21 May 2019 12:55
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilir.

Teleqraf.com xəbər verir ki, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirlər.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ərəfəsində müxtəlif beynəlxalq nəşrlər öz mülahizələrini yaymağa başlayıblar. Böyük Britaniya Xarici İşlər Nazirliyi isə bununla bağlı xüsusi bəyanat yayıb:

“Bundan sonra müxtəlif nəşrlər Londonun Bakıdan uzaq olması, Bakıda mehmanxanaların bahalı olması və sair tipli xəbərlər yaymağa başladılar. Bu xəbərlər Ermənistan KİV-də də yer almağa başladı. Bu cür yazılar Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər zamanı xarici KİV-lərdə yer alıb. Onlar Azərbaycanla bağlı qara planların həyata keçirməyə çalışıblar. Bizim bura toplaşmaqda məqsədimiz odur ki, dünya mətbuatında gedən bu sayaq xəbərlərə, yazılara öz münasibətimizi bildirək. Britaniya jurnalistlərinə ünvanlanan bəyanat qəbul edək”.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, hazırda dünyada həm səssiz, həm hibrid, həm də informasiya müharibəsi aparılır:

“Bizə qarşı hazırda aparılan bu müharibə informasiya müharibəsidir. Mən bu xəbər yayılandan dərhal sonra London və Bakıda baş verən kriminal hadisələrin müqayisəsini apardım. Məlum oldu ki, Londonda baş verən kriminal hadisələrin sayı Bakıda baş verən kriminal hadisələrin sayından dəfələrlə çoxdur. Mən düşünmürəm ki, Böyük Britaniya XİN bu reallıqlardan xəbərsizdir. Bakıda 12 min Britaniya vətəndaşı yaşayır, BP kimi böyük şirkət fəaliyyət göstərir. Onlara qarşı heç bir kriminal hadisə baş verməyib. Biz qəbul edəcəyimiz bəyanatda bu məqamlar da əksini tapmalıdır”.

“Teleqraf Holdinq”in rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı bildirib ki, Böyük Britaniya XİN-in sözügedən bəyanatı həqiqətən qərəzli və böhran xarakterlidir. O qeyd edib ki, Azərbaycan paytaxtı bu gün dünyanın ən sabit paytaxlarından, ən sakit şəhərlərindən biridir:

“Ümumiyyətlə, Azərbaycan bu gün Cənubi Qafqazda ən sabit ölkədir. Son 25 ildə Azərbaycanda hər hansı terror aktı baş verməyib. Amma bir çox Avropa ölkələrinin paytaxtlarında, o cümlədən Londonda dəfələrlə terror aktı baş verib. Bu baxımdan Britaniya XİN-in bəyanatı anlaşılan deyil, qərəzlidir. Çox təəssüf ki, Azərbaycan hər dəfə beynəlxalq tədbirlər ərəfəsində bu cür hadisələrlə üzləşir”.

A.Camalqızı bildirib ki, Bakıda heç bir mafioz qrup üzvü, bir kriminal avtoritet belə yaşamır:

“Amma dünyanin ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində mafioz və kriminal qruplar var. Sözügedən bəyanatda küçələrin işıqlandırılmasının həyata keçirilmədiyi qeyd olunub ki, bu da absurddur”.

“Teleqraf Holdinq”in rəhbəri qeyd edib ki, Azərbaycan multikulturalizm, tolerantlıq mərkəzidir:

“Bu qərəzli münasibətə ən böyük cavab odur ki, Azərbaycanda BP kimi nəhəng Britaniya şirkəti çox rahatca neft çıxara bilir və onun, eləcə də digər Britaniya şirkətlərinin əməkdaşlarının həyatına heç bir təhlükə yoxdur. Bu baxımdan mən hesab edirəm ki, belə bir bəyanatın hazırlanması çox yerində atılan addımdır və lazımlıdır”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid təklif edib ki, Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya diplomatlarına, əməkdaşlarına müraciət edilsin:

“Bakıdakı barlarda gecələr ən çox olanlar da məhz ingilislərdir. Desinlər görək, onlara qarşı hər hansı təhlükə olubmu?! Digər tərəfdən, bu bəyanat onlara özlərini sığortalamaq üçün lazımdır. Çünki özləri də bilirlər ki, ingilislər necə çılğın azarkeşlərdir. Azərbaycan vətəndaşları təmkinli olmalıdırlar”.

Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, “Bakı-Xəbər” qəzetininin baş redaktoru Aydın Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli öz fikirlərini açıqlayıb, müxtəlif təkliflər irəli sürüblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər