14 Noyabr 2018 00:30
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görmə imkanları məhdud Zeynəb Ədalətqızı və Fərqan Arifoğlunun “Könül dünyası” adlı yaradıcılıq gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Rəşid Behbudov adına Mahnı Teatrında Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliklərinin təşkilatçılığı ilə baş tutub

Tədbiri giriş sözü ilə açan Qənirə Paşayeva əlil, şikəst sözünü qəbul etmədiyini söyləyib: “Bu sözü sevmirəm. Çünki insanın əsas şikəstliyi mənəviyyatı ilə, könlü ilə əlaqəlidir. İnsanın könlünün, mənəviyyatının şikəst olması əsl faciədir. Bu gənclərin sadəcə görmələrində məhdudiyyət var. Amma onlar dünyanın al-əlvan rənglərini öz qaranlıq dünyalarının könül gözü ilə sağlam insanların çoxundan yaxşı görürlər”.

Millət vəkili Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında fiziki imkanları məhdud şəxslərin həyat şəraitinin, məşğulluğunun yaxşılaşdırılması istiqamətində hər zaman mühüm işlərin görüldüyü vurğulayıb. Onun sözlərinə görə, bütün bunların fiziki imkanları məhdud şəxslərə dövlət səviyyəsində qayğı və diqqətin bariz nümunəsidir.

Qənirə Paşayeva tədbirə verdiyi dəstəyə görə üçün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə təşəkkürünü bildirib: “İnanırıq ki, bundan sonra fiziki imkanları məhdud insanlarla bağlı həyata keçirilən proqramlar, layihələr daha da artacaq”.

Millət vəkili Zeynəb Ədalətqızı və Fərqan Arifoğlu barədə fikirlərini bölüşüb: “Fərqanı və onun həyat yoldaşı görmə imkanları məhdud Yeganəni yaxından tanıdığıma görə çox məmnunam. Yeganə Azərbaycan Dillər Universitetini bitirib. Onun müəllim işləmək arzusu barədə Təhsil naziri Ceyhun Bayramova müraciət edərək dəstək göstərməsini xahiş etdik. Artıq o, işləməyə başlayıb.
Cənab nazirə dəstəyinə görə təşəkkür edirik. Onlarda qonaq olanda sintezatorda ifa edən Fərqanı kəşf etdim, səsinə valeh oldum, qərara gəldim ki, onu cəmiyyətə daha geniş təqdim etmək lazımdır. Zeynəbin isə jurnalist olmaq arzusunu Yevlaxda fəaliyyət göstərən televiziyada bir müddət işləməsinə kömək etməklə reallaşdırmağa çalışdıq və Zeynəb çox uğurlu fəaliyyət göstərdi. Tam sağlam, paytaxt televiziyalarında çalışan bir çox aparıcılardan daha dolğun, sərbəst və sərrast ifadələrlə danışması, veriliş aparması məni düşündürdü. Zeynəbin gözəl, ürəyəyatımlı, düşündürən, cəmiyyətə mesaj verən şeirlərini dinlədikcə, bayağı şeirləri ilə cəmiyyətdə özlərinə yer tutmağa çalışanları müqayisə etdim. Belə gənclərə hər kəs qapısını açmalıdır. Onlara dəstək olmaq vacib olduğu qədər də gərəklidir. Zeynəbi və Fərqanı görənlər deyəcəklər ki, əgər onlar bunu bacardısa, biz də bacara bilərik Tədbirin ən önəmli mesaji cəmiyyətədir. Bu insanlara kəm gözlə baxmayın. Şirkətlərinizin, iş otaqlarınızın qapılarını onların üzünə taybatay açın. Onlar çoxumuzdan daha həssas, daha bacarıqlı və daha qabiliyyətlidirlər”.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bütün insanları bu cür gənclərə daha böyük dəstəyə çağırıb.

Daha sonra gecə bədii hissə ilə davam edib. Sonda sözləri Zeynəb Ədalət qızına, musiqisi Fərqan Arif oğlunun aid “İnsanlıq ölməyib” adlı musiqi əsəri səsləndirilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər