16 Dekabr 2018 13:02
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 13-cü ildönümüdür.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsinin düzgün və etibarlı təşkili məsələlərini daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlət başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Fəaliyyət göstərdiyi 13 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib.

On üç il ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün onlarla hüquqi sənəd hazırlanıb, nazirliyin və onun müvafiq qurumlarının rəmzləri, eləcə də hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşların geyim forması və fərqləndirmə nişanları təsdiq edilib. Bu gün Fövqəladə Hallar Nazirliyinin təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənib. Regionlarda FHN-in üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə 9 regional mərkəz fəaliyyət göstərir.

Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılıb.

FHN əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında Nazirliyin işçiləri həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb.

FHN-in xarici ölkələrin müvafiq dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri inkişaf etdirilib.

FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. Qısa müddət ərzində Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya Respublikası, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, ötən müddətdə FHN Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər həyata keçirib.

Nazirliyin əməkdaşları yola salınan illərdə dəfələrlə çətin sınaqla üz-üzə qalıb və hər dəfə də öz peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və ev sahibliyi ilə ötən illər ərzində bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü humanist siyasətə uyğun olaraq, FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib.

Ötən illər ərzində Azərbaycan prezidentinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. FHN-in xilasetmə dəstələri Gürcüstanın bir sıra bölgələrində meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri respublika ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında, yanğınların söndürülməsində, subasmaya məruz qalan ərazilərdə, sürüşmə zonalarında yaranan təhlükələrin aradan qaldırılmasında, zərərçəkən əhaliyə ilkin tibbi xidmətin göstərilməsində, xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstərirlər. Fövqəladə Hallar Nazirliyinin kollektivi vətəndaşlarımızın təhlükəsiz yaşayışının, iş və istirahətinin təmin olunması üçün əllərindən gələni edirlər.

FHN-in şəxsi heyəti həmişə olduğu kimi, ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər