Dövlət Gömrük Komitəsi (DGK) bir sıra kütləvi informasiya vasitələrində DGK və onun səlahiyyətli şəxslərinin fəaliyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a bildirilib ki, Komitənin səlahiyyətli şəxslərinin kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Qeyd olunubb ki, özünü iş adamı kimi təqdim edən Hidayətov Təyyar Hidayət oğlunun həmin məlumatlarda da etiraf etdiyi kimi, ixrac etdiyi kənd təsərrüfatı məhsulunun dəyəri müqabilində vəsaiti ölkəyə müvəkkil banklar vasitəsilə qaytarmayıb və gömrük orqanlarının vəsaitin qanunla müəyyən edilən formada geri qaytarılmasına dair tələbinin yerinə yetirilməsinin mümkün olmadığını iddia edir: “Digər bir iddia isə ondan ibarətdir ki, guya, ixrac edilən malların invoys dəyəri gömrük orqanları tərəfindən məcburi qaydada artırılır və bununla da sahibkar əlavə vəsaitlər itirir. Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisində idxal-ixrac əməliyyatları qüvvədə olan normativ-hüquqi aktlara əsasən həyata keçirilir və həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həm də qanunun keşiyində duran dövlət məmuru qanunvericilik aktlarının aidiyyəti üzrə düzgün tətbiqinə məsuliyyət daşıyır. Azərbaycan Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Əks halda, həmin şəxslər üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun cəza tətbiqi nəzərdə tutulur”.
Qeyd olunub ki, Hidayətov Təyyar Hidayət oğlu 2017-ci ilin fevral ayının 2-dən 2018-ci ilin sentyabr ayının 30-dək ölkədən çıxardığı ixrac mallarının dəyəri müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində vəsaitin Azərbaycandakı müvəkkil bankda olan hesablaşma hesabına qanunla müəyyən olunmuş müddət ərzində köçürülməsini təmin etməyib: “Yəni, ixrac etdiyi mallara görə əldə etdiyi vəsaiti qanuna əsasən faktiki olaraq geri qaytarmayıb. Həmin şəxsin ixrac etdiyi malların invoys dəyərinin guya gömrük orqanları tərəfindən artırıldığına dair iddialarına gəlincə isə, 2017-2019-cu illər ərzində Hidayətov Təyyar Hidayət oğlu tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlər əsasında 5 ölkəyə (Belarus, Rusiya, Gürcüstan, Türkmənistan və Ukrayna) ümumilikdə 1706379.30 (bir milyon yeddi yüz altı min üç yüz yetmiş doqquz ABŞ dolları otuz sent) ABŞ dolları dəyərində Azərbaycan mənşəli təzə narın ixracı həyata keçirilib. Qeyd olunan ölkələrdən yalnız Rusiya Federasiyasına göndərilən təzə narın 1 kq-nın invoys dəyəri 1.80 ABŞ dolları olaraq Hidayətov Təyyar Hidayət oğlu tərəfindən bəyan edilməklə rəsmiləşdirilib. Digər ölkələrə ixrac olunan təzə narın 1 kq-nın invoys dəyəri isə 0.22-1.01 ABŞ dollarıdır və gömrük orqanlarının malların invoys dəyərinin artırılması tələbinə dair iddialar həqiqətə uyğun deyil”.
DGK-dan onu da bildiriblər ki, Hidayətov Təyyar Hidayət oğlu Komitənin aidiyyəti strukturunun məsul əməkdaşlarının iştirakı ilə gömrük xidməti general-mayoru Mirqasım Vahabov tərəfindən qəbul olunaraq, bütün etik normalara riayət edilməklə dinlənilib və ixrac malları müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bankdakı hesablaşma hesabına bərpası barədə mövcud qanunvericiliyin tələbləri ona izah edilib: “Lakin sahibkar dövlət orqanının haqlı tələbini hələlik yerinə yetirməkdən imtina edərək əsassız iddialar irəli sürür”.