Oxuduğunuz bədii əsərlərdə ən sevdiyiniz cümlə hansıdır?
Teleqraf.com bu sualla oxucular arasında sorğu keçirib.
Həmin sorğunu təqdim edirik.
Şair Şəfiqə Şəfa: “Məndən soruşduğunuz anda ağlıma son oxuduğum kitablardan təsirli cümlələr gəldi. Məsələn, Əlif Şafakın “Eşq” əsərindən: Eşq var insanı yorur, bitirir. Eşq də var ki, insana həyat verər, öyrədər. Amma hər eşq bitdiyində insan dəyişməyibsə, elə əvvəlki kimi qalıbsa, deməli, yaşadığı sevgi deyilmiş, sadəcə zaman itkisiymiş”.
Şair Emin Piri: “Viktor Hüqonun “Paris Notrdam kilsəsi” əsərində Qvazimodanın dilindən deyilən “Mən çirkin ola bilərəm, məni görmək istəməyə bilərsiniz, amma vəhşi deyiləm, mənim duyğularım var, mən insanam" sözlərini sevirəm.
Bir də Qabriel Qarsia Markesin “Patriarxın payızın”da aşiq olduğu qıza görə əlinin kəsilməsini istəyən obrazın dediyi “O, ilk qadındır ki, onu görərkən əlim şalvarıma deyil, ürəyimin üstünə getdi” sözlərini…”
Jurnalist Alçina Amilqızı: “Cek Londonun “Martin İden” romanında bu cümlə çox xoşum gəlir: Göylərdə müqəddəslərin pak və təmiz olması heç də qəribə deyil. Bunda onların böyük bir xidməti yoxdur. Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir”.
Jurnalist Ayyət Əhməd: “Hazırda ağlıma iki cümlə gəlir. Biri Xalid Hüseynin “Çərpələng uçuran”ındakı bu cümlədir: Həkim “qorxma ağırtmayacaq”, deyirsə,deməli, çox ağrıdacaq. Bir də Ronda Bernin “Sirr” əsərində belə bir cümlə var: “Əgər bir yerə tələsirsənsə və düşünürsənsə ki, ora gecikəcəksən, onda doğrudan da gecikirsən, yox əgər həmin məkana vaxtında, anında çatacağını düşünsən, doğrudan da, gecikməyəcəksən”.
Jurnalist Əfsanə Şükürova: “Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmindəki bu cümlə: Xeyirxahlıq nəyisə əldə etməyin yeni yoludur. Lakin xeyirxahlıq ac itin önünə sümük atmaq deyil, ən az it qədər ac olduqda sümüyü onunla paylaşmaqdır”.
Qiraətçi Xəzər Süleymanlı: “Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsərindəki bu cümlə: Mən çox düşündüyüm üçün heç nə etmirəm və heç nə etmədiyim üçün də çox düşünürəm”.
Bloqqer Günel Fərhadqızı: “ Freyd “Aforizmlər”ində deyir ki, “Güclü və iradəli insanları zəif insanların intiharına səbəb olacaq amillər öldürmür, yaşadır. Güclü o insandır ki, həyatının mürəkkəbliyinə, dərdlərinə, problemlərinə, təkliyinə baxmayaraq, həyatda yaşamaq dirənişini göstərir və üzü də ağrılarının şiddətinə baxmayaraq gülür”.
Remark isə deyirdi ki, “İnsanı yalnız o, öləndə itirirsən”, yəni ölməyən insanı hər bir anda geri qaytarmaq mümkündür. İtirilmiş insan ölmüş insandır”.
Yazıçı Oğuz Ayvaz: “Cek Londonun “Martin İden” əsərindən bu cümlə: Ağıl məhəbbət məsələlərinə qarışmamalıdır. Sevdiyin doğru mühakimə yeridir və ya yanılır, bunun heç bir əhəmiyyəti yoxdur. Məhəbbət ağıldan yüksəkdir."
Vaqif Nəsibin “Omaroğlunun qayıtması” hekayəsindəki bu cümlədə də yadımda qalıb: Dedilər kəndə gəlir Omaroğlu. Tanıyanların içindən bir sazaq kimi keçdi bu xəbər.
Şərif Ağayarın “Şəkil” hekayəsindəki bu cümlə: Babamı mən kor eləmişdim. Buna bütün varlığımla inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük idim”.
Jurnalist Yeganə Quliyeva: “Orxan Pamukun “Məsumiyyət muzeyi”ndən bu cümlə: Həyatımın ən xoşbəxt anıymış, bilmirdim”.
Frans Kafka “Milenaya məktublar”ından da bu cümlə: Ola bilsin, əllərim iradəmə qarşı kobudluq edib”.
Jurnalist Fidan Bayramova: “Münir Arıkanın “Həyatın kompası” kitabından bu cümləsi yadıma qalıb: Mən xilas olacağım gün üçün oxuyuram”.
Yazıçı Nicat Həsənəliyev: “Əkrəm Əylisli “Ürək yaman şeydi” hekayəsindən bu cümlə: O pişpişәyә deyәrsәn ki, Әjdәr ölür”.
Jurnalist İlknur Salamova: “Alber Kamyunun “Taun” əsərindən bu cümlə: Bir şəhərlə tanışlığın ən gözəl yolu orada yaşayanların necə işlədiyini, necə sevdiyini və necə öldüklərini öyrənməkdir”.