22 Noyabr 2018 09:01
13 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərovdur.

Aytən Yusifova: Anar müəllim, istərdik sizi daha yaxından tanıyaq...

- 1956-cı ildə Masallı rayonun Kolatan kəndində anadan olmuşam. Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuşam. O zaman universitetin binası indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Biz oranın sonuncu buraxılışı olmuşuq. 1973-ci ildə daxil olub, 1978-ci ildə bitirmişəm. Həmişə filologiya birinci növbədə, biz isə ikinci növbə oxumuşuq. Şəhərin mərkəzində maraqlı tələbəliyimiz keçib, sinif nümayəndəsi olmuşam. Sonra təyinatla rayona göndərilmişəm, onda məcburi təyinat var idi.

Əvvəl Boradigah qəsəbə orta məktəbində direktor müavini göndərdilər, cavan adam üçün böyük iş idi. Amma öz razılığımla işləmək istəmədim, çünki öz kəndimizdə ev tikmək arzum vardı. Qonşu kənddə işləsəydim ev tikə bilməzdim. Təyinatımı çox kiçik maaşa anadan olduğum kəndə dəyişdim. Rayonun maarif şöbəsinin müdiri Vəlihəd müəllim ixtisasca tarixçi idi, həm universitetdən mənə müsbət xarakternamə verilmişdi, həm sambo üzrə Azərbaycan çempionu olmuşdum, yetənə yetib, yetməyənə daş atırdım.

Kəndimizdə bir ev tikdim, adına Ermitaj deyirdilər, tikinti işi üç il yarım çəkdi. İki ildən sonra aspirantura üçün mənə teleqram gəldi, getmədim, çünki ev yarımçıq qala bilərdi. Tikintinin fəhləsi özüm idim, bir məktəbdən müəllim tapmışdım, ustalığını da o edirdi. İki mərtəbəli, heç kimin ağlına gəlməyən bir ev tikdim, amma çox başı bəlalı oldu, məhkəməyə düşdü, birinci katiblə bizim münaqişəyə girdik. Amma son nəticədə ev hazır oldu.

Bu gün kənddə kim mənim qonağım olursa, inana bilmir ki, 1979-19981-ci illərdə 140 manat müəllim maaşı ilə belə ev tikə bilib. Birinci mərtəbəni isə hələ də təmir eləməmişəm. Uşaq vaxtı görürdüm ki, kənddə iki mərtəbəli ev tikirlər, ikinci mərtəbə boş qalır. Bütün ailə birinci mərtəbədə rütubətli yerdə yaşayır. Özümə söz vermişdim ki, ev tikəndə birinci mərtəbəni təmir etməyəcəyəm, qonaq gələndə deməsin ki, elə birinci mərtəbədə də istirahət etmək olar. Evin birinci mərtəbəsi bu gün də uşaqların futbol oynaması üçün ən yaxşı yerdir.

Həyətdə nadir ağaclar əkmişəm, ilin bütün fəsli həyət yam-yaşıldır, gözəl güllərim var. Desəm ki, həyəti buradan idarə edirəm, inanın. O evlə bağlı xatirələrim dünyanın ən şirin xatirələridir, çünki ata yurdunda ev tikmək anamın vəsiyyəti idi.

Mən evi tikdim, səhəri darvazanı bağladım, heç kimin ağlına gəlməzdi ki, bir cavan oğlan gəlib, əzab-əziyyətlə evi tikib, sonra çıxıb Bakıya gedəcək. Bu gün də İstanbulda, Ankarada, harada olsam, o ev mənimlədir, heç vaxt yadımdan çıxmır.

Kənddə müəllim işləyəndə ixtisasımla bağlı çoxlu qəzetlərə abunə yazılmışdım, bir “Azərbaycan müəllimi” qəzetindən başqa. Məktəb direktoru qəribə adam idi, məni tanımırdı, mübahisə elədik, maarif müdirinin yanına qədər getdik. O eşidəndə ki, maaşımın həcmidən çox qəzetə yazılmışam. Soruşdu, Anar müəllim, niyə “Azərbaycan müəllimi”nə yazılmamısan, cavab verdim ki, mən özüm müəlliməm, dərdimi bilirəm, ehtiyac varmı bunu qəzetdən də oxuyam? Maarif müdiri üzünü direktora tutub dedi ki, bununla işin olmasın.

Tarix fakültəsinə girməyim də qəribə oldu. Hüquq fakültəsinə staj lazım idi, stajım atmadığı üçün sənədlərimi götürmədilər, kəndə qayıtdım.

Bütün ömrüm boyu anama minnətdaram, orta məktəbdə oxuyanda evə gələndə görmüşəm ki, hələ təndirə çörək yapılmayıb. Anam deyib ki, get filan qonşudan bir çörək al. O zaman kənddə belə şeylər adi hal idi. Amma anamın gözlərinə baxanda hiss eləmişəm ki, əslində o mənim çörək dalınca getməyimi istəmir. Ac da olsam getməmişəm. Və ya nehrə çalxalanmayıb, yağ bir azdan olacaq. Məni yağ dalınca göndərmək istəyib, hiss eləmişəm ki, ürəkdən demir, getməmişəm.

O öz övladlarına öyrətdi ki, qarın çox aşağıda yerləşir, baş isə ən yüksəkdə durur. Yarım saat dözsən öz çörəyin olar, bir saat dözən yağ yeyərsən... Uşaq yaşımdan anamdan dözüm öyrəndim, tələbəlik illərində elə vaxtlar olub ki, iki gün ac qalmışam, suyla kifayətlənmişəm.

Nəisə, sənədlərimi hüquq fakültəsinə götürmədilər. Kor-peşman kəndə qayıtdım. Belə fikirləşdim ki, hüquq fakültəsinə hərbi xidmətdən sonra sənəd verəcəm. Süleyman Rəhimovun “Mehman”ı məni əməlli başlı yoldan çıxarmışdı.

Anam mənə dedi, kənddə danışırlar ki, imtahan verə bilməyəcəyini bildiyi üçün qəsdən ali məktəbə sənəd verməyib. Bunu eşidib təkrar Bakıya qayıtdım və sənədlərimi tarix fakültəsinə təqdim etdim. Sənəd götürənlərdən xahiş etdim ki, məni qabağa salın, saat 5-də rayona gedən avtobusa çata bilim. Sağ olsunlar, 17 yaşlı bir kənd gəncinin xahişini eşidib, sənədlərimi götürdülər. Mən də avtobusa çatdım. İndi o insanlarla bir yerdə işləyirik...

Nərgiz Cavadzadə: Onlar kimlərdir?

- Biri BDU-da Qədim dünya və orta əsrlər kafedrasının baş müəllimi Nazilə Məmmədovadır. Təmiz, vicdanlı, səmimi bir ziyalıdır. O birisi isə Slavyan ölkələri tarixi kafedrasının professoru Tahir Baxşəliyevdir.

Üç imtahandan əla qiymət aldım. İmtahanlara gələndə anam mənə bir köynək almışdı. Köynək bahalı olsa da ölçüsü çox böyük idi. İndi də həmin ölçüdə köynək geyinirəm. Qapqara kənd uşağı, qapqara da şalvarım var idi. Ayaqqabım da elə o rəngdə idi...

Ədəbiyyatdan şifahi imtahanda Məmməd Rahimin “Leninqrad göylərində” əsəri düşmüşdü. Poemanı əzbər bilirdim. Müəllimdən xahiş etdim ki, mənə icazə versin, poemanı ayaq üstə söyləyim. Müəllimlər heç kimə yazılmayan beşi mənə yazdılar.

Mənsur Rəğbətoğlu: Marqlıdır, ateizmi qəbul eləmişdiniz? O zaman müəllimlərin çoxu ateist idi.

- Mənim anam seyid övladıdır, gözümü açıb evdə ata-anamı namaz qılan görmüşəm, mən də onlarla namaza başlamışam. Anamgilin kəndi Seyidobadır, çünki bu kənddə ancaq seyidlər yaşayır. Heç vaxt beynimdən keçməyib ki, döşümdə komsomol nişanı varsa, deməli, mən ateistəm. Yox, hətta Mirzə Cəlilin “Ölülər”ini də oxudum. Yəni fanatizmə lənət elədim, amma heç bir zaman Allahıma şübhə ilə yanaşmadım.

Uzun illərdən sonra Qafqaz Müsəlmanları İdarəsinin arxivini Azərbaycana gətirmək üçün beş il Gürcüstan arxivlərində çalışdım. Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal olunanda Qafqazın siyasi mərkəzi Tiflis oldu, Azərbaycanla bağlı bütün sənədlər Tiflis arxivlərində yerləşdirildi. Xoşbəxtlikdən Qafqaz Müsəlmanları İdarəsinə aid 60 min səhifəlik sənədləri Azərbaycana gətirə bildik.

Yəni demək istəyirəm ki, sovet dönəmində təbliğ olunan, sevilən insanların əksəriyyəti ilə bağlı fikirlər həqiqətdən uzaq imiş. O insanlar ki, Azərbaycan xalqına sahib durub, Azərbaycan xalqının maraqlarını Rusiya dövlətində təmsil ediblər, sovet dönəmində onların heç biri tarixdə öz yerini tapa bilməyib. Bunu əminliklə deyirəm, əgər XIX əsr Azərbaycan ədəbiyyat tarixi yenidən yazılsa, inanmıram, orada Qasım bəy Zakir və ya onlarla başqasına yer olsun.

Bütün XIX əsr boyu Rusiyanın işğalında olan Azərbaycanın söz sahibləri Qafqazın şeyxülislamları və müftiləri olub. Sabir xəstələnib, əməliyyat olunmalıdır, əməliyyat üçün pulu kim verməlidir? Şeyxülislam. Zakir və onun oğlanları həbs olunub, onları kim həbsdən qurtarmalıdır? Seyid Əzim Şirvani işsizdir, ona kim kömək etməlidir? Qori Müəllimlər Seminariyasının Qazax filialını təşkil etmək lazımdır, müəllimlərinin əmək haqqını kim verməlidir? Türk dili dərsini kim tədris etməlidir? Hamısını şeyxülislam...

Əgər siz bizim din adamlarının dini və dünyəvi əsərləri ilə tanış olsanız, mat qalarsınız. Çünki onların hər biri böyük maarifçi olublar, amma təəssüf ki, sovet ideologiyası onların hamısını bizim tariximizdən sildi. Çünki sovet adamı dindar ola bilməzdi.

Həsən bəy Zərdabi bizim üçün böyük zirvədir, sovetlər ondan imtina edə bilməsə də biz onu “Əkinçi”yə görə tanıyırdıq. Zərdabi dindar olduğuna görə sovet dövləti onu təbliğ etmək marağında deyildi.

İnsanlar iki cür olur – böyük şəxsiyyət və böyük əqidə sahibləri. Kimsə dahi ola bilər, amma görürsən ki, əli əyridir, nəfsi yerində deyil. Həsən bəy Zərdabi nadir adamlardandır ki, həm böyük şəxsiyyətdi, həm də böyük əqidə sahibi...

Mənsur Rəğbətoğlu: Sovet zamanında dinlərə basqı və təzyiq var idi, bu, təkcə islama münasibət idi, yoxsa xristianlar da eyni durumda idilər?

- 30-cu illərin repressiyası ilə bağlı bir fakt deyim. Mən Gürcüstan arxivində işləyəndə bir gürcü tarixçisi soruşdu ki, Anar müəllim, 30-cu illərin repressiyası ilə bağlı sizinlə bizim aramızda fərq nədir? Bizdə 30-cu illər repressiyasında eyni familyadan olan adam eyni familyalı adamı satmayıb. Tale elə gətirdi ki, mən Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə 30-cu illərdə repressiyaya məruz qalan din adamlarının taleyi ilə bağlı arxiv sənədlərini araşdırdım. Bizdə belə bir mənzərənin şahidi oldum: Xüsusi xidmət orqanlarına donos verənlərin əksəriyyəti biri-birinə qohum adamlar olub, yəni xalaoğlu, bibioğlu, dayıoğlu və s.

Biz sovet dövlətinə elə aludə olduq, elə bilirdik bundan o tərəfi yoxdur. Yeri gəlmişkən, bir şeyi də deyim. Xalq üçün ən böyük dəhşət şeir aludəçisi olmaqdır. Yəni xalq filoloji təfəkkürlə yaşamamalıdır. Əgər biz bu gün hamılıqla şeir yazıb “Qarabağ qayıtsın” desək, bu mümkün olan iş deyil.

Sovet dönəmində istəmişik ki, yalan-doğru pambığın çoxunu biz verək, tərəvəzi Rusiyanın ən ucqar yerlərinə göndərək, ən keyfiyyətli çayımızı başqalarına hədiyyə edək, ən səliqəli otağımızda da tanımadığımız birisini qonaq edək. Bu, şərqli düşüncəsidir.

Şərqli həyatı boyu şəxsiyyət əsiri olur, yəni İraqda Səddam Hüseyn olmasa, İraq xalqı nə edəcək ? Və ya filan müəllim bizə dərs deməsə bizim aqibətimiz necə olacaq ? Qərbli isə xaraktercə ideya əsiridir, demokratiya düşkünüdür.

Biz Sovet dövlətinə o qədər aludə olduq ki, Cümhuriyyətin bizə verdiklərini yaddan çıxartdıq, halbuki 23 ay yaşayan bu Cümhuriyyət qısa zaman kəsiyində 350 dəfə ilk dəfə sözünü deməyə bizə meydan verir. Yəni mən tribunaya çıxıb deyirəm ki, 100 il bundan əvvəl, 1918-ci ilin mayında ilk dəfə coğrafi məfhum olan Azərbaycan ifadəsi siyasi məfhuma çevrildi. 100 il bundan əvvəl Bakı ilk dəfə bütün Azərbaycanın paytaxtı olub.100 il bundan öncə ilk Azərbaycan parlamenti yaradılıb. Bu ilklərin sayını istənilən qədər sadalamaq olar.

Amma 1920-ci ilin aprel işğalından sonra heç bir ədəbiyyatda Azərbaycan Xalq Cümhuriyyəti ifadəsi işlənmirdi, 1918-1920-ci illərlə bağlı tarixçilərimizin dillərinin əzbəri “ingilislərə satılmışlar” və “osmanlıların əlaltıları” ifadələri idi.

Amma istənilən gürcü tarixçisinin 1918-1921-ci illərlə bağlı yazılan kitabına fikir versəniz, orda yazılır: “1921-ci il fevralın 25-də Gürcüstanın müstəqilliyinə son qoyuldu”.

Bu cümlədən sonra sovet dövlətini nə qədər desən təriflənib və 70 il ərzində gürcü tələbəsi bilib ki,1921-ci ilin fevralına qədər Gürcüstan müstəqil dövlət olub. Bəs biz nə yazmışıq? Doğrudur, bizim şair-yazıçılarımız həmişə tarixçiləri qabaqlayıb. Bizi işğal edən sovet Rusiyası bizdən şimalda yerləşir. Bizim ədəbiyyatda iddia olunub ki, şimaldan xoşbəxt, isti bir külək bizim ərazimizə daxil oldu və biz xoş günlərə çıxdıq.

Ona görə deyirəm ki, filoloji təfəkkür sahibləri heç vaxt Azərbaycana uğur gətirə bilməyib, hislərlə yaşayan insanların istəkləri heç zaman reallaşmır. Sovet dövləti yaxşı başa düşürdü ki, müstəqil bir dövləti məhv etmək üçün repressiya onun ziyalılarına qarşı olmalıdır. 20-30-cu illərdə bu repressiyaya start verildi. Din adamlarını da bu siyahıya daxil edən sovet dövləti 30-cu illərdə bu repressiyanı üç istiqamətdə apardı. Əsl din adamlarının böyük bir hissəsi sorğusuz-sualsız güllələndi, bir hissəsi Sibirə sürgün edildi, bir hissəsinin də səsi alındı. Bundan sonra fəhlə- kəndlini yola gətirməyə nə var idi ki? Çünki bizim din adamlarımız böyük maarifçi insanlar idi.

20-ci illərin ortalarında müstəntiq Cümhuriyyət dövrünün şeyxülislamı Ağa Əlizadənin evinə gələrək təhqiqata başlayır. Görür ki, Ağa Əlizadənin kitab rəfində Karl Marks, Fridrix Engels və Plexanovun əsərləri var. Soruşur ki, bu əsərlər sənin nəyinə lazımdır ? Cavabında Ağa Əlizadə deyir ki, mən bilməliyəm, sizin ideologiyanız nəyə xidmət edir, ondan sonra sizinlə danışım.

Səxavət Həmid: Repressiya şəraiti bizim öz istəyimizlə olmayıb axı...

- Xalqın istəyi siz nəyə deyirsiniz? Biri irəli çıxır, ideya verir və bu ideya ətrafında insanlar toplaşır. Dünyanın heç bir yerində eyni saatda eyni adamlar toplaşmır. Cümhuriyyət qurulması ilə bağlı Məmmədəmin Rəsulzadə yazırdı: “Birinci cahan müharibəsi olmasaydı, fevral burjua inqilabı baş verməzdi, fevral burjua inqilabı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti elan oluna bilməzdi”.

1918-20-ci illərdə qurulmuş dövlət birmənalı olaraq müstəqil dövlət olub. Bütün çətinliklərə baxmayaraq Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Paris sülh konfransını inandırdı ki, dünyada belə bir xalq var, onun müstəqil yaşamağa haqqı tanınmalııdr. Ona görə də 1920-ci il yanvarın 11-də Paris sülh konfransının Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdı. 1920-ci ilin aprelində XI rus ordusunu Azərbaycana heç kim çağırmamışdı. Bu, birmənalı olaraq işğal idi. Bir dövlətin ordusu müstəqil bir dövlətin sərhədini keçir, onun ərazisini, o cümlədən paytaxtını işğal edir və heç bir günahı olmayan vətəndaşlarını güllələyir.

Doğrudur, bu işğal bir az gec dərk edildi. Bu işğala ən böyük müqavimət 1920-ci ilin mayındakı Gəncə üsyanıdır. Rus işğalına qarşı mübarizədə 13 min gəncəli şəhid oldu. Çox zaman sual olunur: niyə Bakıda rus ordusuna qarşı müqavimət olmadı? O dövrdə Bakı Gəncə ilə müqayisə oluna bilməzdi. Bakı beynəlmiləl şəhər, Gəncə isə sırf müsəlman şəhəri idi.

1859-cu il Şamaxı zəlzələsinə qədər Bakı əsasən İçərişəhərdən ibarət idi. Yəni 24,5 hektar ərazidə 7 min əhali yaşayırdı. Şamaxı zəlzələsindən sonra qəza mərkəzi Bakıya köçdü. Neft istehsalının genişlənməsi ilə Rusiyanın ayrı-ayrı bölgələrindən bu əraziyə qeyri-azərbaycanlıların köçü başladı. Demoqrafik vəziyyətə görə Bakıda qeyri-azərbaycanlı əhalinin sayı xeyli artdı. XX əsrin əvvəllərində azərbaycanlıların “Hümmət” , “Difai”, “Müsavat” kimi siyasi təşkilatlarla yanaşı qeyri-azərbaycanlıların onlarla partiya və mətbuat orqanları var idi.

Ümumiyyətlə, Bakının yerli əhalisi heç bir zaman inqilabi düşüncədə olmayıb, çünki bu əhalinin Bakıda mülkü, yəni evi-eşiyi, Bakıdan kənarda isə torpaq sahəsi olub. Yəni bu insanlarda narazı düşüncələr çox az olur, ona görə də, sonradan Bakıya gələn qeyri-azərbaycanlılar daha üsyankar idilər. Təsəvvür edin ki, XI ordunun əsgər və zabitləri Bakıya daxil olanda rus və erməni əhali onları gül-çiçəklə qarşıladı. Çünki bu əhaliyə ruslar sərf edirdi.

Amma Gəncə milli Azərbaycan şəhəri idi, həm də ilk hökumət burada fəaliyyətə başlamışdı. Ona görə də Gəncə əhalisi müstəqilliklə əsarətin fərqini yaxşı bilirdi.

Mən Cümhuriyyətin parlamenti ilə bağlı maraqlı fikri sizinlə bölüşmək istəyirəm. Bilirsiz ki, 100 il bundan əvvəl dekabrın 7-də Azərbaycan parlamenti ilk iclasını keçirib. O zaman 28 min seçiciyə bir deputat yeri düşürdü, amma ölkədə parlament sənədlərinin dili ilə desək, bir ovuc alman, yəhudi, polyak və gürcü yaşayırdı. Parlament öz daxili qaydasını pozaraq onların hər birinə bir yer verdi, dünyanın heç bir parlamenti bunu etməzdi.

1919-cu ildə parlament qadın və kişiyə seçki bərabərliyi verdi. Avropa ölkələrinin əksəriyyətində bu, ikinci dünya müharibəsindən sonra baş verib. Parlamentin içində olan idarəçilik də fərqli idi. Elə bir qanun olmayıb ki, 5 -6 dəfə və hər bir fraksiyanın dinləməsi ilə müzakirə olunmasın.

Avropadan gələnlər indi də inanmır ki, vaxtı ilə bizim parlamentimiz belə tarixi qərarlar qəbul edib.

Mənsur Rəğbətoğlu: Bayaq qeyd elədiniz ki, Rəsulzadə heçdən bir cümhuriyyət yaratmışdı, təbii ki, bu, qarışıq bir situasiyaya təsadüf edir. Bu, təkcə Rəsulzadənin başladığı hərəkat idi, yoxsa Qərbin bir proyektinə çevrilmişdi?

- O zaman Qərbin düşüncəsində müstəqil Azərbaycan yox idi. 1919-cu il mayın 28-də ABŞ prezidenti Vudro Vilson Əlimərdan bəy Topçubaşovla Parisdə görüşəndə ona deyir: “Kartli-Kaxetiya, Georgiya məlumdur, Hayastan dünəndən məlumdur, bəs bu Azərbaycan hardan çıxdı?” Qərbin düşüncəsində Qafqazda həmişə iki xalq nəzərdə tutulub: erməni və gürcü. Məsələn, Almaniya üçün Qafqazda ən etibarlı partnyor gürcülər idi. Qərb dövlətlərinin heç birinin planında Cənubi Qafqazla bağlı 3 dövlət təklifi olmayıb, həmişə 2 xalq, iki dövlətdən söhbət gedib.

Bir daha vurğulamaq istəyirəm ki, Cümhuriyyətin qurucusu bir adam deyil, Cümhuriyyəti Azərbaycanın ziyalıları qurdular. Etiraf edək ki, Cümhuriyyət elan olunanda cəmi 76 ali təhsilli azərbaycanlı vardı. Amma Şərqdə ali dini təhsili olanlar bura daxil deyildi. Mart soyqırımına qədər azərbaycanlının düşüncəsində müstəqillik prioritet deyildi. Milli demokratik düşüncəli ziyalılarımız deyirdilər ki, fevral burjua inqilabından sonra əgər Rusiyada demokratik bir cəmiyyət qurulsa, Azərbaycan da onun tərkibində ərazi muxtariyyəti statusu almaqla qala bilər. Mart soyqırımından sonra Azərbaycanın milli demokratik ziyalıları dərk etdilər ki, şimalda heç bir zaman ədalətli dövlət qurula, Azərbaycan da onun tərkibində ərazi muxtariyyəti ala bilməz.

Mənsur Rəğbətoğlu: Bəs necə oldu ki, Qərb razılıq verdi?

- Birinci dünya müharibəsinin sonlarında planetin siyasi xəritəsi dəyişməyə başladı. Çar Rusiyası, Osmanlı Türkiyəsi, Almaniya və Avstriya-Macarıstan imperiyalarının çökməsi göz qabağında idi. Müharibənin ilk dövründə can verən Osmanlı bir azdan özünə gəldi, bu, bəlkə də Allahın bizə verdiyi şans idi. Birinci Dünya müharibəsinə girən Osmanlının hərbiyyə naziri Ənvər Paşanın planına görə, Rusiya məğlub edildikdən sonra onun işğalı altında olan müsəlman xalqları Böyük Turan dövləti adı altında birləşdiriləcək. Camal Paşanın planına görə isə Osmanlı xilafət torpaqlarını yenidən özünə birləşdirməli idi.

1915-ci ildəki Sarıqamış döyüşündə 90 min osmanlı əsgər və zabiti əsir düşdü. Osmanlının beli qırıldı.

Rusiyada burjua inqilabı baş verdi, çarizm devrildi və başı pozuqluq yarandı. Qafqazdakı rus ordusu nə edəcəyini bilmirdi, bu zaman Osmanlı artıq özünə gəldi və Cənubi Qafqazla bağlı hökmü o, verməli oldu.

Məlum olduğu kimi, 1877-78-ci illərdə rus-türk müharibəsində Osmanlı növbəti dəfə məğlub olaraq xeyli torpaq itirdi. Rusiya Qars, Ərdahan və Batuma sahib oldu. 1918-ci ilin martında Brest-Litovskda Almaniya ilə Rusiya arasında müqavilə imzalandı, təbii ki, bu müqavilə Osmanlıya aid idi, çünki Almaniya Osmanlının müttəfiqi idi. Rusiya Qərbi Ukrayna, Qərbi Belarus torpaqlarını qaytarmağa məcbur oldu, Qars, Ərdahan, Batum torpaqları da Osmanlıya qaytarıldı. O vaxt Cənubu Qafqazda azərbaycanlı, gürcü və ermənilərdən ibarət Zaqafqaziya Komissarlığı fəaliyyət göstərirdi. Seymdəki nümayəndələrin Osmanlı dövlətinə münasibəti fərqli idi. O dövrdə Osmanlının maraqları ilə Azərbaycanın maraqları üst-üstə düşürdü. Bu bizim taleyimizdə böyük rol oynadı.

Azərbaycan ziyalıları Osmanlıdan gecə-gündüz kömək diləyirdilər. Fevral burjua inqilabından sonra məlum oldu ki, erməni və gürcülərin Rusiya ordusunun tərkibində kifayət qədər əsgər və zabiti var. Amma 1876-ci il fərmanına görə, müsəlmanlar hərbi xidmətə aparılmır, əvəzində vergi verirdilər. Məlum oldu ki, Azərbaycandan bir dənə əsgər yoxdur. Müharibədə iştirak edən dövlətlərin taleyi Paris sülh konfransında həll olunurdu.

Tarix boyu Qərb dövlətləri Osmanlı imperiyasına düşmən kəsiliblər. Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövlətini parçalamaq üçün Fransa, İngiltərə, İtaliya və ABŞ-ın planları çoxdan hazır idi. Bu plana görə, Osmanlı imperiyası – Osmanlı dövləti, İstanbul dövləti və Ermənistan dövlətinə bölünməli idi.

Amma xoşbəxtlikdən Osmanlını bölmək istəyən dövlətlərin maraqları toqquşdu. Osmanlı imperiyası dağıldı, amma Türkiyə öz ərazisini qoruya bildi. Mustafa Kamal Atatürkün azadlıq mübarizəsi öz bəhrəsini verdi.

Mənsur Rəğbətoğlu: Atatürkə Azərbaycan cümhuriyyətçiləri arasında soyuq münasibətlər var idi. Osmanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına dəstək vermişdi deyə Atatürk geri addım atmalı oldu. Leninə məktub məsələsini də yada sala bilərik.

- Birinci Dünya müharibəsinin sonlarında Azərbaycanın ziyalıları özgə torpaqda, yad paytaxtda Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Elan olunan dövlət Gəncəyə gəldi, bu zaman Bakıda Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan Bakı Soveti qurumunun rəhbəri Şaumyanın 18 minlik ordusu Gəncədə milli hökuməti boğmaq üçün hücuma keçdi. Onda Osmanlı Qafqaz İslam ordusu deyilən bir ordunu bizim köməyimizə göndərdi. Bu ordu erməni-bolşevik qüvvələrinə qarşı mübarizədə 1300 şəhid verdi.

1918-ci il oktyabrın 30 da Mudros barışığına görə Osmanlı məğlub dövlət elan olunur və Osmanlı ordusu Cənubi Qafqaz torpaqlarından, o cümlədən Bakıdan çıxmalı idi. Noyabrın 10-da ordu Bakını tərk edərkən əhali onları göz yaşları ilə yola saldı və noyabrın 17-də general Tomson başda olmaqla ingilis qoşunları Bakıya daxil oldu.

1919-cu ildə Atatürk Sivasa çıxanda çıxışında deyirdi ki, “İttihad və Tərəqqi” yanlış olaraq Qafqaza ordu göndərdi, çünki özü ağır vəziyyətdə idi. Amma Atatürk bir cümlə belə işlətmir ki, Azərbaycana niyə ordu göndərilib...

1920-ci ilin aprelində Leninə göndərilən məktubu isə Azərbaycan tarixçiləri yanlış olaraq Mustafa Kamal Atatürkün adı ilə bağlayırlar. Məsələnin mahiyyəti budur ki, Birinci Dünya müharibəsi başa çatandan sonra Qərb dövlətləri həm Osmanlını, həm də sovet Rusiyasını parçalamaq istəyirdilər. Rusiyada vətəndaş müharibəsi gedirdi. Bu nəhəng ərazi bir çox çar generalları tərəfindən idarə olunurdu. Generalların siyahısına Kolçak, Denikin, Yudeniç, Vrangel, Dutov və başqaları daxil idi.

Vaxtilə Atatürk yazırdı ki, heç bir Qərb dövləti İstanbulun Bosfor və Dardanel boğazının bizlərə məxsus olduğunu qəbul etmək istəmir. Ona görə də həm sovet Rusiyası, həm də Mustafa Kamal Atatürk keçmişin bütün müharibələrini unudaraq tarixin müəyyən məqamında müttəfiq kimi hərəkət etməyə başladılar.

Əvvəla, məktub Moskvaya may ayının ortalarında çatdı. Halbuki 1920-ci ilin aprelin 25-dən 26-na keçən gecə XI rus ordusu Azərbaycan ərazisinə daxil oldu. Son dövrün tədqiqatları göstərir ki, məktub Naxçıvanda Kazım Qarabəkir tərəfindən hazırlanmış və müəyyən mülahizələr baxımından Mustafa Kamal Atatürkə göndərilmişdi. Bir daha demək istəyirəm ki, məktub Moskvaya çatmamışdan çox-çox qabaq Azərbaycan rus ordusu tərəfindən işğal olunmuşdu.

Amma Naxçıvanın Azərbaycanın tərkibində qalmasında Mustafa Kamal Atatürkün müstəsna xidməti oldu. Mustafa Kamal Atatürk Leninə yazırdı: “Naxçıvan Azərbaycanın tərkibində qaldığı təqdirdə Veysəl Paşanın rəhbərlik etdiyi türk ordusu Naxçıvanı tərk edə bilər. Doğurdan da Moskva və Qars müqavilələri ilə Naxçıvanın Azərbaycana məxsus olması təsdiqlənəndən sonra türk ordusu bu ərazini tərk etdi. Hətta müqavilə bağlanandan sonra köməkçi gəlib Atatürkün qulağına deyir ki, Paşa, müqavilə bağlandı, amma bizim Naxçıvanla quru yolumuz kəsildi. Atatürk öz şəxsi pulu ilə İran tərəfdən qızıl pulla 11 km ərazini aldı.

O gündən bu günə bir Azərbaycan Respublikası var, bir də Naxçıvan Muxtar Respublikası. Necə olur, eyni dildə danışan bir xalqın həm muxtar respublikası, həm də müttəfiq respublikası olur, dünya təcrübəsində belə şey yoxdur. Naxçıvanın Azərbaycanın tərkibində qalması birmənalı olaraq Atatürkün xidmətidir.

Mənsur Rəğbətoğlu: Bəs niyə məktubu Atatürkün adına çıxırlar?

- Tarix bizə olduğu kimi çatdırılmır ki?.. Birmənalı olaraq məktubun müəllifi Kazım Qarabəkir Paşadır, bu dövrlə məşğul olan tarixçilər üçün bu məsələdə heç bir mübahisə yoxdur.

Səxavət Həmid: Sovet dövründə tarix elmi qarşısında hansı tələblər qoyulurdu?

- Hər şey rus tarixinə istinadla yazılmalıydı. Universitetdə Azərbaycan tarixi kafedrası vardı, olmasa ondan yaxşıydı. Amma SSRİ tarixi kafedrasının müəllimlərinin sayı Azərbaycan tarixi kafedrasının müəllimlərinin sayından 10 dəfə çox idi. O dövrün kitablarına diqqət yetirəndə görürsən ki, Müsavatın düşmən siyasəti ilə bağlı nə qədər təhqirli sözlər yazırsansa, qəhrəman elan olunursan.

1918-ci ilin mart soyqırımı ilə bağlı bu gün danışmağa nə var? Amma sovet dövründə belə qələmə verilirdi ki, guya vətəndaş müharibəsi olub, günahkar Azərbaycanın milli demokratik ziyalılarıdır. Ümumiyyətlə belə fikir formalaşdırılırdı ki, sovet dövləti olmasaydı, Azərbaycan xalqı da olmayacaqdı.

Ö zaman müttəfiq respublikaların hamısı formal fəaliyyət göstərirdi, hər şey Moskvada həll olunurdu. 60-cı illərdə Xruşşov deyirdi ki, hər yerdə qarğıdalı əkilsin, Azərbaycan rəhbərliyi etiraz edə bilməzdi ki, tutalım, Yardımlı dağ yeridir, dağın başında nə qarğıdalı? Mərkəzdən nə gəlirdisə, sənin borcun onu icra etmək idi.

Sovet dövlətində 30-cu illərdə tarix dövlət siyasətinə tabe edildi. Nə istədi, elə də yazdırdı.

Qurban Yaquboğlu: Siz tarixçi olaraq ilk dəfə Azərbaycan Cümhuriyyətinin, bayrağının mövcudluğunu nə vaxt eşitdiniz, bu haqda nə zaman xəbər tutdunuz?

- 1984-cü ildə amerikalı tarixçi qadın Odri Alışdat universitetin tarix fakültəsinə staj keçməyə gəldi. Mən onda indi rəhbərlik etdiyim kafedranın baş laborantı idim. Rektor Faiq Bağırzadə mənə dedi ki, səni Odri Alışdata təhkim edirəm, hara lazımdırsa ora apar. O qadın qısa müddətdə türk dilini elə gözəl öyrənmişdi ki... Özü də Azərbaycanın milli geyimindəydi. Birinci dünya müharibəsi dövrü ilə məşğul idi, Tiflisdə, Moskvada olmuşdu, sonra da Bakıya gəlmişdi. Qəribə şeylər soruşurdu. Məsələn, soruşurdu ki, sən bilirsən, Müsavat necə partiya olub? Gürcülərdə sosial-demokrat, ermənilərdə Daşnaksütun, sizdə də Müsavat milli partiyası olub. Daha sonra partiyanın qurucusunun kimliyini soruşurdu, deyirdim, bizim kitablarda bu haqda heç nə yazılmayıb axı.

Deyirdi, sən bilirsənmi ki, 1918-20-ci illərdə sizin dövlətiniz olub...

Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Moskvadan Qırmızı Professorlar İnstitutunun məzunları Bakıya ezam edildi. Onların qarşısında belə bir tapşırıq qoyulmuşdu. Onlar sübut eləməli idilər ki, 1920-ci ilin aprelində Azərbaycan xalqı inqilab edərək müstəqil hökumətini devirmiş və kömək üçün Sovet Rusiyasına müraciət etmişdilər. Sovet Rusiyası da XI rus ordusunu Azərbaycan xalqının köməyinə göndərmişdi. Qırmızı Professorlar İnstitutunun məzunlarından olan Sef, Ratqauzer, Rayevski, Pçelin, Popol və başqaları bolşevik sifarişini uğurla yerinə yetirdilər.

Lakin bu əsərlərdə elə məqamlar var ki, aovet dövləti onlarla razılaşa bilmədi. 30-cu illərin ortalarında bu müəlliflər güllələndi, əsərlər isə yasaq edildi.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bu əsərlər bizim həyatımızda mühüm rol oynadı. Ona görə də 90-cı illərin əvvəlləri üçün 1918-20-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım probleminin tarixşünaslığını doktorluq işi kimi götürəndə mərhum akademik Püstəxanım Əzizbəyova təsdiq etmək istəmirdi, amma həyat göstərdi ki, Azərbaycan tarixində ən çox təhrifə məruz qalan 1917-20-ci illər tarixidir.

Soyqırımın ilk mənbələri ilə məşğul olanda doğurdan da dəhşətə gəldim. Bu gün də heç bir azərbaycanlı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən bir səhifəni həyəcansız oxuya bilməz.

Necə olur, sən xırda qız uşaqlarının saçından as, erməni uşaqlarına silah ver ki, gülləni hara istəsən vura bilərsən... Azərbaycan hökuməti Paris sülh konfransına şəkil göndərmişdi, şəkildə ana öldürülüb, uşaq onu əmir, balaca bir it küçüyü isə uşağın ayağını gəmirir.

Yaxud Bayıldan Mayılov teatrına qədər iki gün Azərbaycan qadınlarını ayaq üstə saxla, balaca erməni uşaqlarına soyuq silah verib de: “Bir-iki bizimki, bəs deyirdiz Bakı bizimki?.. Reaksiya verən azərbaycanlı qadını ən ağır şəkildə cəzalandırırdılar. Bu sənədləri oxuyanda dəhşətə gəlirsən ki, Bakının küçələrində öldürülən insanlar, onlara verilən zülm, 70 il bizə öyrədilənlə real tarix tamam ayrı şey olub.

Amma nə yaxşı ki, 1918-ci il iyulun 15- də Gəncədə Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya 36 cilddən ibarət sənəd hazırladı. Bakıda, Şamaxıda, Qubada öldürülən adamlara nə qədər ziyan dəyib, necə olub, tarixi abidələr necə məhv edilib, hamısı sənədləşdirildi.

Sovet dövründə bizim mərkəzi dövlət arxivlərimizə 4 erməni rəhbərlik edib, nə yaxşı həmin sənədləri yandırmayıblar.

Səxavət Həmid: 1989-cu ildə sovet hakimiyyətinin qurulması ilə bağlı dissertasiya yazıb elmlər namizədi adını almısız. 1988-ci ildə xalq hərəkatının başlandığı bir çağda nədən bu mövzuya müraciət etdiniz?

- Mənim müdafiəmə Moskvadan iki nəfər gəlmişdi. Dissertasiyada ilk dəfə Bakı kommunasının Azərbaycan tarixində oynadığı mənfi rolu işıqlandıra bildim. Hətta dövrün tədqiqatçısı, müdafiə şurasının üzvü professor Hacıbaba Əzimov etiraz əlaməti olaraq iclası tərk etdi. Mən yazılan əsərləri təqdir eləməmişəm, əksinə onlara münasibət bildirmişəm.

Bir dəfə akademik Tofiq Köçərliyə əl verdim, əlimi geri çevirdi, dedi, sən məni tənqid eləmisən. Dedim, mən sizin “tarixi saxtalaşdıranlar əleyhinə olan” kitabınızı tənqid eləmişəm, mən sizi niyə tənqid edim ki... Tarixşünaslıq canlı insanı tənqid eləmir. Tarixşünaslıq başqa elmlərdən ona görə fərqlənir ki, kim nə yazıb, ortaya qoyursan, düşüncən varsa təhlilini verirsən. Dissertasiya mənə imkan verdi ki, bütün həyatımı tarixşünaslıqla bağlayım.

Akademik Cəmil Quliyevlə bağlı bir tənqidi fikrim vardı. Onun da mənimlə münasibəti yaxşı deyildi. Məqaləmdə yazmışdım ki, Cəmil Quliyevin əsəri mənbə baxımdan Azərbaycanda nadir əsərlərdəndir, bu şərtlə ki, müəllifin özünün şəxsi fikirləri oradan çıxarılsın. Mənim bu fikrimdən sonra biz barışdıq.

2003-cü ildə AXC-nin 85 illiyi bağlı beynəlxalq konfrans keçirilirdi, Konfrans martda başladı, mayda bitdi, Azərbaycan tarixində ən böyük konfransıydı, 18 iclası olmuşdu. Birinci iclasda mən AXC-nin tarixşünaslığından çıxış edəndə çox dəhşətli vəziyyət yarandı. Azərbaycan sovet hakimiyyətinin qələbəsi ilə bağlı kitab yazanlar fiziki təzyiqə keçmək istəyirdilər. Sonra mənim 30 dəqiqəlik çıxışım Prezident Aparatına aparılmış, o zamankı dövlət başçısı baxaraq demişdi, çox normaldır, əladır, amma qocaları da o qədər qızışdırmayın.

Mən 2008-2014-cü illərdə Tiflisdə arxivdə olanda gördüm yaşlı insanlar arxivə gəlir. Bir gün birinin qoluna girib soruşdum ki, siz kimsiniz, dedi akademikəm, niyə gəldiyini soruşanda isə qayıtdı ki, o zaman Gürcüstanda sovet hakimiyyətinin qələbəsi ilə bağlı kitablar yazılanda günahlarımız olub, indi günahlarımı yumağa gəlmişik.

Səxavət Həmid: Yeni yazılar yazırdılar?

- Bəzən belə sual verirlər ki, sən sovet dövründə yaşasaydın necə yazardın? Təbii, mən də onlardan biri olardım... Çünki ideologiyanın əleyhinə gedən ya güllələnir ya da Sibirə sürgün olunurdu. Amma qismət elə gətirdi ki, biz SSRİ-nin dağılması və Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi dövrünə düşdük. Kim istəyər ki, onu güllələsinlər, amma gürcü tarixçiləri kimi müəyyən həqiqətləri yazmaq mümkün idi.

Səxavət Həmid: SSRİ-nin bütün dövrlərində güllələmə olmayıb axı, misal üçün, 30-cu illərdə sərt repressiya aparılıb, amma 60-cı illərdə rejim yumşalıb.

- 20-30-cu illərdə bizim tariximizi yazan qeyri-azərbaycanlılar, yəni dediyim kimi, Qırmızı Professor İnstitutunun məzunları olub. Əlimərdan bəy Topçubaşovun məktublarını Rayevski öz kitabına daxil edib deyə gəlib bizə çatıb. Onun kitabında olmasaydı, indi o məktublar əlimizdə yox idi. 20-30-cu illərdəki insanlarda bir az ədalət var idi, bu insanlar müəyyən həqiqətləri yazırdı. Onların kitabları yasaq oldu, özləri isə güllələndi.

1989-cu il meydan hərəkatında hamı Rayevski, Ratqauzer, Sefin kitabınlarını axtarırdı, baxmayaraq ki, sovet tarixçilər olmuşdular. 40-cı illərdən sonra Azərbaycan tarixçiləri bir təltifə görə hər şeyi təhrif etdilər. 70-80-ci illərdə isə tarixçilər Azərbaycanda sovet hakimiyyətinin qələbəsi ilə bağlı minlərlə kitab yazdılar. Bu kitablarda dövrün qəhrəmanı Şaumyan, xalqın düşməni isə Azərbaycanın milli demokratik ziyalıları təsvir olunurdu. Bu əsərlərdə Cümhuriyyət dövrü tənqiddən daha çox təhqir olunurdu.

Müəllim savadca hamıdan yuxarıda dayanmaya bilər, amma onun ədaləti yerində olmalıdır. Onda şagird və ya tələbə onu sevir. Bütün ömrüm boyu böyük filosof professor Ənvər Əhmədovun bir neçə fikrinə əməl edə bilmişəm. Abbasqulu Bakıxanovu Azərbaycan oxucusuna olduğu kimi çatdıran Ənvər müəllim deyirdi: “Heç vaxt tələbənin cibinə baxma”. Baxmadım!

“Heç vaxt qız uşağına iki yazma.” Yazmadım! “Çalış ixtisasını hamıdan yaxşı bil, amma qürrələnmə”. Elə də etdim...

Aytən Yusifova: Anar müəllim, eşitdiyimizə görə müəllim olmaq istəməmisiniz...

- Doğrudur, müəllim olmamaq üçün bütün SRRİ-ni gəzdim, amma Allahın qismətindən qaça bilmədim. O zamandan indiyə qədər bir duam dəyişməz qalır : “İlahi, mən ədalətli və savadlı müəllim olmağa çalışacam, amma məni müəllim maaşına möhtac eləmə”. Allahımdan razıyam ki, duam müstəcəb oldu.

Bir dəfə televiziya verlişlərindən birində dedim ki, Azərbaycanda ən varlı müəlliməm, həmişə abituriyent hazırlamışam, dövlət işlərinə dəvət etsələr də getmədim. Hər ay 3500 dollar halal zəhmətlə pul qazanmaq hər oğulun işi deyil. Nə qədər qaçqın, şəhid uşaqlarını təmənnasız hazırlamışam. Heç bir tələbəni övladımdan ayırmamışam.

Həyatın bütün üzünü görmüşəm, pulsuzluğu da, etibarsızlığı da görmüşəm, amma heç kimdən heç nə istəməmişəm, Allahımdan istəmişəm. 40 ilə yaxındır ki, BDU-da çalışıram, vaxtilə indi rəhbərlik elədiyim kafedraya baş laborant gəldim. Azərbaycan gəncliyinə ümidlə baxmışam, heç vaxt deməmişəm ki, narazıyam.

Səxavət Həmid: İndi də 3500 dollar qazanırsınız?

- 1997-2009-cu illərdə o qədər qazanırdım. Mən 12 uşaq olan ailədə dünyaya gəlmişəm. Həyatda heç bir zaman kiminsə haqqına girməmişəm, olsa da bilərəkdən olmayıb. 2016-cı ildə dövlət başçısı məni “Vətənə xidmətə görə“ ordeni ilə təltif etdi. Yeganə ali məktəb müəllimiyəm ki, bu ordenlə təltif olunmuşam.

Şeyx həyatımda ən böyük insandır. Həyatımın ən ağır günləri olub, bir böyrəyimi itirmişəm, ürək əməliyyatı olmuşam, ondan da ağır əməliyyatım olub, amma Allahıma şükür edirəm ki, yaşayıram və fəaliyyət göstərirəm.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər