Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur.
Teleqraf.com xəbər verir ki, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb.
Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.
Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Naxçıvan əhalisinin sayı 450 mindən çoxdur.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur.