“Azərbaycan iqtisadiyyatında 2018-ci ildə əvvəlki illərlə müqayisədə bir sıra müsbət meyllər özünü göstərib”.
Bu sözləri Teleqraf.com-a ilin iqtisadi yekunları ilə bağlı açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli deyib.
O bildirib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2015-ci ilin devalvasiyalarından sonra başlanan resessiya və durğunluq mərhələsindən artım trayektoriyasına çıxmağa başladı:
“Azərbaycanda 2016-cı ildə ÜDM-in 3,8 faiz azalması, 2017-ci ildə 0,1 faiz artımı fonunda 2018-ci ilin 11 ayının nəticələrinə görə, ÜDM 1 faiz yüksəlib. Bu il qeyri-neft sektorunda artım 1,3 faiz, sənaye istehsalında 1,5 faiz təşkil edib. Kənd təsərrüfatı bu müddətdə 5 faiz artıb. Strateji valyuta ehtiyatlarımız da 4 milyard dollara qədər artaraq, 45 milyard ABŞ dollarını ötüb.
Ödəniş balansında müsbət saldo yaranıb. Bu ilin 10 ayında xarici ticarət dövriyyəsi 36 faiz, ixrac 38 faiz, o cümlədən qeyri-neft ixracı 11 faiz artıb. İxrac idxalı 8 milyard dollar üstələyib. 2018-ci ildə manatın məzənnəsinin sabit qalması inflyasiyanı özündən əvvəlki illərdəki ikirəqəmli səviyyədən birrəqəmli səviyyəyə enməsində mühüm rol oynayıb.
Bu il büdcə müzakirələri əvvəlki illərdən fərqli olaraq, 3 oxunuşdan keçdi və deputatların təkliflərinin çoxu olmasa da, bir qisminin həyata keçirilməsi üçün büdcədən əlavə vəsait ayrıldı.
Yeni büdcə qaydasının tətbiqinə başlanılması Neft Fondunun vəsaitlərindən əvvəlki kimi yox, məhdudiyyətlərlə istifadə olunmasına icazə verir.
Millət vəkili deyib ki , 2018-ci il Vergi Məcəlləsinə ciddi dəyişikliklərlə də yadda qaldı:
“Həmin dəyişikliklərin, xüsusən kölgə iqtisadiyyatının daraldılmasına, şəffaflığın artırılmasına və verginin stimullaşdırıcı rolunun artırılmasına yönələn məqamları xüsusi əhəmiyyət kəsb edir.
Şəhid ailələrinə 11000 manat kompensasiyanın verilməsi işinə başlanıldı.
Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri kimi Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işləri sürətləndirmək, səhiyyə sahəsinin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında xüsusi Fərman verildi.
2018- ci ildə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib. Eyni zamanda Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi keçirilib. Azərbaycan artıq həmin kəmərlə Türkiyəyə neft nəql edir.
Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılışı olub. Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsi istifadəyə verilib. Sumqayıt Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikin, “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Bu zavodun işə düşməsi mühüm əhəmiyyət kəsb edir. Masallı Sənaye Məhəlləsinin açılışı olub və s”.
Əli Məsimli qeyd edib ki, bununla belə hökumət müasir mərhələdə qarşıda duran problemlərin köklü və sürətli həlli yolunda köklü islahatlar kontekstində alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modelinin reallaşdırılmasına çalışmalıdır: "Manatın 2017-ci ilin birinci rübündən başlanan nisbi sabitliyi 2018-ci ildə də qorunub saxlanıldı. Bu, çox vacib amildir. Məhz daha çox manatın sabit qalması nəticəsində, bir tərəfdən 2016-2017-ci illərdən fərqli olaraq, 2018-ci ildə inflyasiya əhalinin nominal gəlirlərinin artım tempindən yuxarı qalxmadı, digər tərəfdən isə gəlirlərin bank əmanətlərinin bankdan çıxarılmasının qarşısı alındı. Bununla belə, 2016-cı ilin 6 dekabrında ölkə prezidenti tərəfindən təsdiq edilmiş Strateji Yol Xəritəsində 2018-ci ildə bankların sağlamlaşdırılması prosesinin başa çatacağı göstərilsə də, bu vacib məsələ həll olunmadı.
Eyni zamanda, özündən əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də problemli kreditlər bank sisteminin əsas problemi olaraq qalmaqda davam etdi. Problemli kreditlər kredit portfelinin 14 faizini ötüb.
Ölkə əhalisinin hər 4 nəfərindən birinin banka borcu var. 2015-ci ilin iki şok devalvasiyasından sonra əhalinin xeyli hissəsi və banklar həmin şoku hələ də hiss etməkdə davam edir.
Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaşımız borclara zamin olmaqdan əziyyət çəkir. Xeyli vətəndaşlarımız və biznes strukturları bank kreditlərinin girovuna çevriliblər. Bu problemi, xüsusən də xarici valyutada olan kreditlər problemini çözmək lazımdır ki, bankların sağlamlaşdırılmasına geniş yol açılsın.
Xarici valyutada olan kreditlərlə bağlı problemə diferensiallaşdırılmış şəkildə baxmaq lazımdır: qanunun bütün sərtliyini 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri əslində qaytarmaq yox, qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır.
2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və s. formalı manipulyasiyalarla əslində almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və bu əsasda əhalinin kreditləri qaytarmaq imkanında olmayan aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir”.