"Hazırda Azərbaycanda dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri təkmilləşməkdə və möhkəmlənməkdədir: “Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığının təminatı sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir.
Təcrübə göstərir ki, bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə dini savadsızlıq, İslamın olduğu kimi təqdim edilməməsi dayanır”.
Mübariz Qurbanlı qeyd edib ki, məhz bu səbəbdən Azərbaycan dövləti milli-mənəvi dəyərlərin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi önəm verir:
“Çünki dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, dövlətlər və xalqlar arasındakı qarşıdurmaların qarşısı alınır”./Report/