Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur.
Teleqraf.com xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.
M.İbrahimov deyilənlərin həqiqətə uyğun olmadığını bildirərək, müzakirələri yersiz adlandırıb:
“Orada insanların başına çəkilən qaloş deyil. Qaloşdan söhbət də gedə bilməz. Seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açırlar. Ehsan süfrəsinə ətraf kəndlərdən insanlar gəlir. O görüntülər də ildönümündə çəkilib. Ehsan süfrəsi açılır, insanlar bir tikə yeyib gedirlər. Burada pis heç nə yoxdur. İnsanlardan ocağa hörmətlə yanaşmağı xahiş edirəm, şəkk edib pis-pis şeylər yazmaq düzgün deyil”.
M.İbrahimov qeyd edib ki, insanların başına çəkilən mərhumun papağı olub:
“Sadəcə baş geyimini sellafona büküb nümayiş etdirirlər. Eyni zamanda, istəyə uyğun olaraq, insanların başına çəkirlər. Bu məlumatları kim yayıb, niyə yayıb - onu deyə bilmərəm. Amma görünür ki, süni ajiotaj yaratmaqdan başqa bir şeyə xidmət etmir”.
Rayon rəsmisinin sözlərinə görə, hazırda Seyidin evində onun nəvələri yaşayır:
“Evdə yaxınları, ailə üzvləri yaşayırlar. Seyidin oğlu rəhmətə gedib. Videoda büstün yanında papağı nümayiş etdirən nəvəsi Seyid Xəlildir. Seyidin babaları keçmişdə İrandan gəliblər. Özləri Goranboyda doğulub, burada boya-başa çatıblar. Seyid özü də, oğlu da rayonda rəhmətə gedib”.