Əməkdar artist Nailə İslamzadə rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsinin qonağı olub.
Teleqraf.com-un məlumatına görə, aparıcı həyatı ilə bağlı sualları cavablandırıb. O bildirib ki, yeni aparıcılığa başladığı illərdə onu müğənni Akif İslamzadənin həyat yoldaşı hesab edirmişlər:
"Efirə Uluxanova kimi gəldim. İki-üç il sonra İslamzadə oldum. Həmin ərəfədə Akif İslamzadəyə görə bu soyad məşhur idi. Həm də Akif bəyin xanımının adı Nailə idi və bir övladı varıydı. Mənim də bir övladım var. İndi də elə bilirlər ki, mən Sara xanımın gəliniyəm. Hətta hərdən deyirlər ki, yoldaşınız oxumur. Deyirəm, onsuz oxumurdu da.
AzTV-dən özüm getdim, amma məni buna məcbur etdilər. Mən getdiyim vaxtdakı şərait olmamışdı. Bir çoxlarımızı oradan getməyə məcbur olduq".
Aparıcı "Nailə İslamzadə acılarını necə unudur" sualına belə cavab verib:
"Allah insanı unutqan yaradıb. Çox şeylər unudulmur, acı səngiyir. Elə olmasa, heç kim yaşaya bilməz. O günlərdə keçirdiyin hisslər, getdikcə səngiyir. O olmasa, insan dəli olar, yaşaya bilməz. Allahın verdiyi hər şeyi qəbul etmək lazımdır. Qardaşlarım rəhmətə getdi, anam yaşamaq istəmir, amma yaşayır. Düşünürsən ki, sonda yenə görüşəcəyik da, bu adama təsəli verir".
N.İslamzadə sosial şəbəkələrdən gileylənib:
"İndi barmaqarası baxdıqlarımızla yanaşı, yaxşılar da var. Hər kəs hörmətini qorumalıdır. Sosial mediada yaşananlar məni qane etmir. Hər kəs öz mədəniyyətini göstərir. Əlində bir telefon var, sanki, dünya bunlardan ibarətdir. Səhər-axşam "sabahınız xeyir, gecəniz xeyrə qalsın" yazmaq nə verir? Bunlar olmaz".
Şəxsi həyatı ilə bağlı suala isə aparıcı ötəri cavab verməyə çalışıb:
"Hər kəsin ailəsi var. Durum həyat yoldaşımdan danışım və ya şikayət edim? Mənim üçün ayıb olar. Çox övlad istəyərdim, amma Allah birini qismət etdi. Deyirdilər, Nailənin iki-üç qulluqcusu var. Yox, oğlum mənim yeməklərimi yeyir ancaq. İşlərimi özüm edirəm".