29 Noyabr 2018 12:54
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol kənarında quraşdırılmış avtobus marşrutlarının keçdiyi xətti, intervalı, nömrələri və s. məlumatları əks etdirən lövhələrlə paytaxt sakinləri demək olar ki, hər gün rastlaşır. Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, heç də bütün lövhələrin yanında avtobus gözləyən sərnişinlər üçün ayrılmış dayanacaqlarda pavilyonlar quraşdırılmayıb. Ən azından bu pavilyonlar sərnişinləri yayda qızmar günəş şüalarından, qışda isə yağışdan, qardan qoruyur.

Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev Teleqraf.com-a bildirib ki, daxil olan vətəndaş müraciətləri, eyni zamanda mütəxəssislərin apardığı təhlillər nəticəsində zərurət olan yerlərdə avtobus dayanacaq məntəqələri müəyyən edilir və müvafiq nişanlanma aparılır:

“Bundan sonra həmin ərazidəki dayanacaqlarda pavilyon quraşdırılır. Bu proses davamlı olaraq həyata keçirilməkdədir. İndiyə qədər təxminən 150-ə yaxın yerdə pavilyon mövcuddur və bu iş hazırda da davam edir”.

M.Ağayev əlavə edib ki, təhlillərə əsasən, birinci yer müəyyən edilir, daha sonra pavilyon quraşdırılır:

“Paytaxtda 500-ə yaxın yerdə nişan qoyulub. Harada o nişan varsa, zamanla orada pavilyonlar da olacaq”.


Müəllif: Aytən

Oxşar xəbərlər