14 Dekabr 2018 09:19
12 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı İsraildə yaşayan həmyerlimiz, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər üzrə ekspert, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qutdur. Onunla müsahibəni təqdim edirik:

Səxavət Həmid: – Arye müəllim, vaxtaşırı Azərbaycan mediasında, o cümlədən Teleqraf.com saytında sizinlə müsahibələr, fəaliyyətinizi əks etdirən yazılar yayımlanır. Ona görə də budəfəki söhbətimiz zamanı sizi bir qədər başqa yöndən tanımaq və oxucularımıza tanıtmaq istərdik. Zəhmət olmasa, bir qədər özünüz barədə danışın. Arye Qut kimdir? Nə vaxt, harada dünyaya gəlib? Nə vaxtdan İsraildə yaşayır və sair…

– Açığı, özüm haqqında danışmağı heç sevmirəm. Hesab edirəm ki, cəmiyyət üçün mənim fəaliyyətim daha maraqlı olar.

– Sözsüz ki, bu barədə də danışacağıq…

– 1975-ci ildə Bakıda, “Beşmərtəbə” adlanan ərazidə – keçmiş Nadejda Krupskaya, indiki Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən Əzizbəyov adına 1 saylı doğum evində dünyaya gəlmişəm. Yeri gəlmişkən, deyim ki, bibim orada baş ginekoloq, anam isə baş mühasib olub. Uşaqlıq illərim gözəl və unudulmaz Bakıda, elə “Beşmərtəbə”də keçib. 25 yaşımadək Azərbaycanda yaşamışam. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Elə bir məqam yaranmışdı ki, mən Azərbaycan Xarici İşlər Nazirliyinə işə düzəlməli idim, digər tərəfdən isə bacım İsrailə köçməli oldu. Bacımın qızı dünyaya gəlmişdi və ata-anam nəvələri üçün darıxmağa başlamışdılar. Onlar da İsrailə – bacımın yanına köçməyi mənə təklif etməyə başladılar. Bu, 2000-ci ildə baş vermişdi. Ancaq mən düşünürdüm ki, Azərbaycan üçün burada daha çox iş görə bilərəm. Bir məqam da var ki, mən Əkizlər bürcündənəm. Bu bürc altında dünyaya gələnlər həmişə ikitərəfli düşünürlər, fikirlərini tez-tez dəyişirlər. Ona görə də çox düşündüm. Mən eyni zamanda BDU-nun beynəlxalq münasibətlər fakültəsində 3 ən gənc müəllimdən biri idim. Həmin müəllimlərdən biri hazırda “BP-Azərbaycan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylidir. Mənim çox yaxın dostum-qardaşım, çox savadlı, eyni zamanda Azərbaycan üçün iş görən bir insandır. Beləliklə, 2000-ci ildə biz ailə vəziyyəti ilə əlaqədar olaraq İsrailə köçməli olduq. Görünür, Azərbaycanı İsraildə təqdim və təbliğ etmək Allah tərəfindən mənə bu həyatda verilən missiya oldu.

Sevda Səlimova: – Həm də təmsil etməli oldunuz…

– Razıyam. Azərbaycanı İsraildə təmsil etmək mənim həyat missiyama çevrildi. Bilirsiniz ki, İsraildə Azərbaycan səfirliyi yoxdur. Baxmayaraq ki, bizim çox gözəl strateji tərəfdaşlığımız və əlaqələrimiz var. Ancaq geosiyasi məsələlərlə bağlı olduğu üçün İsraildə Azərbaycan səfirliyi mövcud deyil.

Bilirsiniz, dil bilmədən yeni ölkədə işə başlamaq çox çətindir. Ona görə də əsas məqsədim ivrit dilini öyrənmək idi. Bunun üçün mənə çox az vaxt lazım oldu. Düzdür, Bakıda olanda da öyrənirdim, 8 ay hazırlaşmışdım. İsrailə köçdükdən 3 ay sonra ivritcə yaxşı səviyyədə danışmağa, yavaş-yavaş uyğunlaşmağa başladım. 2007-ci ildən İsraildə Azərbaycan diaspor hərəkatı başladı, mən də bu hərəkatın fəal üzvlərindən oldum. “Az-İz” adlandırılan İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının mətbuat katibi kimi çalışdım. Həmin vaxt bu təşkilat yarananda belə fikirlər var idi ki, “Az-İz” faktiki olaraq Azərbaycan səfirliyinin funksiyasını yerinə yetirməlidir. O vaxtdan etibarən mənim gündəlik Azərbaycan mətbuatı ilə sıx əlaqələrim yarandı.

Ruslan Xəlil: – Valideynlərinizin, yaxud daha əvvəlki nəslin Azərbaycana gəlişi necə baş verib?

– Mənim atam azərbaycanlıdır. Anam yəhudi olduğu üçün mən İsraildə yəhudi sayılıram. Mən heç bir zaman öz azərbaycanlılığımdan utanmıram. İsrailə gəlsəniz, mənim ofisimdə Azərbaycanın böyük bayrağını görə bilərsiniz. Hamı deyir ki, sən İsraildə yaşayırsan, ancaq bu böyüklükdə bayraq asmısan. Deyirəm, bu, mənim bayrağımdır. Yəni, bu ikilik – yenə əkizlər söhbətinə qayıtmış oluruq, – burda da özünü göstərir.

Çox adam sual verir ki, səndə bu Azərbaycan sevgisi hardandır? Ona görə ki, mənim atam azərbaycanlıdır. Mən bunu heç zaman gizlətməmişəm. Atam Əhməd Abdullayev ilk vaxtlar “Azərbaycantelefilm” yaradıcılıq-istehsalat birliyində bir-birindən maraqlı sənədli filmlər çəkib. Onun rejissoru olduğu “Qırmızı qələm”, “Sevil bacıları”, “Neft Daşları”, “Mingəçevir”, “Naxçıvan” kimi maraqlı sənədli filmlər ekranlara çıxdı. O vaxt qayda belə idi ki, müttəfiq respublikalarda çəkilən filmlərin hamısı dövlət sifarişi sayılırdı. Moskvada xüsusi komissiya bu filmləri qəbul edirdi və daha çox bəyənilən əsərlər ümumittifaq ekranında – mərkəzi televiziyada nümayiş etdirilirdi. Atamın çəkdiyi bütün filmlər həmişə yüksək qiymətə layiq görülüb və böyük ekranlarda göstərilib. Atam indiyədək Azərbaycanın qədim tarixi və mədəniyyətindən bəhs edən 70-dən çox sənədli filmə ekran həyatı verib, 1000-dən artıq televiziya verilişinin müəllifidir.

Müstəqillik dövründə Əhməd Abdullayev televiziyanın ictimai-siyasi proqramlar redaksiyasında aparıcı telerejissor vəzifəsində çalışmağa başladı. Sovet İttifaqının dağılması prosesini, Qarabağ müharibəsinin real və qanlı üzünü, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini lentə aldı, bir çox maraqlı verilişlərin rejissoru oldu. Məncə, hər kəs onun Azərbaycan Televiziyasında yaratdığı “Açıq aşkar”, “Qanlı Yanvar”, “Qarabağ hadisələri”, “Laçın”, “Şuşa”, “Ağdam”, “Əsrin müqaviləsi”, “Qəsd” və digər televiziya filmlərini yaxşı xatırlayır.

Azərbaycan Televiziyasında işləyənlər bu gün də atamı xatırlayırlar. Bilirsiniz, rejissor sənəti elədir ki, onu çox adam görmür, o arxa planda qalır. Mən çox fəxr edirəm ki, Əhməd müəllim mənim atamdır, mənim canım və mənim ürəyimdir. Bunu hər baxımdan deyirəm. Mənim formalaşmağımda atamın çox böyük rolu var, ümumiyyətlə, mənim həyat konsepsiyamın əsasını atam qoyub.

– O zaman ananız Azərbaycanda yaşayan şəxs olub…

– Yox, anam Ukraynadan gəlmədir. Anamın ailəsi Ukraynadan Azərbaycana II dünya müharibəsi zamanı köçüb. Onlar faşistlərdən sonuncu Kiyev-Bakı qatarı ilə qaçıblar. Real olaraq Azərbaycan ona ikinci Vətən olub.

Bu söhbətin davamı olaraq deyə bilərəm ki, iki il öncə atamla birgə Xocalı faciəsindən bəhs edən ədəbi-sənədli roman yazmışıq. Romanın adı “Ağrı”dır. Bu romanın prototipi mən özüməm. İsraildə yaşayan atası azərbaycanlı, anası yəhudi olan bir oğlan Bakıya gəlir, burda doktorluq işi yazmaq istəyir. Bu zaman o bir qıza vurulur, bir məhəbbət macərası yaşanır. Qız isə Xocalıdan olur. Xocalının bütün dərdi, ağrı-acısı qızın timsalında açılır. Bu gün “Ağrı” romanı rus, ingilis və italyan dillərində çap olunub. Ötən ilin fevralında biz Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə kitabın İtaliya Senatının kitabxanasında təqdimatını keçirdik. Mən bu məqamda tələbə yoldaşımız olmuş, hazırda Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri olan Məmməd Əhmədzadənin adını çəkmək, ona minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz, mən dostluğu, şəxsi əlaqələri bir kənara qoyaraq, konkret bu gözəl insanın nə qədər hazırlıqlı və superprofessional olduğunu qeyd etmək istərdim. Çox istərdim ki, Azərbaycanın bütün ölkələrdəki səfirləri Məmməd Əhmədzadə kimi olsun. Mən İtaliyaya gələn gündən başlayaraq, bu ölkənin mətbuatına azı 4-5 müsahibə verdim.

Onu da deyim ki, erməni mətbuatı məni güdür. Nəinki erməni mətbuatı, Ermənistan kəşfiyyatı da hər zaman məni izləyir. “Feysbuk” səhifəmə daxil olurlar, baxırlar, skrin-şotlar edirlər. Hər şeydən məlumatları var.

– Adınızın mənası nədir?

– Qut anamın soyadıdır. Mən nə azərbaycanlılığımdan, nə də yəhudiliyimdən imtina etmişəm. Azərbaycanda yaşayan zaman da həmişə deyirdim ki, anam yəhudidir. Mənimlə təhsil alanlar hamısı bunu bilirdi. İndi sizə bir əhvalat danışım, özünüz nəticə çıxarın, görün, mən azərbaycanlıyam, yoxsa israilli?!

Deməli, 2012-ci ildə biz İsraildə Xocalı faciəsi ilə bağlı ilk dəfə yüksək səviyyəli tədbir keçirirdik. Ad çəkmək istəmirəm, o təşkilatın rəhbərləri mənə dedilər ki, sən nə edirsən?! Biz İsraildə yaşayırıq, biz Holokost yaşayan xalqıq. Biz burda Xocalı faciəsini necə qeyd edə bilərik?! Dedim, elə ona görə biz Xocalı faciəsi ilə bağlı tədbir keçirməliyik. Biz müqayisə etmirik, amma faciə eyni faciədir. İnsanların orda da, burda da qətliamı eyni faktordur, eyni düşüncə tərzinin “məhsulu”dur. İnanın ki, bir çox adamlar bu tədbiri keçirmək istəmirdilər, qaçırdılar. Mənim atam da qanlı qətliamdan bir neçə ay əvvəl Xocalıda olub. Mən bunu öz üzərimdə yaşamışam, öz gözlərimlə görmüşəm. “Ağrı” romanı da təkcə məhəbbət macərası deyil, qeyd etdiyim kimi bədii-sənədli romandır. Sənədli hissədə Xocalıda insanların necə qırılmasından bəhs edilir. Biz atamla azı 20-25 adamdan şahid ifadələri götürdük, onlar bizə bu faciəni necə yaşamalarından danışdılar. Yeri gəlmişkən, Xocalı faciəsi gecəsi girov götürülən və 8 gün erməni girovluğunda qalan Dürdanə Ağayeva ilə ilk dəfə görüşən adamlardan biri mən olmuşam.

İndi mən sizə sual verirəm; Xocalı tədbirini keçirəndə, İsrail Dövlətinin nazirlərini, parlamentin vitse-spikerini, həmçinin, sadə insanları o tədbirə gətirməyi təmin edəndə mən yəhudi idim, yoxsa azərbaycanlı?! Bilmirəm, yəqin ki, ilk növbədə azərbaycanlı idim.

S.Həmid: – Həyatınızın İsrail dövrü ilk vaxtlar necə keçdi?

– 2001-ci ildən 2009-cu ilədək Azərbaycan dilini bilməyimin mənə çox böyük köməyi oldu. Bilirsiniz, miqrasiya çox çətin prosesdir. Başqa ölkəyə gedirsən, çoxlu çətinliklər olur, uyğunlaşma problemi yaşayırsan. Hamı deyir ki, Arye Qut kefi kök, gündə Bakıya gəlib-gedir. Hamı düşünür ki, xaricdə yaşamaq rahatdır. Ancaq çətindir, daha doğrusu, çətin dövrləri də olur. Mən dili öyrənəndən sonra 2001-ci ildən 2009-cu ilədək İsraildə vafli istehsal edən ən böyük şirkətlərin birində çalışdım. Orada idxal-ixrac əməliyyatları idarəsinin rəhbəri idim. Ancaq ilk üç ay həmin şirkətdə anbardar işlədim. Yeddi il ərzində anbardardan başlayaraq, şirkətin vitse-prezidentliyinədək bir yol gəldim. Bax, belə bir uğur yalnız İsraildə ola bilər. Yəni, səni görürlər, qiymətləndirirlər. Mənim şirkətin rəhbəri ilə tanışlığım sırf təsadüf nəticəsində olmuşdu. Deməli, şirkətin həyətində atamla Azərbaycan dilində telefonla danışırdım. Şirkətin rəhbəri keçəndə ayaq saxlayıb soruşdu ki, sən hansı dildə danışırsan? Dedim, mən azərbaycanca danışıram. Dedi, türk dilinə yaxındır. Dedim, çox yaxın dillərdir, faktiki olaraq türk dilidir. Dedi, mənə türk dilini bilən adam lazımdır. Dedim, mən hazır. Qeyd etdiyim kimi, şirkətdə cəmi 3 ay idi ki, işləyirdim. Dərhal ofisə apardı, iş verdi, dedi mənim yanımda otur. Yəni, anbardan birbaşa ofisə keçdim. Ancaq ivrit dilim vardı, ivritcəm olmasaydı, məni ora götürən kim idi? İndi oxuyanlar deyəcəklər ki, sən demə, Arye anbardar da olub (gülür-müəll.) Bilirsiniz, həyatdır. Mən həyatda atdığım heç bir addımıma görə heyfislənmirəm. Maksim Qorkinin yaxşı bir əsəri var: “Mənim universitetlərim”. Bax, insanlar bu universitetləri keçməlidir. Ancaq bu halda sən hər dəqiqəni daha da dəyərləndirirsən. Mənə dedilər ki, bəlkə sən idxal-ixrac əməliyyatlarını öyrənəsən?! Beləliklə, məni 3 aylıq kursa göndərdilər. Oxuyandan sonra İstanbul-Tel-Əviv yollarında qaldım (yenə gülür-müəll.). Doqquz il ərzində bəlkə 70 dəfə Türkiyədə oldum. Biz bu işləri qurduq. Türkiyə ilə əlaqələrimiz çox yaxşı idi. Xüsusilə, İsrail Türkiyədən çoxlu sənaye məhsulları alırdı. İdxal-ixrac əməliyyatları idarəsinin rəhbərliyindən sonra logistika sahəsini mənə verdilər. Bundan sonra şirkətin rəhbəri dedi ki, sən 7 il ərzində bütün pillələri keçdin. Bircə mənim vəzifəm qaldı. Dedim, yaxşı, öz vəzifəni vermə, şirkətə vitse-prezident təyin et. Razılaşdı və bu vəzifədə çalışdım. O məni işdən buraxmaq istəmirdi, deyirdi ki, pensiya yaşına çatanadək burda işləyəcəksən. Bu həm də şəxsi münasibətlər əsasında qurulmuş iş olduğu üçün hər ikimizə çox rahat idi. Ümumiyyətlə, İsraildə direktorla işçi arasında distansiya yoxdur. Bizdə hətta, baş nazirlə sadə vətəndaş arasında da subordinasiya yoxdur. Vətəndaş baş nazirlə tam səmimi, açıq danışa, hətta əlini onun çiyninə də vura bilər. Bu da daha çox Qərbdən gələn bir stildir.

2009-cu ildə İsrail-Azərbaycan hərbi-texniki əlaqələri yarandı. Mənə təklif gəldi ki, Azərbaycan dilində danışa, iş apara bilən insan lazımdır. O vaxtdan etibarən İsrailin hərbi-sənaye kompleksində çalışmağa başladım. Hazırda mənim əsas işim Azərbaycanla hərbi-texniki əməkdaşlıqda baş mütəxəssis kimi çalışmaqdan ibarətdir.

– İsraildə yaşayan Azərbaycan kökənli insanlarla bağlı nələri qeyd etmək mümkündür?

– Mən 2007-2009-cu illərdə həm də Türkiyənin İsraildə səfiri olan Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışmışam. Namiq Tan İsraildə Azərbaycan kökənli insanların olduğuna inana bilmirdi. Qeyd edim ki, hazırda İsraildə Azərbaycan kökənli 75 minə yaxın insan var. Bu insanların 10-12, bəlkə də 15 mini mənim kimi qarışıq nikahlardan dünyaya gələnlərdir. Akko şəhəri İsraildə Azərbaycan kökənli insanın ən çox yaşadığı şəhərdir. Burada əsasən, Göyçaydan, Şamaxıdan, Qubadan olan dağ yəhudiləri yaşayır. Əgər siz Akkoya gəlsəniz, hərdən bazarda azərbaycanca danışıldığının şahidi ola bilərsiniz. Bu, faktdır.

– Təkcə bazarda?!

– Hər yerdə olduğu kimi bazarda da bizimkilər çoxdur (gülür-müəll.). Alış-verişə gələnlər az deyil. Ancaq təkcə bazarda deyil, parklarda, Akko bələdiyyəsində belə Azərbaycan dilində söhbətlər eşidə bilərsiniz. Maraqlıdır ki, orda yaşayan Azərbaycan kökənli insanların əksəriyyəti azərbaycanca danışır. Halbuki, Bakıdan köçmüş insanların əksər hissəsi rusdilli seqmentdir. Mən özüm rusca oxumuşam. Amma orda yaşayanlar daha çox azərbaycandillidir. Görənlər deyirlər, necə olur ki, Azərbaycan dilində bizdən yaxşı danışırsan? Deyirəm, yəqin ata xətti güclü olub. Digər tərəfdən, əlbəttə, insanın özündən də çox şey asılıdır.

Elə oldu ki, biz Akkoda ən böyük məqsədlərimizdən birinə nail ola bildik. Şəhərin meri Şimon Lankri bir gün bizimlə görüşəndə dedi ki, siz Azərbaycanı bu qədər tərifləyirsiniz, orda antisemitizm olmadığını, tolerantlığın və multikulturalizmin mövcud olduğunu bildirirsiniz, məni bir dəfə Bakıya aparın. Əgər siz məni Bakıya aparsanız və Bakıda, Azərbaycanda doğrudan da yəhudilərin sizin dediyiniz kimi yaşadığını görsəm, mən Akkoda sizə “Azərbaycan Evi” yaratmağa hazıram. Şimon Lankri ümumiyyətlə, Azərbaycanla yaxından-uzaqdan hər hansı bağlılığı olmayan bir şəxsdir. Onun yanında çalışan, ona dəstək verən mənim dostum-qardaşım, Göyçaydan olan dağ yəhudisi Şirin Nexamiya Mixaeli mənimlə görüşəndə yalnız azərbaycanca, yəni rusca və ivritcə yox, yalnız azərbaycanca danışır.

Biz meri Azərbaycana gətirdik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə yaxşı bir görüşümüz keçirildi. Şirin müəllim də son 26 ildə ilk dəfə Azərbaycana gəlirdi. O, Mübariz müəllimlə söhbət etməyə başladı. Mübariz müəllim məndən soruşdu ki, Şirin müəllim, doğrudan 26 ildir Azərbaycana gəlmir? Deyirəm, bəli. Deyir, ola bilməz. Bu adam Azərbaycan dilini heç itirməyib. Deyirəm, səhərdən axşamadək evdə Azərbaycan dilində danışırlar, ona görə itirməyib. Faktiki olaraq elədir. Ancaq dili yadırğayan insanlarla bağlı deyim ki, bu onlardan asılı deyil. Sən İsraildə yaşayırsan, gününün azı 90 faizi ivrit dilində danışmaqla keçir. Mən isə Azərbaycan dilində oxuyuram, yazıram. Ona görə də sevinirəm ki, bu dili saxlaya bilmişəm.

Şimon Lankrini Azərbaycana gətirməyimizə qayıdıram. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov və həmin vaxt millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışan Kamal Abdullayev, Mübariz müəllim özü bizə çox kömək etdilər, sağ olsunlar. Biz Şimon Lankrini Qubaya – Qırmızı Qəsəbəyə apardıq. O bir şok yaşadı. İnanmadı ki, Azərbaycanda yəhudilərə münasibət, ümumiyyətlə tolerantlıq, dini dözümlülük və multikulturalizm bu səviyyədə ola bilər. Bakıya qayıtdıq. Burada Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevlə görüşdük. Milix müəllim çox yaxşı insan, Azərbaycanı ürəkdən sevən bir şəxs, həm də gözəl şairdir. Mən şairliyi bacarmıram, o isə çox gözəl bacarır. Dediyim kimi, Şimon Lankri bütün bunları görəndən sonra bir şok yaşadı. Dedi, Arye biz İsrailə qayıdan kimi “Azərbaycan Evi”ni tikirik. Bu gün bizim Akkoda “Azərbaycan Evi”miz var. Azərbaycan dövlətindən bir qəpik də istəmədən, bir qəpiyini də xərcləmədən biz o evi tikmişik.

– Bəs İsraildəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

(ardı var)


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər