Milli Məclisin deputatları Azər Badamov və Kəmaləddin Qafarov məzunu olduqları Kimya-Biologiya Təmayüllü Respublika Liseyində görüş keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Kimya-Biologiya Təmayüllü Respublika Liseyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, deputatlar liseyin müəllim və şagirdləri ilə səmimi görüş keçirib, liseydə təhsil aldıqları illər barədə öz təəssüratlarını bölüşüb, müəllim və şagirdlərlə şəkil çəkdirib və liseyin xatirə kitabında öz ürək sözlərini yazıblar.
“Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin rəhbərliyi, müəllim və şagirdləri adından vaxtayırıb bizimlə görüşə gəldiklərinə görə məzunlarımıza dərin minnətdarlığımızı bildiririk”, – deyə liseyin yaydığı məlumatda bildirilib.
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, hələ də həmin görüşün xoş hissləri və duyğuları altındadır:
“Bu, çox yaddaqalan və əlamətdar bir görüş oldu. Hesab edirəm ki, bu görüş hələ uzun illər yaddaşımdan, hafizəmdən silinməyəcək. Məzunu olduğun məktəbə getmək, yenidən o illərə qayıtmaq, yenidən o gözəl anları yaşamaq və xatırlamaq, üzərində əziyyəti və zəhməti olan insanlarla, müəllimlərlə, həmçinin, liseyin yeni məzunları, şagirdləri ilə tanışlıq imkanı əldə etmək sözlə ifadə edilməyəcək anlar, hisslərdir. Görüş zamanı bir daha duyğulandıq, bir daha təsirləndik, bir daha həyəcanlandıq. Yenə deyirəm, gözəl hisslər, gözəl anlar idi. Belə bir görüşü təşkil etdiyi, bir daha o gözəl anları yaşatdığı üçün liseyin rəhbərliyi başda olmaqla, hər bir kəsə, məzunlara öz minnətdarlığımızı bildirir, təşəkkürlərimizi ifadə edirik. Allah hər birindən razı olsun!”.
Qeyd edək ki, 1968-ci təvəllüdlü Azər Badamov ötən il Teleqraf.com saytının “Brifinq” layihəsində qonaq olarkən uşaqlıq və təhsil illəri barədə aşağıdakıları demişdi:
“Səkkiz il doğulduğum Qusar rayonunun ucqar dağ kəndi Düztahir kənd orta məktəbində, 9-10-cu sinifləri isə Bakıda Kimya-Biologiya Təmayüllü İnternat Məktəbində (hazırkı Kimya-Biologiya Təmayüllü Respublika Liseyi) oxumuşam. Qeyd edim ki, həmin vaxt Bakıda 3 təmayül üzrə – fizika-riyaziyyat, kimya-biologiya və bədən tərbiyəsi təmayüllü internat məktəb var idi. Mən sənədlərimi kimya-biologiya təmayüllü internat məktəbinə verdim. İmtahandan müvəffəqiyyətlə keçdim. Biz orta məktəbdən kimya-biologiya təmayüllü məktəbə 3 nəfər gəlmişdik. Yəni, məndən savayı 2 sinif yoldaşım var idi. Bakıya həkim olmaq arzusu ilə gəlmişdik. Kimya və biologiya fənlərini sevirdim və yaxşı oxuyurdum. Üçümüz də həkim olmağa hazırlaşmışdıq. Tale elə gətirdi ki, mən 10-cu sinfi bitirdikdən sonra istiqamətimi dəyişdim. Sənədlərimi Tibb İnstitutuna vermək əvəzinə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna verdim. Digər iki sinif yoldaşım isə Tibb İnstitutunu seçdilər. Orta məktəbi və təmayül məktəbi fərqlənmə attestatı, tərifnamələrlə bitirmişdik və o sənədlərlə hansı ali məktəbi seçsəydik, qəbul olunardıq. Heç bir hazırlıq olmadan Xalq Təsərrüfatı İnstitutuna sənədlərimi verdim, həmin il də qəbul olundum. Qeyd etdiyim kimi, sinif yoldaşlarım Tibb İnstitutuna qəbul olundular. Hazırda onlardan biri respublika səviyyəsində tanınmış neyrocərrah Ələsgər Həsrətovdur. Respublika Neyrocərrahiyyə Mərkəzində işləyir. Digər sinif yoldaşım Əjdər Ağacanov isə hərbi həkim oldu. Hazırda Daxili Qoşunlaın hospitalında şöbə rəisidir, tibb xidməti polkovnikidir. O da yaxşı bir həkim kimi yetişdi. Mən də həkimliyə getsəydim, yəqin ki, onlar kimi yaxşı bir cərrah olardım. Ancaq istiqamətimi dəyişib iqtisadçı oldum. Bəlkə də taleyim düz istiqaməti seçməkdə mənə kömək etdi”.