Bu gün yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayev özünə məxsus “Go Fitness” idman zalının rəsmi açılışını edib.
Teleqraf.com xəbər verir ki, açılış mərasimində idmançılar, şou-biznes və media nümayəndələri iştirak edib.
Açılışda yunan-Roma güləşi millimizin baş məşqçisi Şaban Donat da daxil olmaqla, məşqçilər heyəti, dünya və Avropa çempionu Eldəniz Əzizli, kikboksinq məşqçiləri – Fuad Zeynalov, Anar Süleymanov, cüdoçularımız – Rüstəm Orucov, Nicat Şıxəlizadə, pauerliftinq üzrə dünya çempionu Ramin Əhmədov, Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov, fitnes məşqçi Kamil Zeynallı, şou-biznes nümayəndələrindən Elnarə Xəlilova, Röya, Abbas Bağırov, Yaşar Yusub, prodüser Anar Mədətov iştirakçılardan olub.
Rəsul Çunayev qırmızı lenti kəsdikdən sonra çıxış nitqi ilə çıxış edib. Qonaqları salamlayan məşhur idmançımız karyerasını bitirdikdən sonra gənc güləşçilərin yetişməsi üçün zal açmaq niyyətinin də olduğunu bildirib. Daha sonra tort kəsilib.
Qeyd edək ki, “Go Fitness” idman zalı Bakıdakı “Yeganə” şadlıq sarayına yaxın ərazidə yerləşir.