Bu gün Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində media-tur təşkil olunub.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı təhsil sistemində aparılan islahatların öz bəhrəsini verdiyini deyib.
Rektor bildirib ki, UFAZ 2016-cı ildə dövlət proqramına əsasən ikili diplom prosesinə qoşulub:
"Fəaliyyət göstərdiyi 3il ərzində əldə olunan nəticələr yüksək səviyyədədir. Bu il birinci kurs tələbələri qış imtahan sessiyası nəticəsində ən yüksək nəticə göstəriblər. Belə ki, ilk dəfə imtahanda 94 faiz uğurlu nəticə əldə edilib. Qeyd etməliyəm ki, bu Strasburq universitetindəki nəticələrdən yüksəkdir. Strasburq universitetində anoloji proqram üzrə nəticələr 34-35 faiz olub. Bunun da əsas səbəbi bizim iki mərhələli qəbul prosesi ilə bağlıdır. Nəticədə biz cəmiyyətin qaymaqlarını universitetə qəbul edirik. Bu vaxta qədər yalnız 3 əcnəbi tələbə universitetə qəbul olub ki, onların imtahan nəticələri yerli tələbələrdən aşağıdır. Lakin təəssüfləndirici haldır ki, bu ildən tələbələr arasında köçürmə hallarına rast gəlinir. Bu hallara qarşı tədbirlər görüləcək".
Tədbirdə çıxış edən UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və baş katib Şarlot Payen universitetdə tədris olunan ixtisaslar, tədris prosesindəki fərqliliklər, üstünlüklər, tələbə kontingenti, qəbul qaydaları barədə məlumat veriblər.
Bildirilib ki, bu tədris ilində 59 əcnəbi müəllim universitetə dəvət edilib. Universitetə ilk qəbul ilində 142, ötən il 145, bu il isə 141 tələbə qəbul olub.