“ABŞ Dövlət katibi Mayk Pompeonun İran xalqını Yeni il münasibəti ilə təbrikində böyük Azərbaycan şairi Nizami Gəncəvini “İran şairi” kimi təqdim etməsi çox ciddi problemdir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hər il Azərbaycanda Nizami Gəncəvi beynəlxalq konfransı keçirilir və bu konfransa dünyanın müxtəlif ölkələrindən sabiq prezidentlər, elm adamları dəvət edilir:
“YUNESKO Nizamini Azərbaycan şairi kimi tanıyır. Dövlət katibinin bu yanlışını düzəltmək isə yenə də bizim üzərimizə düşür. Demək, gələn il keçiriləcək konfransa, Pompeonu da dəvət etmək lazımdır. Gəlib iştirak etməsə də, öz səhvini anlayacaq ki, bir də belə ciddi səhvə yol verməsin.
Qeyd edim ki, ABŞ-da güclü İran lobbisi var. Bu lobbi İranda şah rejimini yenidən bərpa etməyə çalışır. Görünən budur ki, Pompeonun həmin lobbi ilə güclü əlaqələri var və Nizamini ona fars şairi kimi tanıdıblar”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Nizami Gəncəvini fars şairi kimi təqdim edilməsi yönündə İrandakı teokratik rejim də müəyyən işlər görür.