Bakının küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, tədbirlərə uyğun olaraq Bakıxanov, Ceyhun Hacıbəyli və Səxavət Quliyev küçələrinin kəsişməsində yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür.
Məlumata görə, ərazidə 130 metr uzunluğunda və 300 mm diametrində yeni borular qoyulub 11 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq.
AAYDA rəhbərliyinin birbaşa nəzarəti altında aparılan kompleks tədbirlərin davamı olaraq Qaradağ, Abşeron, Yasamal, Nərimanov, Səbail, Nizami və Binəqədi rayonlarının ərazisində yerləşən küçə və prospektlərdə müxtəlif diametrlərə malik yeni yağış-kanalizasiya xəttinin çəkilməsi və xətt üzərinə yeni su qəbuledici barmaqlığın quraşdırılması da nəzərdə tutulub.
Ümumilikdə isə son 3 il ərzində paytaxt küçələrində 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib.