28 Fevral 2019 16:24
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyinin Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl Qasiminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əlaqələr, bu sahədə Şarca Əmirliyi ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Əbülfəs Qarayev hazırda cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq işlərinin görüldüyünü bildirmişdir. Nazir, həmçinin yaradıcı sənayelər sahəsində həyata keçirilən və planlaşdırılan fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.

Şeyx Fahim bin Sultan Əl Qasimi səfərin məqsədinin Azərbaycanla Şarca Əmirliyi arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olduğunu bildirmişdir. Şarca şəhərinin 2019-cu il üçün YUNESKO-nun Dünya Kitab Paytaxtı elan olunduğunu qeyd edən Əl Qasimi bununla əlaqədar Şarca şəhərində təşkil olunacaq kitab sərgisi və irs günlərində ölkəmizi yüksək səviyyədə iştirak etməyə dəvət etmişdir.

Əbülfəs Qarayev təklifi yüksək qiymətləndirdiyini və sözügedən tədbirlərdə iştirak məsələsinin nəzərdən keçiriləcəyini bildirmişdir. Nazir, həmçinin cari ilin payız aylarında ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Həftəsinin keçiriləcəyini qeyd edərək qarşı tərəfi tədbirdə iştiraka dəvət etmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər