmış kitabların tendensiyalı nəzəri qanunları ilə ədəbiyyata diktələr etmək, yol göstərmək iddiasından əl çəkmədi. Nəti­cədə ortada qalaq-qalaq lazımsız kağız-kuğuz toplandı. Azərbaycan yazarı ilə Azərbaycan ədəbiyyatşünasının ədəbi-bədii düşüncələri, ədəbi-estetik axtarışları heç bir halda ünsiyyətə girə bilmir. Qarşılıqlı qəzəb və inkar in­tonasiyası dəyişilmir. Elə təkcə tənqidçi və yazıçı söhbətlərində bu ahəngin davamlılığını yada salmaq fikrimə sübut ola bilər... Və ədəbiyyatla məşğul olmalı olan qurumlarda fəaliyyət göstərən ədəbiyyat alimləri acı da olsa etiraf edək ki, bəzi hallarda, əslində daha çox hallarda öz nüfuzunu itirdi... Onların çoxu hələ də ancaq və ancaq Aristotel, Bualo, Xətib Təbrizi və Belinski tarixi səddində dayanıblar. Müasir dünya ədəbi-nəzəri fikri ilə dü­şünməyi, yazmağı, müqayisələr aparmağı lüzumsuz sayırlar.

Ədəbiyyatı­mız bu gün sanki, öz mücadiləsi hesabına (“şünas”ından nəzəri, tarixi bil­gi almadan belə), dünyaya çıxmaq və öz sözünü demək uğrunda çarpışır. Sirr deyil ki, bu gün bizim gənc yazarların ədəbiyyatşünaslıq bilgisi, dünya ədəbiyyatı tarixinə bələdliyi çox qocaman, yaşı 50-ni keçmiş ədəbiyyatşü­naslardan daha üstündür, daha çoxdur. Onlar israrla axtarır, oxuyur, fikir mübadiləsi aparır, polemik ədəbi səhnələr qurmağa can atır və s.

AMEA-nın vitse-prezidenti, akademik, Nizami adına Ədəbiyyat İns­titutunun direktoru İsa Həbibbəyli “Böyük ədəbiyyatşünaslıq uğrunda” adlı məqaləsində (“525-ci qəzet”, 2014, 24 may) yazır: “1936-cı ildə Dil və Ədəbiyyat sektorlarının bazasında Dil və Ədəbiyyat İnstitutunun yaradıl­ması Azərbaycan ədəbiyyatşünaslıq elminin ardıcıl, sistemli və mütəşək­kil surətdə inkişafının möhkəm təməlinə çevrilmişdir. Bütün bu proseslə­rin nəticəsində az sonra Nizami adına Ədəbiyyat İnstitutunun zəminində Azərbaycan ədəbiyyatşünaslarının bir neçə nəsli yetişib formalaşmışdır.

Həmin ədəbiyyatşünas nəsillərinin sıralarından Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri səviyyəsinə çatan, hər biri öz­lərinə məxsus elmi məktəblər yaratmış Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Abbas Zamanov, Mir Cəlal, Mirzağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Yaşar Qarayev, Əziz Mirəhmədov, Azadə Rüstəmova, Azad Nəbiyev, Əliyar Səfərli, Teymur Kərimli və başqaları kimi görkəmli elm xadimləri çıxmışdır. Bu gün də ədəbiyyatşünaslıq elminin həmin sərkərdələrinin əsərləri və onların formalaşdırdıqları ənənələr yeni elmi nəslin və elmi-ədəbi proseslərin in­kişafına öz təsirini göstərməkdədir”.

Ədəbiyyatşünaslıqda İsa Həbibbəylinin təbiri ilə desək, “elmi məktəb yaratmış”, “ədəbiyyatşünaslıq elminin sərkərdəsi” titulunu almış insan­lardan bu gün yalnız iki nəfəri sağdır - Əliyar Səfərli və Teymur Kərimli...

Halbuki digər adlar ətrafında da suallar yarana bilər. Məsələn, M.İbrahi­mov ədəbiyyatşünaslıqda hansı elmi məktəbin banisidir? - sualı kimi və s. M.İbrahimovun ədəbi-estetik görüşləri və ədəbiyyatımıza xidməti müsbət qarşılanmalıdır. Amma bu xidmətin də öz adı var, onun bu sahə ilə bağ­lı fəaliyyətini həmin adla ifadə etmək daha obyektiv səslənər. Hər halda “ədəbiyyatşünaslıqda elmi məktəb yaratmaq” həddində deyil...

Hər iki­sinin şəxsiyyətinə dərin hörmətim var. Ə.Səfərli Bakı Dövlət Universi­tetində müəllimim olub. Amma doğrudan da ədəbiyyatşünaslıqdan və müəllifin də dediyi kimi, “böyük ədəbiyyatşünaslıq uğrunda” mübarizədən söhbət gedirsə, hər iki müəllifin yaratdığı, ədəbiyyatşünaslıq elmində iz qoyan “elmi məktəb”in yeni-elmi nəzəriyyələrini və bu məktəbin yetir­mələrini saya bilərikmi? Amma əsla və əsla dissertantlar, aspirantlar, son dövr istilahı ilə desək - doktorantlar siyahısı və saysız-hesabsız konfrans, məqalə, kitab adları gəlməsin ortaya.

Konkret faktlara əsaslanan, ELMİ MƏKTƏB(!) konsepsiyasını səciyyələndirən “elmi məktəb” ağırlığında elmi nəzəriyyələr və həmin məktəbin ədəbiyyatımızın inkişafında intibahi çevriliş yaradan yetirmələrinin fəaliyyət fundamentallığı misal kimi çəkil­sin... Mümkün olacaqmı?

Bu gün ədəbiyyatşünaslığımızın ən problemli sahəsi məhz klassik irslə bağlıdır. Ədəbiyyat tarixi kitablarında, dərsliklər­də bu sahəyə aid qüsurlar hər nəşrdə təkrarlanır. Auditoriyalarda qədim və orta əsr ədəbiyyatımıza aid suallar, ziddiyyətli, araşdırılmamış məqamlarla bağlı mübahisələr istinad mənbəyi tapa bilmir. Heç kim heç kimin xətrinə dəymək istəmir. Qəzet, jurnal səhifələrində, hesabatlarda alqışlanan, tə­riflənən bu qüsurlu kitablar ədəbiyyatşünaslıq elmi adına rəflərə düzülür, dekorativ element kimi rəfləri “bəzəyir”, amma praktiki vəsaitə çevrilə bilmir.

Məqalənin “Ədəbiyyatşünaslıq elminə müasir baxış” başlıqlı bölümü­nü böyük ümidlə oxudum. Çünki “ədəbiyyatşünaslığa yeni baxış” zərurəti 25 ildir zərurət olaraq qalmaqdadır. “Bəllidir ki, ədəbiyyat haqqında olan və onu öyrənən elmə ədəbiyyatşünaslıq deyilir. Ədəbiyyatşünaslıq – ədə­biyyatı və ədəbi prosesi öyrənən elm sahəsidir. Ədəbiyyatşünaslıq – ədə­biyyat və ədəbi proses haqqında tam, bitkin, əsaslı və əhatəli elmi təsəvvür yaradan elmdir. Ədəbi proses anlayışına yaranan yeni ədəbiyyatla yanaşı, ədəbi-elmi mühitdə baş verən hadisələr - yaradıcılıq müşavirələri, ədə­biyyatşünaslıq prosesləri müzakirələr, mübahisələr, iddialar, dialoqlar və monoloqlar daxildir. Ədəbiyyatşünaslıq elmi ədəbiyyatın tarixini, inkişaf yolunu, əsas istiqamətlərini, nəzəriyyəsini, sənətkarlıq xüsusiyyətlərini və ədəbi prosesi öyrənib ümumiləşdirir”.

Müəllif bu bölmədə XX əsr Azərbaycan ədəbiyyatşünaslarının adı­nı sadalayandan sonra dünya ədəbiyyatşünaslıq elminin əsaslarından söz açır. Bu “müasir baxış” kontekstində isə dünya ədəbiyyatşünaslığı elə hey Aristotellə başlayıb Belinski ilə bitməkdə davam edir: “Dünyada ədə­biyyatşünaslıq elminin əsasını qədim yunan alimi Aristotel qoymuşdur. Böyük alim və mütəfəkkir Aristotel ümumiyyətlə dünya elmində əfsanəvi şəxsiyyətdir. Aristotelin “Poetika” əsəri ədəbiyyatşünaslıq elminin möh­təşəm başlanğıcıdır. Fikrimizcə, Aristotelin “Poetika”sı həm də dünya ədə­biyyatşünaslıq elminin mükəmməl proqramıdır. Sonralar uzun əsrlər boyu poetika istiqamətində bir çox sanballı əsərlər meydana çıxsa da, Aristotelin ədəbiyyatşünaslıq konsepsiyasından çox da uzağa getmək çətin olmuşdur.

Məşhur fransız mütəfəkkiri Onore Depore de Bualonun “Poeziya sənə­ti” əsəri mənsur şəkildə yazılmış ədəbiyyatşünaslıq əsəri olmaqla bərabər, həm də orta əsrlər ədəbiyyatından gətirilmiş misalların zənginliyinə və klassizm haqqında yeni baxışlara görə fərqlənir. Bualo klassizmin böyük nəzəriyyəçisidir.

Ədəbiyyat haqqında elmin inkişafında Vissarion Belins­kinin müstəsna dərəcədə böyük rolu vardır. Vissarion Belinskinin “Ədə­biyyatın növlərə və şəkillərə bölünməsi” əsəri dünya ədəbiyyatşünaslıq el­mində yeni mərhələdir. Ədəbiyyatşünaslıq elminin özünəqədərki çoxəsrlik elmi ənənələrinin zəminində meydana çıxmış bu böyük ədəbiyyatşünaslıq əsəri Avropa ədəbiyyatının, daha çox isə rus ədəbiyyatının zəngin materi­allarının sintezindən yoğrulmuş yeni nəzəri baxışlar sisteminin ifadəsidir.

Fikrimizcə, Vissarion Belinskinin ədəbiyyatşünaslıq təlimində Aristote­lin dərin elmi düşüncəsi və Bualonun poetik şəkildə ifadə olunan nəzəri baxışları sintez halında təzahür edir. Vissarion Belinski ədəbiyyatşünas­lığın şairidir. Vissarion Belinski – ədəbiyyatın mahiyyətinin, fəlsəfəsinin elmini yaratmışdır”.

Ədəbiyyatşünaslıq elminə “vəzn və qafiyə elmi, təzkirəçilik ənənə­si” kimi klassik töhfəmizi xatırladan müəllif “mütəfəkkir düşüncəli ədə­biyyatşünaslığımızı” dönə-dönə təqdir edir:

“Azərbaycanda da professional ədəbiyyatşünaslıq elmi (?-İ.M) müəy­yən fərqlə, irəliyə-geriyə həmin prosesi yaşamışdır. Qədim dövrlərin və orta əsrlərin vəzn və qafiyə elmi, təzkirəçilik ənənəsi də nəzərə alınmaqla Azər­baycan ədəbiyyatşünaslığı əsasən Aristotel-Belinski məktəbi əsasında for­malaşıb inkişaf etdirilmişdir.

Heç şübhəsiz, Azərbaycanda ədəbiyyata geniş baxan, ədəbi cərəyanları və sənətkarlıq məsələlərini öyrənən mütəfəkkir dü­şüncəli ədəbiyyatşünaslıq da yaranmışdır. Azərbaycan ədəbiyyatşünaslığı bu yollardan keçərək müstəqillik dövrünə qədəm qoymuşdur”.

Bəli, yenə və yenə Aristoteldən başlayıb “müstəqillik dövrünə qoyulan qədəm”də dövrə qapanır. Müstəqillik dövrünün fürsət, imkan və azadlığın­dan yararlana bilmədi ədəbiyyatşünaslığımız. Həqiqətə söykənən, nəzə­riyyə və praktikanı, akademik bilgilər, kəşflər, yeniliklərlə təhsil, tədris təcrübəsini əlaqələndirən yeni elmi düşüncə hasil olmadı 25 illik əlverişli müstəqillik şəraitində. Hələ də akademiya işçiləri ilə universitet müəllim­lərinin bir araya gəlib ədəbiyyatşünaslıq dərslikləri hazırlamaq layihəsini reallaşdırmaq müşkülə çevrilməkdə davam edir.

Dövlət bu istiqamətli elmi qurumların fəaliyyətinə, layihələrinə, saysız-hesabsız nəşrlərinə dəstək verdi, diqqət göstərdi, nəticəsi isə göz qabağındadır...

Müəllif daha sonra elə əvvəlki fikrinə qayıdaraq yazır: “Dünya ədə­biyyatşünaslıq elminin aşağıdakı şöbələri, istiqamətləri qəbul edilmişdir: Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid. Ədəbiyyat tarixi haqqında ciddi bir mübahisə yoxdur. Mətnşünaslığı ədəbiyyat tarixinə aid edənlərlə ədəbiyyat nəzəriyyəsinin tərkib hissəsi sayanların elmi-ictimai fikir meydanına çıxmayan fərqli baxışlarına rast gəlmək mümkündür. Bundan başqa, dünyada mətnşünaslığı ədəbiyyatşünaslıq elminin müstəqil şöbəsi hesab edənlər də vardır. Fikrimizcə, tədricən bu istiqamət daha da inkişaf edəcəkdir.

Ədəbiyyat nəzəriyyəsinin əhatə dairəsinə dair elmi fi­kirdə demək olar ki, mübahisə yox kimidir. Hamı (?-İ.M.) bu fikirdədir ki, ədəbiyyat nəzəriyyəsi bədii yaradıcılıq proseslərini, ədəbiyyatın inki­şaf qanunauyğunluqlarını, sənətkarlıq xüsusiyyətlərini, ədəbi cərəyanları öyrənməklə məşğuldur. Arabir poetikanın ədəbiyyatşünaslığın, ayrılıqda ədəbiyyat nəzəriyyəsinin müstəqil şöbəsi olmasına dair keçici fərziyyələr (?-İ.M.) meydana çıxır və ötüb keçir (?-İ.M.).

Bu fikirdə olan azlıq Aristo­telin “Poetika”sına da istinad etməyə çalışır. Halbuki “Poetika” əsəri geniş mənada ümumiyyətlə ədəbiyyat, ədəbi növlər və janrlar haqqında baxış­lar sistemindən ibarətdir, ədəbiyyatşünaslığı bütöv halda əhatə edən elmi əsərdir. Poetika ədəbiyyat nəzəriyyəsinin nüvəsidir. Fikrimizcə, poetikanı ədəbiyyat nəzəriyyəsindən ayrılıqda təsəvvür etmək heç cür doğru sayıla bilməz.

Ədəbiyyatşünaslıq elminin şöbələri içərisində nisbətən daha çox mü­bahisə doğuranı ədəbi tənqiddir. Ciddi elmi-nəzəri yanaşmalardan çıxış edənlər ədəbi tənqidi ədəbiyyatşünaslığın üzvi tərkib hissəsi olaraq qəbul edir və ona elmi istiqamət kimi baxırlar. Ədəbi tənqid müasir ədəbiyyat­şünaslıq elminin ədəbi prosesi öyrənən, izləyib araşdıran, ümumiləşdirib proqnozlar verən konkret (?-İ.M.) bir sahəsidir”.

Ədəbiyyatşünaslıq elminin klassik bölgüsünə (ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid) akademikin 2 yeni şöbə (folklorşünaslıq və ədəbi əlaqələr) əlavə etmək niyyəti də təəccüblü göründü: “Ona görə də ədəbiyyatşünaslıq elminin şöbələrinin, istiqamətlərinin təsnifləndirilmə­sinə də yenidən baxmaq lazım gəlir. Fikrimizcə, indiki şəraitdə folklorşü­naslıq da ədəbiyyatşünaslıq elminin müstəqil sahəsinə çevrilmişdir. Hələ ki folklor irsi, şifahi xalq ədəbiyyatı ədəbiyyatşünaslıq elminin ədəbiyyat tarixi istiqamətinin qaydaları ilə tədqiq olunur. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının oxşar cəhətləri ilə yanaşı, fərqli xüsusiyyətlərinin də kifayət qədər olması bu irsə özünəməxsus şəkildə elmi yanaşmaları tələb

edir. Bundan başqa, ədəbiyyatşünaslıq elminin şöbələrinin müəyyən edil­diyi dövrdən keçən yüzilliyə yaxın dövrdə şifahi xalq ədəbiyyatının top­lanılması və nəşri sahəsindəki böyük nailiyyətlər, meydana çıxan cild-cild kitablar, kitabxanalar, folklor abidələri və zəngin folklor irsinə həsr olun­muş saysız-hesabsız tədqiqatlar məxsusi bir bucaqdan elmi təhlil və dəyər­ləndirilmə zərurətini meydana çıxarır. Buna görə də, fikrimizcə, folklor­şünaslıq ədəbiyyatşünaslıq elminin ayrıca bir istiqamətinə, şöbəsinə çev­rilmişdir”.

Ədəbiyyatın şifahi və yazılı olaraq iki yerə bölünməsi onların tədqiq, araşdırma, nəzəri və dəyərləndirmə prinsiplərini nə səbəbdən ayırır, aydın deyil. Ədəbiyyat nəzəriyyəsi yazılı ədəbiyyatda olduğu kimi folklor nü­munələrində də növ, janr, məcazlar sistemi, forma-məzmun və sair bu kimi sənətkarlıq məsələlərini öyrənmirmi? Yoxsa folklor nəzəriyyəçisi, tarix­çisi, ya da tənqidçisi başqa nəzəri qanunlarla işləyəcək? Onda “Nizami­şünaslıq” və sair bu kimi sahələri də sabah kimsə təklif edəcək ki, ədəbiy­yatşünaslıq şöbəsi (ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqidə əlavə olaraq) edək....

Təbii ki, söhbət elmi-tədqiqat mərkəzlərinin, institut­larının şöbələrindən getmir. Ədəbiyyatşünaslıq elminin sahəsi, bölməsi, xüsusi qanunları və prinsipləri olan sahələrindən gedir. Ədəbi əlaqələr də həmçinin... Ədəbiyyatın istənilən bir tədqiqat obyektini dünya ədəbiyyatı kontekstində öyrənmək və ya müqayisəli təhlillər aparmaq hələ o demək deyil ki, bu metod və təhlil prinsipi xüsusi elm adı alsın.

Daha sonra müəllif ədəbiyyatşünaslığın mərhələlərini bu şəkildə təs­nif edir:

1. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslığı

2. İkinci Dünya müharibəsi dövrü Azərbaycan ədəbiyyatşünaslığı

3. Azərbaycan sovet ədəbiyyatşünaslığı

4. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı

Maraqlıdır, “Azərbaycan sovet ədəbiyyatşünaslığı” mərhələsi “İkinci Dünya müharibəsi dövrü Azərbaycan ədəbiyyatşünaslığı” mərhələsindən nə ilə ayrılır? İkinci Dünya Müharibəsi illərində sovet hakimiyyəti dağıl­mışdı, ya hələ qurulmamışdı?

Həmin məqalənin davamında (“525-ci qəzet”, 02 iyun, 2014) oxuyuruq: “Bu gün Azərbaycan ədəbiyyatşünaslıq elmində orta nəsil ön mövqedədir. Bu nəslin əksər nümayəndələri mükəmməl ustad dərsləri keçmiş təcrü­bəli ədəbiyyatşünaslardır. Eyni zamanda, hazırkı tarixi dövr həm ürək genişliyi baxımından, həm də yeni elmi nəslə diqqət və qayğı cəhətdən, xüsusən də müdriklik səviyyəsində onların da üzərində ustad mərtəbəsinə çatmaq və ustadlıq missiyasını şərəflə və məsuliyyətlə yerinə yetirmək vəzifələrini qoyur.

Fikrimcə, yeni ədəbiyyatşünaslar nəslinin sıralarında böyük ədəbiyyatşünaslıq miqyasında düşünə bilən, sərrast yazmağı və da­nışmağı bacaran, mütaliəsi ilə seçilən istedadlı gənclik vardır... Heç şübhə­siz, yeni ədəbiyyatşünaslar nəslinin istedadlı nümayəndələrindən zəhmətə qatlaşmağa ömür sərf etməkdən mənəvi zövq almağı bacaranlar böyük ədəbiyyatşünaslığın yeni liderlərinə çevrilə biləcəklər”.

Bu gün ədəbiyyatşünaslıq elmi sahəsindəki problemlərin ədəbi-estetik düşüncədə və təhsil sahəsində çox ciddi fəsadlar törətməsi faktı danılmaz­dır.

Klassik, müasir dövr ədəbiyyatımızın tarixi, nəzəri və tənqidi aspektdə araşdırılması və qiymətləndirilməsi məsələlərinə həsr edilmiş kitabların, monoqrafiya və məqalələrin böyük əksəriyyəti qüsurlar, təhriflər və qey­ri-eimi, qeyri-obyektiv səciyyələndirmələrlə doludur.

Orta və ali məktəb dərsliklərindəki ədəbiyyatşünaslıq məsələləri ilə bağlı mövzuların tədrisi prosesində saysız-hesabsız suallar yaranıb. Bəlkə “ədəbiyyatşünaslıq el­minin sərkərdələri” və “ustad dərsi keçmiş təcrübəli ədəbiyyatşünas­lar” bu barədə daha ciddi düşünməlidir?

Ədəbiyyatımızın və millətimizin elmi-ədəbi təfəkkürünün tənəzzülə uğramaması naminə...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər