16 Noyabr 2018 14:01
2 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisəsinin rəhbəri 5-10 ildən bir dəyişməlidir, müddət 20-25 il olanda belə hallar baş verir.

Bu sözləriTeleqraf.com-a Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun işdən azad olunmasını şərh edən professor Şahlar Əsgərov deyib.

Şahlar Əsgərovun sözlərinə görə, təhsil ocağına rəhbər təyinatı ilə bağlı qanunçuluq bazası yaratmaq, rektorun fəaliyyətini qanuna tabe etmək lazımdır: “Rektor ya seçilsin, ya prezident təyin etsin, amma bu prosedur qanunda öz əksini tapsın. Zənnimcə, rektorun fəaliyyət dövrü müddətli olmalıdır”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələri və təhsil qurumlarında bəzən xoşagəlməz hadisələr yaşanır: “Bu isə təhsilə, elmə, universitetlərə olan inamı sarsıdır. Fikrimcə, ali təhsil müəssisələrində sağlam mühit hələ də tam formalaşdırılmayıb, idarəçiliyə perspektivli şəxsləri gətirilməyib.

Bu cür neqativ faktlar təkcə bir universitetə yox, bütövlükdə Azərbaycan təhsilinə ziyan vurur. Abel Məhərrəmovun rektor fəaliyyəti bir anda gündəmdən çıxdı və o, təhsildən kənar bir məsələ ilə diqqətə çıxdı.

Son illərdə yüksək bal toplayan abituriyentlərin BDU-nu seçmə halları xeyli azalıb. Son hadisə də universitetin imicinə mənfi təsir göstərəcək və insanların BDU kimi flaqman universitetə inamını aşağı salacaq. Hesab edirəm ki, bundan sonra universitetin keçmiş imicinin yenidən bərpa olunmasına çalışmaq lazımdır. Bu isə yeni təyin olunan rektorun kimliyindən və onun işindən asılı olacaq”.

Təhsil ekspertinin fikrincə, BDU-da aidiyyəti qurumlar - Hesablama Palatası və Maliyyə Nazirliyi ciddi yoxlama aparmalı və qanun pozuntularını ortaya çıxarmalıdırlar.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun vəzifəsindən uzaqlaşdırılması rektor, akademik və məmur adına yaraşmayan əməllərlə məşğul olunması göstərilir.


Müəllif: Aytən