“Bir qrup radikal müxalifət nümayəndəsinin şəhərin mərkəzində keçirmək istədiyi aksiyanı onlar tamam başqa formada ictimaiyyətə təqdim etmək istəyirdilər. Guya onlar noyabrın 17-də sakit şəkildə Şəhidlər Xiyabanına getmək istəyiblər, polis onları saxlayıb və sair”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının şöbə müdiri Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, əslində məsələ tamam başqa cür olub və radikal müxalifət bunu gizlətməyə çalışır:
“Onlar 150 nəfərlik bir dəstə şəklində toplaşaraq, yol hərəkəti qaydalarını pozaraq şəhərin mərkəzindən Şəhidlər Xiyabanına tərəf yürüş etmək istəyiblər. Dünyanın heç bir yerində qəflətən yol hərəkəti qaydalarını pozaraq kütləvi aksiya keçirmək forması yoxdur. Ya bu əvvəldən razılaşdırılır, yaxud da hansısa ünvana gəlmək istəyənlər ora gələrək etirazlarını bildirirlər. Ancaq görünən ondan ibarətdir ki, radikal müxalifəti heç də şəhidlərin ruhuna hörmət etmək maraqlandırmır. Bütün diqqəti öz personalarına yönəltməyə çalışırlar”.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan polisi qanun çərçivəsində və kifayət qədər insani hislərə hörmət edərək özünü göstərdi:
“Avropa ölkələrində isə qeyri-qanuni aksiyaların iştirakçılarına heç də aristokrat münasibəti göstərmirlər. Onlara münasibətdə ən sərt zorakılıq tədbirləri görülür. Su şırnaqlarından istifadə edilir, zopalarla onların bellərinə, ayaqlarına vurulur, at təpiyi altına salınır, üstlərinə it qısqırdılır, əl-ayaqlarından tutaraq polis maşınına doldurulur və s. Bunu belə izah edirlər ki, ictimai asayişi təmin edirlər. Azərbaycan polisi heç zaman öz vətəndaşına qarşı Avropa polisinin etdiyi zorakılığı etməz. Bu gün radikal müxalifət və onu xaricdə dəstəkləyənlər anlamalıdırlar ki, söhbət Azərbaycan dövlətinin, ictimai asayişin qorunmasından gedir. Onların vaxtilə xarici ölkə mərkəzlərinin agentləri vasitəsilə həyata keçirdikləri artıq keçmişdə qaldı. 2018-ci il artıq Azərbaycanda dövlətçiliyimizin inkişafının növbəti yüksək mərhələsidir. Əli Kərimli və onun tərəfdarlarının köhnə təfəkkürü bu gün üçün işləmir. Bu gün Azərbaycan cəmiyyəti onu dəstəkləmir, Azərbaycan gəncliyi onu tanımır və onun siyasi baxışları cəmiyyətdə heç bir dəstək qazanmır. Hesab edirəm ki, Azərbaycan polisi öz səlahiyyəti çərçivəsində düzgün hərəkət etdi və ona qarşı edilənlər bir daha göstərir ki, qanun hamı üçündür və heç kimə güzəştə gedilmir”.