Bakıdakı Norveç səfirliyinin bağlanmasını bir neçə amillə izah etmək olar.
Bunu Teleqraf.com-a siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, Norveç Krallığı Azərbaycanın dövlət müstəqilliyini 2 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. 1998-ci ilin iyul ayının 22-də Norveç Krallığının Azərbaycanda səfirliyi açılıb:
“Təbii ki, səfirliyin açılmasına təsir göstərən ən önəmli amil “Əsrin müqaviləsi”ndən sonra bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki adı “Statoil”) şirkətinin Xəzərin Azərbaycan sektorunda neft və qaz hasilatı prosesində iştirak etməsi idi. “Equinor” şirkətinin səhmlərinin 60 faizdən çoxu Norveç dövlətinə məxsusdur. Hazırda isə bu şirkətin Azərbaycanda həm neft, həm də qaz hasilatındakı fəaliyyəti demək olar, yox dərəcəsindədir”.
E.Aşırlı qeyd edib ki, Norveç kimi böyük geosiyasi ambisiyaları olmayan ölkələr daha çox konsulluq və mərkəzi bir diplomatik nümayəndəlik yaratmaqla bütövlükdə region ölkələrindəki fəaliyyətlərini koordinasiya etməyə çalışırlar:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə görə Cənubi Qafqazın 3 respublikası ilə münasibətləri Bakıdan koordinasiya etmək onlar üçün çətinlik yaradır. Bu baxımdan həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistanla vahid mərkəzdən əlaqələr qurmaq üçün ən əlverişli nöqtə Tbilisidir.
Tbilisinin seçilməsində digər bir amil rolunu isə Avropa İttifaqı oynayıb. Zənnimcə, gələcəkdə İsveç, Finlandiya kimi bir sıra digər Avropa ölkələri diplomatik əlaqələrin qurulması üçün bir mərkəzdən idarə üsulunu seçsələr, onların da tərcih etdikləri ölkə Gürcüstan olacaq”.
Bununla belə, E.Aşırlı Norveç Krallığının Azərbaycandakı səfirliyinin bağlanmasının təəssüf doğuracaq bir hal olmadığını vurğulayıb.