30 Noyabr 2018 17:33
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Media və mənəvi dəyərlər” mövzusunda konfrans, həmçinin eyniadlı məqalə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Mətbuat nümayəndələrinin, KİV rəhbərlərinin, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Mehman İsmayılov qurumun artıq bir ilə yaxındır fəaliyyət göstərdiyini bildirib.

O qeyd edib ki, fond xüsusən ilin ikinci yarısından etibarən aktiv fəaliyyətə başlayıb. M.İsmayılovun sözlərinə görə, fond tərəfindən il ərzində mənəvi dəyərlərimizlə, milli kimliklə, azərbaycançılıqla bağlı bölgələrdə müxtəlif maarifləndirici tədbirlər keçirilib:

“Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında respublika üzrə inşa müsabiqəsi keçirdik. Bu müsabiqəyə olan böyük maraq bizə çox gözəl stimul oldu. Biz gördük ki, bu tədbirlər böyük fayda verir. Bununla belə biz cəmiyyətdən, mediadan gələn təkliflərə açığıq. Onları öz fəaliyyətimiz zamanı həyata keçirə bilərik”.

M.İsmayılov mənəvi dəyərlərin təbliği istiqamətində medianın gücündən danışıb. Bununla bağlı jurnalistlər arasında müsabiqə keçirdiklərini bildirib:

“Biz media ilə əməkdaşlığa böyük önəm veririk. Media orqanlarından xahiş edirik ki, bizə bu istiqamətdə dəstək versinlər”.

M.İsmayılov hazırda bəzi gənclərin xalqımıza məxsus dəyərlərimizə arxa çevirdiklərini bildirib:

“Bu istiqamətdə müəyyən xoşagəlməz tendensiya mövcuddur. Biz demirik ki, bütün gənclər dəyərlərimizdən tamamilə uzaqdır. Ancaq onlar məsələn, alban məbədləri haqqında məlumatlı olmalıdırlar. Bəzən görürük ki, gənc yaşadığı rayonda olan məbəddən xəbərsizdir. Halbuki, başqa ölkədən gənc onun rayonuna gəlib alban məbədini tədqiq edir. Zənnimcə, milli-mənəvi dəyərlərimizə arxa çevirmək milli kimliyimizə arxa çevirmək deməkdir”.

Fondun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev fondun yarandığı gündən səmərəli fəaliyyət göstərdiyini bildirib. O, media və mənəvi dəyərlər mövzusunun müzakirəsinin aktual olduğunu vurğulayıb:

“Mənəvi dəyərlər bizim milli dəyərlərimizdir. Təsadüfi deyil ki, biz milli-mənəvi dəyərlər deyirik. Xalqın yaddaşını ehtiva edən dəyərlər bizim milli yaddaşımızdır. Mürəkkəb dünyada yaşayırıq, bir tərəfdən qloballaşma gedir, digər tərəfdən mənəvi dəyərlərin qorunması qarşımızda məqsəd kimi durur. Bu məsələdə cəmiyyətdə milli ideologiyanı formalaşdıran medianın da üzərinə böyük yük düşür. Dövlət bu işdə öz üzərinə düşən işi görür. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da bunun göstəricisidir”.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu mənəvi dəyərlərin qorunmasının çox aktual olduğunu qeyd edib.

O, öz fikirlərini mənəvi dəyərlərin bizim milli kimliyimizi ehtiva etməsi ilə əsaslandırıb:

“Bu dəyərlərin hamısı bizim milli kimliyimizi təşkil edən əsaslardır. Bilirsiniz ki, müasir dünyada qlobal proseslər baş verir. Milli dövlətlər heç vaxt bu qədər müdafiəsiz durumda olmayıb. Qlobal imperializmin 3 hədəfi var. Bunlardan birincisi dəyərsizləşdirmə, ikincisi lidersizləşdirmə və üçüncüsü dövlətsizləşdirmədir. Görürsünüzmü, imperializm bu ardıcıllığı necə düzgün müəyyənləşdirib. Bu siyasət bir çox ölkələrdə effekt verib. Azərbaycan hazırda buna qarşı mübarizə aparır. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da bunun bir göstəricisidir”.

H.Babaoğlu qeyd edib ki, media bu prosesin lokomotividir:

“Yeni tarixi mərhələdə medianı “yumşaq güc” kimi xarakterizə edirlər. Media hadisələri manipulyasiya edə bilir. Medianın gücündən çox məharətlə istifadə edirlər. Nəticədə əsrlərdir formalaşmış dəyərləri dəyərsizləşdirə bilirlər”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mənəvi dəyərlərin subyektiv anlayış olduğunu desə də, əlavə edib ki, qloballaşma şəraitində Azərbaycan xalqını qoruyan məhz onun dəyişilməyən dəyərlərdir:

“Bu istiqamətdə cənab prezidentin atdığı iki mühüm addımı qeyd etmək istəyirəm. Bunlardan biri Mənəvi Dəyərlərin Təbliği Fondunun, digəri dünyəvi kontekstdə dini təhsil verən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır”.

Keçirilən müsabiqədən bəhs edən E.Mirzəbəyli qiymətləndirmə zamanı ilk növbədə mövzuya nə dərəcədə peşəkarlıqla, vicdanla yanaşılmasının, Azərbaycan dilinin qanunlarına nə dərəcədə əməl edilib-edilməməsinin nəzərə alındığını vurğulayıb:

“Müsabiqənin verdiyi mesajın mənəvi yükü onun maddi tərəflərindən qat-qat yüksəkdir. Müsabiqədə iştirak edən jurnalistlər dövlətin bu istiqamətdə siyasətinə dəstək vermiş oldular”.

“Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz qeyri-maddi mədəni irsin təbliğinin, yaşadılmasının böyük və ağır iş olduğunu bildirib:

“Mənəvi dəyərlər min illərlə yaradılmış, cilalanmış, süzgəcdən keçmiş, özünə yer tapmış nəsnələrdir. Mənəvi dəyərlər keçmişdə qalmır, yeni nəsillərlə gələcəyə ötürülür. Media bu prosesdə mühüm rola malikdir”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev dövlətin bu sahədə davamlı və sistemli iş apardığını bildirib:

“Keçirilən müsabiqə medianın bu işə cəlb olunmasına xidmət edir. İlk müsabiqə olmasına baxmayaraq, bu mövzuda xeyli yazıların, məqalələrin şahidi olduq. Bu o deməkdir ki, qarşıya qoyulan məqsədə nail olunub. Çünki media adətən bu mövzulara müraciət etmir”.

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev mənəvi dəyərlərin qorunmasının çox mühüm məsələ olduğunu vurğulayıb:

“Baxın, kimlərsə maraqlıdır ki, “oğru dünyası” populyarlaşdırılsın. Baxırsan ki, haçansa “oğru” olmuş şəxsin məzarına böyük əklillər qoyulur, qəbri üstündə böyük abidə ucaldılır. Bunlar milli-mənəvi dəyərlərimizə hörmətsizlikdir. Biz genefondumuzun necə məhv edildiyinə çalışıldığının fərqinə varmalıyıq. Bunun qarşısını almaq üçün fəaliyyətimizi gücləndirməliyik”.

“Report” İnformasiya Agentliyinin baş direktoru Murad Əliyev mənəvi dəyərlərlə bağlı materialların təqdim edilməsinin praktik tərəfləri barədə danışıb. O qeyd edib ki, bu materialları günün tələb etdiyi formada təqdim etmək lazımdır:

“Bir də görürsən ki, oxunaqlı, maraqlı, geniş həcmli bir məqalə hansısa xəbərdən qat-qat az oxunub. Ona görə də materialları yeni formada təqdim və təbliğ etmək lazımdır”.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev müsabiqənin nəticələrini açıqlayıb.

O qeyd edib ki, nəticələrə əsasən əvvəldən nəzərdə tutulduğu kimi, 1 birinci, 2 ikinci, 3 üçüncü və 5 həvəsləndirici olmaqla, ümumilikdə 11 nəfər qalib elan olunub.

Müsabiqənin qalibi “Azərbaycan” qəzetinin əməkdaşı Yasəmən Musayeva olub.

Qaliblərə sertifikat və pul mükafatları təqdim olunub.

Sonda çıxış edən Mehman İsmayılov bir daha media orqanlarını Mənəvi Dəyərlərin Təbliği Fondu ilə sıx əməkdaşlıq etməyə çağırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər