20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən Teleqraf.com-a verilən məlumata görə 7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi.
Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Avtomobil yolunun yenidən qurulması ilə qeyd olunan problem artıq öz həllini tapıb.
Müxtəlif enlərə malik 16.5 min kv.m sahədə yeni piyada səkiləri tikilib, kənarlarına 11 min paqon-metrdən çox yeni səki daşı düzülüb.
Yola ərazilərdən asılı olaraq 10 min kv.m sahədə düzləndirici asfalt-beton qat döşənib. Daha sonra xırda və iri dənəli olmaqla yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 60 min kv.m-ə yaxın sahəni əhatə edib.
Texnoloji ardıcıllıqla aparılan tikinti işləri çərçivəsində 11 avtobus dayanacağı və yol boyu yeni yol nişanları quraşdırılıb, 18 km uzunluğunda yolcizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılıb.