1 Fevral 2019 19:30
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fevralın 2-si Azərbaycan Gəncləri Günüdür. Bu münasibətlə fevralın 1-də Bakı Konqres Mərkəzində respublika toplantısı keçirilib. Mən istərdim, cənab İlham Əliyevin prezident seçilməzdən öncəki fəaliyyətinə – Milli Olimpiya Komitəsinin sədri olduğu dövrə nəzər salaq. Cənab İlham Əliyev həmin vaxt kimlərlə işləyirdi? İdmançılarla. Bəs idmançılar kim idi? Gənclər”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, gənclər bütün dövrlərdə, bütün cəmiyyətlərin aparıcı qüvvəsi olub:

“Biz bu gün cənab İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, gənclərlə fəxr edirik. Gənclərimiz kimlərdir, hardadırlar? Onlar bizim tələbələrimiz, əsgər və zabitlərimiz, idmançılarımızdır. Gənclər bu gün Azərbaycan dövlətində çox mühüm strateji postlarda, vəzifələrdə çalışan vətəndaşlarımızdır. Elə son dövrdə cənab Prezidentin imzaladığı sərəncamları götürək. Bu sərəncamlarla neçə gəncimiz yüksək vəzifələrə təyin olunub. O cümlədən nazir, dövlət komitəsinin sədri, dövlət xidməti və dövlət agentliklərinin rəhbəri vəzifələrinə gənclər irəli çəkilib. Biz gənclərimizə ümidlə baxırıq.

Cənab Prezident onların fəaliyyətini, əməyini çox yüksək qiymətləndirib. Elə fevralın 1-də 2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında və gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncamları oldu. Gənclər artıq qeyd etdiyimiz kimi, irəli çəkilir. Azərbaycan dövləti gənclərə güvənir, onlar bizim ümid yerimiz, cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycan gənci Vətənini, dövlətini, xalqını sevən şəxsdir”.

E.Məmmədov əlavə edib ki, məhz bu səbəblərdən cənab Prezident gənclərə hər zaman xüsusi qayğı ilə yanaşır:

“Onların dövlət idarəetməsində sayının günü-gündən artması müşahidə olunur. Gənclərin bütün sahələrdə rolu çox yüksək qiymətləndirilir. Onların ölkə daxilində və xaricdə təhsil almasına önəm verilir. Cənab Prezidentin toplantıda qeyd etdiyi kimi, 2016-cı ilin aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz onlarla qürur duyuruq, fəxr edirik. Dövlət başçısı da bu məqamları hər zaman xüsusi qeyd edir. Gənclərimizin qayğısına qalır, onlara hər zaman diqqət göstərir. Onların daha yüksək səviyyədə biliyə, savada malik olmaları üçün cənab İlham Əliyev dövlət başçısı kimi əlindən nə gəlirsə, hamısını edir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər