25 May 2019 13:00
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz kədərli, qəmli bir yerdəyik, amma mən sevinc hissi keçirirəm. Sevinc hissi keçirirəm ki, günahsız yerə tələf olmuş, məhv olmuş insanlarımızın xatirəsinə vicdan borcumuzu qaytarırıq. Belə bir muzeyin yaradılması mənim çoxdankı arzum idi. O vaxt deputat olanda dəfələrlə şəhidlər muzeyinin yaradılmasını təklif etmişdim. Çox min­nətdaram Sərhəd Xidmətinə, çox minnətdaram hörmətli Prezidentimiz İlham Əliyevə dəstəyinə görə ki, belə bir muzey ərsəyə gətirildi. Mən hətta o vaxt təklif edirdim ki, o uçurulmuş heykəlləri - Stalin, Kirov və başqaları dağıdılmasın, onları bu “KQB”nin həyətinə yığıb saxlasınlar. Bu, ibrət dərsi olsun".

Teleqraf.com xəbər verir ki, bunu yazçı Anar Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən zaman deyib.

Onun sözlərinə görə, Bu muzey də bir ibrət dərsidir, bu hal tarixdə heç vaxt təkrar olunmamalıdır:

"Mən niyə bunu xüsusi vurğulayıram? Çünki indi qonşu ölkələrdə müəyyən dərəcə Stalin repressiyalarına haqq qazandırmaq kimi təşəbbüsləri var. Deyirlər, düzdü, filan qədər adam ölüb, amma bu zərurət idi. Halbuki heç bir halda insan tələfatını “zərurət məntiqi” ilə nə izah etmək, nə də bağışlamaq olar. Ona görə də belə bir muzeyə görə mən bir daha təşəkkür edirəm.

İstərdim ki, bura cavanlarımız da, yaşlılarımız da gəlsinlər. Bir də onu da demək istəyirəm ki, mən burada babam – Azərbaycanın ilk Səhiyyə Naziri Xudadat bəy Rəfibəylinin də şəklini gördüm. O, məhz bu ayda mayın 20-də 1920-ci ildə Nargin adasında güllələnmişdi. Allah ona da, hamısına da rəhmət eləsin".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər