Ciddədə öz işini bitirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər siyasəti üzrə Daimi komitəsinin iclasında İƏT tarixində ilk dəfə Gəncliyin inkişafı üzrə Hərtərəfli Fəaliyyət Planı layihəsi qəbul edilib.
Teleqraf.com xəbər verir ki, İƏT Baş Katibliyində birinci iclasına toplanan Gənclik siyasəti üzrə Daimi Komitə ötən il Bakıda keçirilən İƏT Gənclər və İdman nazirləri (GİN) konfransının qərarı ilə yaradılıb. İƏT GİN Şurasına sədrliyin Azərbaycana keçdiyi həmin konfransda qəbul edilmiş İƏT Gənclik Strategiyasının icrası üçün qeyd olunan Fəaliyyət planının hazırlanması qərara alınıb.
Komitənin işinə sədrlik edən Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov öz çıxışında qeyd edib ki, ötən müddət ərzində İƏT tarixində ilk dəfə olaraq Gənclik sahəsində birgə Fəaliyyət planının hazırlanmasına nail olunub.
Səfir daha sonra İƏT ölkələrində gəncliyin ən çoxsaylı və dinamik təbəqə olduğunu qeyd edərək belə bir əməli planın həm gəncliyin rifahı, eyni zamanda müsəlman ölkələrinin sabitliyi və inkişafı baxımından zəruri və mühüm olduğunu qeyd edib.
Daha sonra Planın müxtəlif sahələri üzrə keçirilən debatlar zamanı konkret təkliflər müzakirə edilərək planın layihəsi ümumilikdə qəbul edilib.