11 Dekabr 2018 11:11
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya parlamentinin Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin deputatı, xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, ingilis dilində nəşr edilən “Heydər Əliyev. Şəxsiyyət və Zaman” üçcildliyinin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində Hollandiya parlamentinin üzvləri, ictimai xadimlər, Haaqada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının sədrləri, həmçinin Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev və səfirliyin 1-ci katibi Vüsal Əliyev iştirak edib.

Çıxış edənlər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında misilsiz rolundan danışaraq qeyd ediblər ki, Elmira Axundovanın ümummilli lider haqqında kitabları Avropada yaşayan və bizim tariximizlə maraqlanan insanlar üçün ən dəyərli və etibarlı mənbədir.

Millət vəkili Elmira Axundova da öz növbəsində tədbirdə Heydər Əliyevlə ilk tanışlığından, onun yanında işlədiyi illərdən, çoxcildliyin yaranma tarixindən bəhs edib: “1990-1991-ci illərin qışı idi. Biz onunla Naxçıvanda darısqal bir otaqda oturmuşduq və o, mənə keçmiş həyatından, Qorbaçovla qarşılıqlı münasibətlərindən, SSRİ-nin dağılmağa məhkumluğundan, respublikamızın isə tezliklə müstəqil olacağından qeyri-adi şeylər danışırdı. Mən Heydər Əliyevə baxırdım və ona düzünü desəm, acıyırdım – o, qocalmış, sınıxmış, sanki Sovet İttifaqı ilə birlikdə gedən dövrün bir parçası idi. O vaxt, çox güman, heç kim ehtimal edə bilməzdi ki, Azərbaycanın keçmiş kommunist lideri, qüdrətli Sovet imperiyasının rəhbərlərindən biri az keçmiş, küldən canlanan Simurq quşutək, bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcək. SSRİ-də ilk dəfə məhz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyətini ləğv edəcək, ona Azərbaycan Demokratik Respublikasının bayrağını və himnini qaytaracaq, üç ildən sonra o, xalqın istəyi ilə Azərbaycanın prezidenti olacaq. O, hakimiyyətə qayıdacaq ki, vətəndaş müharibəsinin, ölkənin dağılmasının qarşısını alsın, qısa müddət ərzində döyüşqabiliyyətli ordu yaradacaq, tarixi neft kontraktlarını imzalayacaq, SSRİ-də ilk dəfə olaraq sözdə deyil, işdə torpağı xüsusi mülkiyyət elan edəcək və onu Azərbaycan kəndlisinə paylayacaq. Bu insanın sirri nədə idi? Niyə bütün ağlagələn və ağlagəlməz vəziyyətlərin əksinə olaraq, o, eyni çaya iki dəfə girib, oradan qalib çıxa bilmişdi?”

Millət vəkili qeyd edib ki, bu sualın cavabı böyük ingilis siyasətçisi Uinston Çörçillin sözlərindən ibarətdir: “Çörçill bir dəfə deyib ki, dəyişən vəziyyətə müqabil olmağın yeganə üsulu onunla birlikdə dəyişməkdir. Heydər Əliyev zamana və vəziyyətə müqabil dəyişə bilir və bunu kifayət qədər orqanik edirdi. Onun üçün əsas doğma vətəninin – sevimli Azərbaycanın milli maraqları idi. Bu üçcildliyin iki qəhrəmanı var – Heydər Əliyev və Zaman, qəhrəmanımın özü kimi ölçüyə gəlməyən, ziddiyyətli, faciəli və parlaq XX əsr. Heydər Əliyev çox çətin bir ömür yaşayıb. О, sitayiş etdiyi idealların puça çıxmasını görüb, sədaqətlə, cani-dildən xidmətində durduğu ölkənin dağılmasına tab gətirib. O, yeni dövrə qədəm basaraq və həyatını sıfırdan başlayaraq, siyasi Olimpi ikinci dəfə fəth edib. Lakin bu tamamilə başqa bir ölkədə, başqa bir dövrdə baş verib. Hərdən mənə elə gəlirdi ki, mən müxtəlif adamlar haqqında yazıram, çünki ağlagəlməz dərəcədə fərqli faktların, hadisələrin bir insan ömrünə sığması inanılmazdır. Bir neçə tarixi dövrü əhatə etmiş ömür...”

Deputat vurğulayıb ki, üçcildliyin ön söz müəllifi görkəmli qazax yazıçısı Oljas Süleymenovun fikrincə, bu kitabları yazdıran məhəbbətdir: “Mən həqiqətən öz qəhrəmanımı sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizdə də ona qarşı eyni hisslər kök salsın. Mən bu kitabları çox yüksək, nəfis şəkildə nəşr edən TEAS-press nəşriyyatına və onun rəhbəri Tale Heydərova minnətdarlığımı bildirmək istəyirəm, onlar əsl sənət nümunəsini yaradıblar. Bu 3 cildliyin təqdimatları artıq Londonda, Böyük Britaniya parlamentində, həmçinin macar dilində Budapeştdə keçirilib. İndi isə biz onu Avropanın mərkəzində, Haaqa parlamentində təqdim edirik. Buna görə mən əziz dostum, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımova və Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədova dərin minnətdarlığımı bildirirəm”.

Tədbirin sonunda müəllif qonaqlar üçün kitab imzalayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər