Sol əllə yeyib, sol əllə iş görüb, elə həmin əllə də yazan insanlarla vaxtaşırı qarşılaşırıq. Ola bilsin, qohum və yaxınlarımız arasında da belələri var.
Solaxaylara Romada pis baxsalar da, kilsə xadimləri onları şeytan adlandırıb yandırsalar da araşdırmalar göstərir ki, belələrinin bilik və bacarığı, informasiya qəbul etmək xüsusiyyəti başqalarından yüksəkdir.
Statistikaya görə, solaxaylığa daha çox kişilərdə rast gəlinir, onların da yarıdan çoxu rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur.
Əbəs yerə solaxaylardan danışmadıq, çünki yazımızda solaxay məktəblilərdən və onların üzləşdiyi problemlərdən bəhs edəcəyik.
“Bir müddət əvvəl fikir verdim ki, oğlum qələmi sol əllə tutaraq yazmağa çalışır. Karandaşı verəndə də gördüm, onu sol əllə tutaraq şəkil çəkməyə çalışdı. Açığı, bu hal məndə narahatlıq yaratdı”.
Bu sözlər AMEA Folklor İnstitutunun aparıcı elmi işçi və övladı solaxay olduğu üçün narahat olan valideyn Əpoş Vəliyevə aiddir. Onu narahatçılığına səbəb isə yaşadığı təcrübə və ətrafında gördükləridir.
“Biz orta məktəbdə oxuyanda solaxayları sağla yazmağa məcbur edirdilər. Səbəb kimi sol əllə yazanda parta yoldaşına mane olmağı göstərirdilər. Bəzən iş o yerə çatırdı ki, uşağın sol əlini yanına bağlayır, sağla yazmağa məcbur edirdilər. Həmin uşaqların çəkdiyi əziyyət, onlara vurulan psixoloji travma gözümün önündən getmir. Qohumlarda bir müddət əvvəl sol əllə yazan uşağı sağla yazmağa məcbur etdilər. Valideynləri indi həm xəttinin pisləşdiyini, həm də əvvəlki kimi yazmağa həvəs göstərmədiyini deyirlər.
Oğlum qaşığı, çəngəli sol əllə tutur, topa da sol ayaqla zərbə vurur. Bu o deməkdir ki, tam solaxaydır. İki ildən sonra məktəbə gedəcək. Məktəbdə necə olacaq? Bir valideyn kimi narahatam. Bilmək istəyirəm ki, sol əllə yazan uşağı sağla yazmağa məcbur etmək doğrudurmu?”
Digər valideyn Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının vitse-prezidenti Könül Məmmədzadə deyir ki, qızı sol əllə yazır: “Zamanında müəlliməsi etiraz etsə də mən sağ ələ dəyişməsini istəmədim. Tərifləmək kimi çıxmasın çox istedadlı qızdır. İki dəfə Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına kamera-simfonik orkestri ilə konsertdə solo çıxışlar edib, gözəl pianist, musiqiçidir, bundan başqa gözəl rəsmlər çəkir, indi ADU-da təhsil alır”.
Jurnalist Tahirə Əlirzayeva deyir ki, özü solaxaydır, ancaq uşaq vaxtı müəllimlər onu sağla yazmağı öyrədiblər: “Zamanla araşdırdım ki, solaxay insanların sol beyin yarımkürəsi daha aktivdir. Həmin adam sağ ələ keçəndə psixoloji baxımdan narahat olur. Baxdım ki, qızım qələm tutmağa başlayanda sol əldən istifadə edir, bir neçə psixoloqla danışdım, dedilər, dəyişdirməyə çalışma. Ancaq bağça və məktəb müəllimləri öz rahatlığı üçün qızımı sağ ələ keçirmək istədilər, mən razı olmadım.
Uşaq solla yazır, müəllim onu sağa keçirmək istəyəndə psixoloji travma alır, sağ əllə yaza bilmir deyə narahat olur, ağlayır. Ona görə müəllimlərə tapşırdım ki, məcbur etməsinlər. Düşünürəm ki, müəllimlərin özünə bununla bağlı maarifləndirici dərslər keçilməli, həmçinin valideynləri maarifləndirmək lazımdır ki, övladlarını psixoloji travmadan qoruya bilsinlər”.
Bəs təhsildə sağ əllə yazmağın zərurəti ilə bağlı qanun varmı?
Təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, tibbi və psixoloji cəhətdən uşağı məcbur etmək olmaz ki, sağ əllə yaz. Təəssüf ki, bunu təkcə məktəbdə müəllimlər yox, evdə valideynlər də edir: “Fikrimcə, bu, düzgün deyil, uşağa mənfi təsir edir. Qanunla uşaqlara müəyyən vərdişlərin tərgidilməsi qadağan edilir ki, bu vərdiş də ora addir. Genetik olaraq doğuşdan yaranmış belə vərdişlərin valideyn və müəllimlər tərəfindən məcburi tərk edilməsi doğru deyil”.
Bakıdakı 176 nömrəli orta məktəbin psixoloqu Qəmər Bünyadova deyir ki, ümumiyyətlə müasir təhsildə uşağın sağ əllə yazması vacib deyil: “Hətta yanaşma belədir ki, belə uşaqları incitməyin, onlara tolerant yanaşın, dözümlülüyünüz olsun. Uşaqlar necə yazırlarsa elə də yazsınlar , bu, qəbahət sayılmır.
Sadəcə, sol əllə yazmaq uşağın özü üçün bir az çətindir. Çünki o bədəninin sol hissəsini işlədir, ağırlıq ora düşür, ürək də o hissədə yerləşir. Zaman keçdikcə bu, onurğasına da təsir edir, inkişafda olan uşaqlar sol əllə yazanda bu onların qamətinə təsir edir. Bəzən yazdığı yazının üstündən cızır, qaralayırlar. Həm də qələmi tutmaq qaydaları var ki, solaxay uşaqların hərəsi qələmi bir cür tutur. Sağla yazanlar hamısı eynidir, sol əllə yazanlarda isə demək olar, hamısı fərqlidir.
Bəzi uşaqlar sol əllə yazsa da sağla yazdığımız kimi yazır, ancaq bəziləri də var, yuxarıdan aşağı – qələmi qəribə tutur. Tamamilə qolu, boynu əyilir, amma belə yazmaq ona rahat gəlir”.
Bəs belə yazı tərzi onun parta yoldaşına təsir edirmi?
Qəmər Bünyadova: “Diametrik durduğu üçün sol əllə yazan uşağın iş sahəsi geniş olsa, daha yaxşı olar, çünki o əyilir, amma bu, çox da vacib deyil . Əvvəllər, sovet dövründə təlimdə məcbur edirdilər ki, uşaqlar sağ əllə yazsınlar, o mütləq idi. İndiki dövrdə sol əllə yazmağa icazə verilir. Uşaqları narahat etmək olmaz, bu onları əsəbi edir. Məktəbin yükü, üstəlik sağ əllə yazmağa məcbur eləmək onları gərginləşdirir”.
Uşağı sol əldən sağ ələ keçirtmək üçün nə etmək lazımdır?
Qəmər Bünyadova deyir ki, artıq qeyd elədim, uşağı məcbur etmək düz deyil: “Amma cəhd edilsə, oyun formasında, interaktiv üsullardan istifadə hesabına öyrətmək olar. Məsələn, sağ əllə muncuğu, düyünü qabağına yığsın. Məsləhətdir ki, valideynlər, yavaş-yavaş, tədricən onlara bütün işlərini sağ əllə görməyi öyrətsinlər. Barmağın ucunda sinirlər var, sağ əldəki sinirləri oyatmaqla sağ ələ keçidi gerçəkləşdirmək olar. Bunu da uşağı incitmədən etmək lazımdır, çünki solaxaylıq beyinlə əlaqədardır”.
Belə uşaqlar digər uşaqlardan fərqlənirlərmi? Qəmər Bünyadovanın sözlərinə görə, belə uşaqlar başqalarına nisbətən daha aktiv olurlar: “Mən özüm müşahidə etmişəm, belə uşaqlar müsbət mənada bir az fərqli olurlar. Sadəcə onlar sol əllə yazıb özlərini incidir, tez yorulurlar. Dahilərimizdən, aktyorlarımızdan çoxu solaxaydır, sol əllə rahat yazıb- işləyirlər, özlərini də yaxşı hiss edirlər”.
Pedaqoqlar bu barədə nə düşünür? Təcrübələrində rast gəliblərmi?
246 nömrəli liseyin ibtidai sinif müəlliməsi Sevda Namazova deyir ki, əvvəllər sol əllə yazan uşaqlarla az rastlaşırdı, axır vaxtlar çoxalıb: “Bu uşaqlarla işləmək biz ibtidai sinif müəllimlərinə çətindir. O biri uşaqlardan heç bir fərqi yoxdur, hələ bir az da üstündürlər, məsələn, riyaziyyatı daha yaxşı qavrayırlar. Sadəcə, beynin sol yarım kürəsi inkişaf edir deyə onlar solaxaydırlar. Mən heç vaxt onların üstünə gedib məcbur eləmirəm ki, sağ ələ keçsinlər. Çünki onlar üçün bu həm çətindir, həm də gecdir.
Bəlkə də valideyn uşağın bir yaşında hiss eləsə ki, solaxaydır, sağa keçirə bilər. Mən öz qızımda bunu hiss elədim, oyuncağı götürəndə ən çox sol əlini atırdı, yemək yeyəndə sol qaşığı götürürdü. Mən onu sağ ələ keçirdim, gördüm ki, alındı. Amma sinifdə bunu etmirəm. Bu uşaqların xətti bir o qədər yaxşı olmur, ancaq demək olmaz ki, o biri uşaqlardan geri qalırlar. Praktikamda həm sağ, həm sol əllə yaza bilən uşağa rast gəlmişəm.
Belə uşaqların getməyin yeri yoxdur, çünki balaca vaxtından belə vərdiş ediblər. Əgər parta yoldaşına mane olursa onların yerini dəyişmək olar. Sol əllə yazmağa başlayırsa, solla da davam etməsi yaxşıdır. Qoy onun savadı, dünyagörüşü, ünsiyyət və nitq qabiliyyəti yüksək olsun”.
Belə nəticəyə gəlmək olar ki, solaxay uşaqların məktəbə tam hazır olması üçün onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə vurmamaq lazımdır. Uşağı ağ ələ keçməyə məcbur etmək düzgün deyil, kim bilir bəlkə də gələcəyin məşhur simaları yetişir.
Çünki dünyada solaxay məşhurlara misal olaraq Janna d,Ark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Yuli Sezar, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Niron, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük karl, Uinston Çörçill və Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton, Barak Obamanı göstərə bilərik.
Hətta onların dünyada ayrıca günü də var: 13 avqust solaxaylar günüdür.