Bərdə rayonunun Güloğlular kəndində həm yerli sakinlərdən, həm də məcburi köçkün ailələrindən 220 nəfər üçün yeni məktəb açılıb. Məktəb ABŞ-ın Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı çərçivəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin Müdafiə Əməkdaşlığı Şöbəsi tərəfindən inşa edilib.
Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
ABŞ-ın və Azərbaycanın bir sıra rəsmilərinin, o cümlədən ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Vilyam Gilin, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Bərdə Rayon İcra Hakimiyyətinin və ABŞ Ordusu Mühəndislər Korpusunun (USACE) nümayəndələrinin iştirakı ilə məktəbin rəsmi açılış rəmzi olan qırmızı lent kəsilib. ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı Şöbəsindən kapitan-leytenant Conatan Norris və mayor Stiven Qarvin də tədbirdə iştirak edib.
Qeyd olunub ki, bu yeni məktəb böyük sinif otaqları ilə təhlükəsiz, sağlam və müasir məktəb şəraiti təmin etməklə uşaqların tədris mühitini yaxşılaşdıracaq. Bu layihə ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı vasitəsilə Birləşmiş Ştatların həyata keçirdiyi sayca 17-ci məktəb layihəsidir. Gələcək il üçün on səkkizinci məktəbin tikilməsi planlaşdırılır. Bərdə rayonundakı və digər rayonlardakı məktəb layihələri ABŞ-ın Avropa Komandanlığı və ABŞ Ordusu Mühəndislər Korpusu ilə işləyən ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı Şöbəsi vasitəsilə həyata keçirilib.
O da bildirilib ki, 2003-cü ildən etibarən ABŞ Müdafiə Nazirliyi, məktəb tikintisi və su təchizatı layihələri daxil olmaqla, Azərbaycanda məcburi köçkün ailələrinə yardım məqsədilə həyata keçirilən 23 humanitar yardım layihəsini maliyyələşdirmək üçün təxminən 6 milyon dollar vəsait ayırıb.