1 Sentyabr 2014 17:02
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayı ilə bağlı partiya daxilində müzakirələr, başqanlığa namizəd olan şəxslərin təbliğat kampaniyası davam edir. Müsavatın ziyalı elitasını təşkil edən müsavatçılar da tədricən mövqelərini ortaya qoyur, başqanlıq seçkilərində dəstəkləyəcəyi namizədlərin adlarını açıqlayırlar.

Müsavat Məclisinin üzvü, professor Adil Qeybulla da bu mövzuda fikirlərini açıqlayıb.

Professor deyib ki, hazırda başqanlığa iddiasını ortaya qoyan, iş aparan dörd nəfərdir. Onun fikrincə, bu şəxslərin hər biri başqan olmağa layiqdir: “Hər bir şəxsin keçdiyi yol, partiyada göstərdiyi fədakarlıq, siyasi fəaliyyəti başqan olmalarına imkan verir. Bu baxımdan biz namizədlərə xüsusi fərq qoymuruq və təbii ki, onlara səsi qurultay verəcək. Amma hər kəsin dəstəklədiyi bir namizəd var və həm də dəstək məsələsində hər şəxsin öz arqumentləri var”.

Adil Qeybulla əlavə edib ki, onlar Qubad İbadoğlunun namizədliyini dəstəkləyirlər: “Çünki onun beynəlxalq əlaqələri, ölkə daxilində və partiyadakı fəaliyyəti, nisbətən gənc olması, yeni nəsillə köhnə nəsil nümayəndələri arasında körpü rolunu oynaya bilməsi, ingilis dilini bilməsi üstün tərəfləridir. Bu yaxınlarda Qubad bəy Qırğızıstan parlamentində çıxışlar edib, baş nazirə müşavirlik edib. Bütün bunlar partiyanın yeni imic qazanmasına, passianar təşkilata çevirməsinə, yenidən canlanmasına gətirib çıxara bilər. Bu baxımdan hesab edirəm ki, bu daha məqbul variant və həm də partiyanın uduşu olardı”.

Professor əlavə edib ki, partiyada Qubad İbadoğlunu dəstəkləyən xeyli sayda şəxslər var: “Onu dəstəkləyən çoxdur və onları saysaq qurtarmaz. Partiyanın tanınmış isimlərindən bunu soruşa bilərsiniz. Vurğun Əyyub, MNTK sədri İbrahim İbrahimli, keçmiş Divan üzvlərindən bu haqda soruşa bilərsiniz. Ancaq şübhəsiz ki, mən öz adımdan danışır və öz mövqeyimi səsləndirirəm”.

Adil Qeybulla Qubad İbadoğlunun növbəti başqan olması şanslarının da yüksək olduğu qənaətindədir:
“Mən onun seçilmək şanslarını yüksək qiymətləndirirəm. Əgər müdaxilə olmasa, seçkilər azad və bərabər şərtlər altında olacaqsa, mən onun başqan seçiləcəyini real hesab edirəm. Seçkilərin ədalətli və şəffaf keçirilməsi ciddi məsələdir. Bu hansısa Məclis üzvləri seçkisi deyil. Əvvəla, Müsavat çətin qərar verib və bu Azərbaycan siyasətində ciddi hadisələrdən biridir. Başqan estafeti başqa birinə verir. Bu baxımdan seçkilər o qədər düzgün və ədalətli keçirilməlidir ki, bundan sonra partiyada əlavə problemlər yaşanmasın. Bunun məsuliyyəti həm də partiya başqanının üzərinə düşür ki, tərəfsiz seçkinin obyektiv keçməsini təmin etsin. İsa Qəmbərin bu gün qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri olması da, bu baxımdan təsadüfü deyil”.

Adil Qeybulla qurultaydan sonra təlatümlərin yaranması ehtimalları haqqında da fikirlərini açıqlayıb: “Əlbəttə, bunlar istənilən halda olacaq. Hansısa təlatümlər ola bilər. Ancaq seçki nə qədər obyektiv, ədalətli, azad və demokratik keçirilərsə, bu təlatümlər də bir o qədər az olar. Mən namizədlərə uğurlar arzu edirəm. Hesab edirəm ki, hər birimiz çalışmalıyıq ki, bu seçki sınağından Müsavat üzü ağ çıxsın”.

CAVİDAN

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər