Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, əməkdar jurnalist, yazıçı-publisist Səyyad Salahlı (Aran) Teleqraf.com saytına müsahibəsinin ikinci hissəsində əsasən xidməti fəaliyyəti ilə bağlı suallarımıza cavab verib. Söhbətin son bölümünü təqdim edirik:
– Səyyad müəllim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizm, dini fanatizm və xurafat əleyhinə hansı işləri görür?
– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizmin qarşısını almaq, dini fanatizm və xurafata qarşı mübarizə aparmaq məqsədilə bir neçə istiqamətdə iş aparır. Bu istiqamətlərdən biri və önəmlisi dini maarifləndirmə sahəsində aparılan işlərdir. Eyni zamanda, maarifçilik işi dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan multikultural, tolerant mühitin qorunması və təşviqi istiqamətində də həyata keçirilir. Bu məqsədlə Dövlət Komitəsi aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq edir və silsilə tədbirlər həyata keçirir. Həmçinin maarifləndirmə istiqamətində işlər televiziya kanalları, kütləvi informasiya vasitələri və sosial media vasitəsilə də aparılır. Buna misal kimi, İctimai TV-də hər həftə efirə gedən “Din və Cəmiyyət” verilişini, “Space TV”dəki “İnam” verilişini, Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusunu, “Cəmiyyət və Din” qəzetini göstərə bilərik. Bununla yanaşı, bölgələrdə mütəmadi keçirdiyimiz tədbirlərdə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş, dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə”, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmləri, İslam dininin sülhsevərliyindən, tolerantlığından bəhs edən “Üfüqdəki gələcək” filmi nümayiş etdirilir.
Dini radikalizmlə mübarizə təkcə maarifləndirmə işi ilə yekunlaşmır, eyni zamanda radikal dini qrupların bazasını çökdürmək üçün bu istiqamətdə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərir və sıx əməkdaşlıq edir.
Dini radikal qruplara qarşı mübarizənin digər istiqaməti onların iqtisadi resurslarını, maliyyə mənbələrini çökdürməyə hesablanıb. Radikal qruplar qeyri-qanuni yollarla vəsait əldə edərək, bu vasitə ilə gənclərimizi öz sıralarına qoşmağa və şəbəkələrini genişləndirməyə çalışırlar. Bunun qarşısını almaq istiqamətində son illər görülmüş işlər çox müsbət nəticələr verir.
– Dövlət Komitəsi dövlət-din münasibətlərinin sağlam məcrada inkişafı üçün başqa hansı addımlar atır?
– Konstitusiyamıza əsasən, Azərbaycanda din dövlətdən ayrı olmasına baxmayaraq, dövlət dini himayə etməkdən imtina etməyib. İnsanların öz dini ayinlərini icra etmələri üçün hər cür şərait yaradılıb. Hər il dövlətin büdcəsindən, yaxud Prezidentin ehtiyat fondundan dini konfessiyalara maddi yardımlar göstərilir. Sinaqoqlar, kilsələr tikilir, məscidlər restavrasiya olunur, yeni məscidlər inşa edilir. Bu gün məscidlərin sayı 2250-yə çatıb. Halbuki, müstəqilliyimizi bərpa edəndə cəmi 17 məscidimiz fəaliyyət göstərirdi. Bununla yanaşı, dövlətimiz dini kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Prezidentin sərəncamı ilə bu ildən ölkədə yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başlayıb. Eyni zamanda, ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə ötən il Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Həmin fond vasitəsilə fəaliyyət göstərən din xadimlərinə dövlət maddi dəstəyi həyata keçirilir.
Bütün bunlar dövlətimizin milli-mənəvi dəyərlərimizə münasibətinin, diqqət və qayğısının təzahürləridir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dünyəvi dövlət quruluşuna sahib olsa da, dini özünün milli ideologiyasının təməl sütunlarından biri kimi qəbul edir, onu qoruyur, inkişaf etdirir.
Prezident İlham Əliyevin dövrün tələblərinə uyğunlaşdıraraq, təkmilləşdirərək davam etdirdiyi bu yol ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Məhz ulu öndərin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı normativ-hüquqi aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması sahəsində mühüm tədbirlər həyat keçirilib. Qəbul edilən normativ-hüquqi aktlar bütövlükdə dini etiqad azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
– Səyyad müəllim, siz həm də yazıçı-jurnalist, filologiya elmləri namizədisiniz. Bu mənada Prezident İlham Əliyevin noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına münasibətinizi bilmək maraqlı olardı...
– Dil hər bir xalqın milli kimliyinin və varlığının qorunmasının təməl daşlarından biridir. Tarix səhnəsinə baxsaq, bir çox dilin tarixin çətinliklərindən keçə bilməyərək itib-batdığını görərik. Görkəmli maarifçimiz Firidun bəy Köçərli deyirdi ki, əgər bir xalqın bütün maddi və mənəvi irsini əlindən alsan, ancaq ana dilinə toxunmasan, həmin millət yox olmaz, qısa müddətdən sonra yenidən ayağa qalxar. Ana dili olmayan bir milləti isə heç bir mal-dövlətlə diriltmək olmaz.
Azərbaycan dili tarix boyu ciddi təzyiqlərə məruz qalıb, onu həyatımızdan çıxarmağa da cəhdlər ediblər. Ancaq xalqımızın ziyalı oğulları dilimizin məhvinə imkan verməyiblər. Bu mövzuda danışarkən biz ulu öndərimizin adını xüsusi vurğulamalı, xatirəsini dərin minnətdarlıqla yad etməliyik.
Yaşlı nəsil daha yaxşı xatırlayar, SSRİ dövründə Azərbaycan Konstitusiyasında respublikamızın rəsmi dövlət dili kimi rus dili təsbit olunmuşdu. Ancaq məhz ümummilli liderimizin dərin və uzaqgörən siyasəti nəticəsində respublikamızın 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmi dil kimi təsbit edildi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da ana dilimizin nüfuzunun artırılması istiqamətində məqsədyönlü və ardıcıl iş apardı – çox mühüm qanunvericilik aktları qəbul edildi. Dahi liderin başlatdığı işi Prezident İlham Əliyev bu gün çox yüksək səviyyədə davam etdirir. Dövlət başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı da bu ali missiyanın davamıdır.
Çox təəssüf ki, bu gün elektron mediada, televiziya və radioda, o cümlədən tərcümə olunan ədəbiyyatlarda müəyyən dil qüsurlarına rast gəlinir. Azərbaycan dili normaları gözlənilmir, sintaktik qaydalara uyğun gəlməyən birləşmələrdən istifadə olunur, belə demək mümkünsə, məişət üslubu ədəbi dil üslubunu “işğal” etməkdədir. Dilimizin təhrif olunması faktlarına bir çox din xadimlərimizin danışığında, dini ədəbiyyatların dilimizə tərcümələrində də rast gəlirik. Bu, əsasən, ölkə xaricində təhsil alanların danışığında, yazısında özünü göstərir. Çox təəssüf ki, bu gün dilin də müqəddəs, mənəviyyat göstəricisi olduğunu anlamayan həmvətənlərimiz var. Fərmanda da qeyd edildiyi kimi, “dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.
Əminəm ki, cənab Prezidentin uzaqgörənliklə imzaladığı fərmana əsasən, yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs bu istiqamətdə çox böyük işlər görəcəkdir.
Bir sözlə, dövlətimiz dilimizin inkişafı üçün lazım olan bütün tədbirləri görür, ancaq bu işdə cəmiyyətin fəallaşması da vacibdir. Çünki Azərbaycan dilinin qorunması, onun daha da zənginləşdirilməsi hər birimizin qarşısında duran başlıca vəzifələrdəndir.