Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” aprelin 19-21-də Xaçmaz rayonunda “Vətəndaşlıq və miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusunda jurnalistlər üçün seminar keçirib.
Teleqraf.com xəbər verir ki, təlim kursunun əvvəlində GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı”nın əməkdaşı Şakir Səfərbəyov seminarın məqsədləri, gözlənilən nəticələr və metodologiya ilə bağlı iştirakçıları məlumatlandırıb.
Seminarı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov aparıb.
S.Məmmədov dünyada və Azərbaycanda vətəndaşlığın əldə edilməsinin formaları barədə danışıb. Deyib ki, vətəndaşlıq əsasən, anadangəlmə əldə edilir. Burada da iki prinsip var: qan hüququ (ius sanquini) və torpaq hüququ (ius soli). Onun sözlərinə görə, Avropa dövlətlərində ius sanquini əsas götürülür:
“Yəni burada vətəndaşlıq şəxsin mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşından doğulubsa, həmin dövlətin vətəndaşı sayılır. Hazırda Avropa dövlətləri ilə yanaşı, bəzi Asiya dövlətlərində də bu prinsipdən istifadə olunur. Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmçinin, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, bizdə də ius sanquini əsas götürülür. Lakin Konstitusiya, həmçinin ius solini vətəndaşlığın əldə olunması üsulu kimi tanıyır. Eyni zamanda naturalizasiya yolu ilə də vətəndaşlığıa qəbul olunmaq mümkündür”.
Daha sonra seminarda “Miqrasiya nədir? Miqrasiya proseslərinin hüquqi tənzimlənməsi” mövzusundan danışılıb. Ekspert miqrasiya ilə bağlı qısa arayış və statistikanı diqqətə çatdırıb, miqrasiyanın formalarından, miqrasiya prosesinin iştirakçılarından və Azərbaycan qanunvericiliyindən bəhs edib. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü və Beynəlxalq Miqrasiya Təşkilatının eksperti olan S.Məmmədov bildirib ki, BMT-nin məlumatına görə hazırda dünyada öz ölkəsinin hüdudlarından kənarda yaşayan 214 milyon insan var:
”Əgər öz ölkələrinin hüdudlarından kənarda yaşayan insanları bir yerə yığmaq mümkün olsaydı, dünyanın əhalisinin sayına görə Çin, Hindistan, ABŞ, İndoneziya və Pakistandan sonra 6-cı ən böyük dövlətini yaratmaq mümkün olardı”.
“Miqrasiya proseslərinin nəticələri: Qanuni və qanunsuz miqrasiya” mövzusunun təqdimatı zamanı bunun müsbət və mənfi nəticələri, qanunsuz miqrasiyanın miqrant və onun ailəsi, təyinat ölkəsi üçün risklərindən danışılıb.
“Əmək miqrasiyası. Əmək miqrasiyası sahəsində beynəlxalq praktika və beynəlxalq normalar. Azərbaycanda əmək miqrasiyası. Hüquqi aspektlər və praktikada olan problemlər” mövzusunun təqdimatı zamanı daha çox maraq doğuran əmək miqrasiyası zamanı məcburi əməyin qurbanı olmağın riskləri məsələsi olub. S.Məmmədov deyib:
“Bildiyiniz ki, transmilli mütəşəkkil cinayətkarlığın 3 əsas növü var. Bunlar qanunsuz silah alveri, narkotik qaçaqmalçılığı və insan alveridir. Bir-biri ilə “rəqabət aparan” bu 3 cinayətkarlıq növündə illik dövriyyə yüz milyardlarla dollardır. BMT-nin son statistikası insan alveri cinayətindən əldə edilən illik dövriyyənin həcminin digər iki cinayət növünü üstələdiyini göstərir. Əmək miqrasiyası zamanı məcburi əməyin qurbanı olmaq da insan alverinin bir növüdür”.
Seminarda xarici ölkələrdə iş təklifləri barədə də təqdimat olub. Bu təqdimat zamanı xarici ölkədə iş təklifləri olarsa, bunun hansı nəticələrinin (müsbət və mənfi) olacağından danışılıb. Riskləri aradan qaldırmaq üçün nələr etmək lazım olduğu vurğulanıb.
Seminarın bağlanış mərasimində çıxış edən GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı”nın əməkdaşı Şakir Səfərbəyov iştirakçılara və ekspertə təşəkkür edib. O, qarşıdakı dövrdə nəzərdə tutulan layihələr, növbəti seminar haqda jurnalistləri məlumatlandırıb.
Qeyd edək ki, müxtəlif KİV-ləri təmsil edən 20-dən artıq jurnalistin iştirak etdiyi seminar aktiv müzakirə şəklində keçib. Seminara Teleqraf.com saytının əməkdaşı da qatılıb.