Bu il Azərbaycan və Türkiyə tarixində önəmli rol oynamış Əhməd bəy Ağaoğlunun doğumunun 150-ci ildönümüdür.
Teleqraf.com Əhməd bəyin qızı Sürəyya Ağaoğlu haqqında məqaləni təqdim edir:
***
Türkiyənin ilk qadın vəkili olan Sürəyya Ağaoğlu 29 iyul 1903-cü ildə Şuşada doğulub. 1910-cu ildə ailəsiylə birlikdə Türkiyəyə köçüb. 1921-ci ildə Bezmə Aləm Validə Sultan məktəbini bitirib.
Sürəyya xanım 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini verib. Həmin dövr üçün cəsarətli addım olan bu müraciət qəhqəhə ilə qarşılanıb. Sürəyya xanım xatirələrində bu hadisə haqqında belə yazıb:
“1921-ci ilin payızında üç rəfiqəmlə Darülfünunun, yəni “Zeynəb Xanım Qonağı”nın pilləkənlərini çıxırdıq.
Rəfiqələrimdən biri fənn, digəri də ədəbiyyat fakültəsinə daxil olmaq istəyirdilər. Mən də hüquq fakültəsinin qızlar üçün açılmasını və hüquq təhsili almaq istəyirdim. O zaman hüquq fakültəsi qadınların üzünə bağlı idi: rəfiqələrim mənə gülürdülər, müvəffəq olub-olmayacağım bilinmirdi. Hüquq fakültəsi dekanı, beynəlxalq hüquq professoru mərhum Səlahəddin bəy küncdə bir masa arxasında oturmuşdu. Yanında professor Vəli bəy, qarşısında isə ümumi katib Rauf bey durmuşdular. İçəriyə daxil olub: “Mən Sürəyya Ağaoğluyam. Bazmi-Aləm Validə Sultanisini bu il qurtardım. Hüquq təhsili almaq istəyirəm. Məni hüquqa qəbul edərsinizmi?” dedim. Səlahəddin bəy heyrətlə üzümə baxdı. Vəli bəy hər zaman aşağıya əyik başını qaldırdı. Deyəsən, ikisi da zarafat edib-etmədiyimi anlamağa çalışırdı. O zamanlar 17 yaşındakı hər gənc qız çarşab geyərdi. Amma mən isa çarşabsızdım. Boz kostyum geymişdim. Nəhayət, Səlahəddin bəy qəhqəhə ilə güldü: “Daha üç nəfər tap, bu saat fakultəni açaq” dedi. Həqiqətən, fakultə “açmaq” lazım idi. Çünki, qızlar oğlanlar ilə bərabər oxuya bilmirdilar. Günün əvvəli oğlanlara, günortadan sonra isə qızlara dərs keçirilirdi. Əlbəttə, bir tək tələbə üçün bütün müallimlər günortadan sonra dərs keçə bilməzdilər. Vəli bəy başını qaldırdı: “Qadına daha çox həkimlik yaraşır, o fakultəni açdırın” dedi. Mən də: “Onu da həkim olmağa həvəsi olanlar açdırsın” cavabını verdim. Səlahəddin bəy: “Haqq-hüquq məsələsi deyilmi. Sürəyya xanım haqqını burada axtarır, müvəffəq olmasını diləyək” dedi.
Otaqdan dəli kimi çıxdım. İndi başqa fakultələrə yazılmış olan yoldaşları inandırmaq lazım idi. Dərhal, sonralar Siddiq Sami Onarın həyat yoldaşı olan Bedianın yanına qaçdım. Başqa fakultəyə yazılmışdı. Hüquq fakultəsinin açıldığını deyərək onu razı saldım. Bedia ilə digər iki yoldaşımız Məlahət ilə Saiməyi də razı salaraq dördümüz hüquqa yazıldıq. Mənim nömrəm 1 idi”.
Həmin vaxt Əhməd bəy Malta adasında əsirlikdə idi. Sürəyya xanım hadisə ilə bağlı atasına məktub yazıb. Əhməd bəy cavabında tarix və ədəbiyyat oxumasını məsləhət bilib, yaxşı bir hüquqşünas olmaq üçün mütləq ərəb və fars dilini bilməyin vacib olduğunu qeyd edib. Amma qızının mütləq şəkildə hüquq oxumasını istəməsində də qəbahət görmədiyini bildirib. Beləliklə, Əhməd bəy qızına hüquqda oxumasına həm icazə, həm də məsləhət verib: “İlk qız tələbələrsiniz. Ən kiçik bir xətanız sizdən sonrakılar üçün də bir maneə yarada bilər. Bunu yadından çıxartma və oğlan dostlarını seçməkdə çox ehtiyatlı ol”.
Sürəyya xanım ilk dərsləri haqqında belə yazıb: “Sentyabrın sonunda dərslər başladı. Zeynab Xanım Malikanəsinin kiçik bir otağını bizə ayırmışdılar. Dərslar saat 13:30-da başladığı halda, biz dörd rəfiqə böyük bir həyəcanla 12:00-da fakultədə olurduq. Artıq mən də çarşab geyinirdim. İlk dərsə Səlahəddin bəy özü gəldi, bizi təbrik edərək uğurlar arzuladı”.
Sürəyya xanım tələbə ikən erməni terrorçunun İstanbulda qətlə yetirdiyi Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin məhkəməsində iştirak edib. İngilis dilini bildiyi üçün Cavanşir ailəsinin vəkilinin köməkçisi olub.
S.Ağaoğlu 1925-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv olub. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili, qadın hüquqlarının müdafiəçisi ünvanını qazanıb. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçib. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edib. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü kimi fəaliyyət göstərib.
1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurub, lakin övlad sahibi olmayıblar.
S.Ağaoğlu Türkiyənin siyasi həyatında fəal iştirak edib, Yeni Türkiyə Partiyasının qurucularından olub, partiyanın İstanbul təşkilatına rəhbərlik edib. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atıb: Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik edib.
Sürəyya xanım illər sonra daha bir azərbaycanlının məhkəmədə müdafiəçisi olub. Bu, hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan doğma qardaşının məhkəmə prosesi idi...
Sürəyya xanım iki kitab müəllifidir. “Londonda gördüklərim” və “Bir ömür belə keçdi” əsərləri Ağaoğlu ailəsi ilə bağlı zəngin xatirələrdən ibarətdir.
Sürəyya xanım 1982-ci ildə Bakıda olub. Bu tarixi səfər barədə xatirələrində belə yazıb: “Bizi “Azərbaycan” adlı otelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər. Neft sahələrini, xüsusən də dənizdəki neft ərazilərini gəzdirdilər. Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmirəm. Sanki küçələri, parkları tanıyırdım. Anamdan və atamdan o qədər çox dinləmişdim ki. Keçmiş milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox eşitmişdim. Bizə keçmiş karvansaray olan binada azəri yeməkləri verilərkən birdən içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə “Sürəyya abla!” deyə boynuma sarıldılar. Hamımız ağlamağa başladıq... Qarabağa getmək istədim, bakılılar “növbəti dəfə” dedilər”.
29 dekabr 1989-cu ildə İstanbulda “Qadın hüquqları və müasirləşmək” adlı bir konfransdan ayrılarkən beyninə qan sızması nəticəsində vəfat edib.
Sürəyya xanım xatirələrində Mustafa Kamal Atatürkə də geniş yer verib. Bir dəfə Atatürk onu, bacısı Tezeri və valideynlərini evinə yeməyə dəvət edib. Yemək vaxtı qarson boşqabı Atatürkün önünə qoymaq istəyərkən Atatürk Sürəyyaya uzadıb, o isə boşqabı alıb önünə qoyub. Daha sonra Atatürk digər boşqabı Tezərə uzadarkən etiket qaydalarını bilən Tezər boşqabı alıb yenidən Atatürkə uzadıb. Bu hal Əhməd bəyi qəzəbləndirib: “Getməzdən öncə Lətifə xanım “Evdə atandan çəkəcəyin var, sənə çox hirsləndi” deyərək güldü. Anamla, atam əsəbləşmək üçün evə çatmağı gözləmədilər. Atatürkün bizi evə aparmaq üçün verdiyi avtomobilə minər-minməz atam: “Hüquq fakultəsini bitirmisən, amma adam olmamısan. Dünyanın ən böyük adamlarından biri sənə servis edir, sən də alırsan”.
S.Ağaoğlu xatirələrində atasının Atatürkün ölüm xəbərini eşitməsi ilə bağlı bunları yazıb: “Evdə anamın ölümündəki kimi bir matəm havası vardı. Atam yazı masasının üzərində dayanaraq hönkür-hönkür ağlayırdı: “O, böyük bir vulkan idi, bəzən alov fışqırırdı – mənə də fışqırırdı – amma gözəl bir alovdu””.