4 Mart 2019 23:57
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər – təqdimat və sərgilər təşkil edərək, qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 80-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2017-ci il mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindəki nitqində səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin may-iyun aylarını əhatə edir.

Kitaba Prezident İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış və bağlanış mərasimlərində iştirakına, XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair materiallar, XXIV Beynəlxalq “Xəzər neft və qaz-2017” sərgi və konfransının açılış mərasimində nitqinin mətni, həmçinin VII Xəzər Beynəlxalq “Energetika və alternativ enerji” sərgisinin açılışında iştirakı haqqında informasiya daxil edilib.

Nəşrdə dövlətimizin başçısının Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına, habelə Polşaya səfərləri, Azərbaycana səfər etmiş Moldova Prezidenti ilə apardığı danışıqlar barədə materiallar, imzalanan sənədlər, dövlət başçılarının mətbuata bəyanatları haqqında informasiyalar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Kitabda Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal”da dərc edilmiş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsi verilib.

Çoxcildliyin 80-ci kitabında Prezident İlham Əliyevin İordaniya, Səudiyyə Ərəbistanı, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və digər dövlətlərin, beynəlxalq təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da yer alıb.

Oxucular bu kitabda ölkə başçısının Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri zamanı sakinlərlə görüşünü, burada yeni inşa olunmuş 96 şagird yerlik məktəblə, həmçinin məscidlə, kənddə aparılan bərpa işləri ilə tanışlığını, eləcə də Şirvan şəhərinə səfərini əks etdirən materiallarla tanış ola bilərlər.

Nəşrdə Azərbaycan Prezidentinin Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışı, Qaradağ rayonunda SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı, Xəzər Dəniz Gəmiçiliyi Donanmasının “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimlərində iştirakı barədə informasiyalar toplanıb.

Prezident İlham Əliyevin “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına məktubu və digər məktubları da bu nəşrə daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 80-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər