“Uşaq pulunun bərpası ilə bağlı hazırlayıb ictimaiyyətə təqdim etdiyimiz mexanizm gündəmdə ən çox müzakirə edilən məsələlərdəndir”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə uşaq pulu ödənilir:
“Avropa ölkələrinə diqqət yetirsək, Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir.
İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir.
Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir.
Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır.
Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın “analıq kapitalı” adlandırılan ödəniş edilir.
Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifad edilir.
Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaq pulunun bərpasının maliyyə bazası var”.