Paytaxt küçələrində şütüyən marşrut avtobusların gündəlik olaraq yuyulması, salonunda gigiyenik qaydaların təmin edilməsi, xəstəlik yaradan virusların təmizlənməsi sərnişinlərin təhlükəsizliyi üçün çox vacibdir.
Lakin təəssüflə qeyd etməliyik ki, sərnişinlər bəzən bir sıra marşrut avtobusların içərisində müxtəlif məişət tullantılarının, siqaret kötüklərinin, oturacaqlarda isə illərdən bəri yığılan çirk və toz qalıqlarının şahidi olurlar.
Hətta mütəmadi olaraq bununla bağlı sosial şəbəkələrdə müxtəlif şəkillərə və şikayətlərə də rast gəlirik.
Bəs bu və ya digər neqativ halların aradan qaldırılması üçün nə edilməlidir?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Teleqraf.com-a bildirib ki, hər gün avtobuslara qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra texniki baxış keçirilir və xarici, daxili yuyulmadan keçir. Bütünü bunlardan sonra avtobus təmiz bir şəkildə xəttə buraxılır:
“Eyni zamanda bir də avtobusların ümumi təmizlənməsi var ki, bu ayda bir dəfə və ya müəyyən vaxtdan bir aparılır”.
Bu məsələdə ictimai qınağın da mühüm rol oynadığını deyən qurum rəsmisi diqqətə çatdırıb ki, sərnişinlərin belə hallarla rastlaşdıqda BNA-ya müraciət etməsi tövsiyə edilir:
“Belə hallar olanda vaxtı, günü, hansı marşrut xətti olduğunu, avtobusun dövlət nömrə nişanını bizə konkret deyin, fakt üzrə araşdırma aparaq və tədbir görək”.
Unutmayaq ki, yoluxucu xəstəliklərin sürətlə yayılmasında sərnişin-nəqliyyat vasitələrinin də üzərinə məsuliyyət düşür. Elə ona görə də avtobus salonlarında sanitar-gigiyenik qaydalarının pozulduğunu gördükdə, mütləq aidiyyəti qurumlara müraciət etmək hər birimizin vətəndaşlıq borcudur.