21 İyun 2019 09:01
18 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadədir.

Onunla müsahibənin mətnini və videosunu təqdim edirik.

Nərgiz Ehlamqızı: Bu il deputatlar ənənəvi olaraq tətilə buraxılmır, ilk dəfə yay boyunca da komitə iclasları, plenar sessiyaların keçirilməsi nəzərdə tutulub. Bu, hansı zərurətdən irəli gəlir?

- Bizim rəsmi tətilimiz iyulun 15-dən başlayır, amma ənənəvi olaraq mayın axırında parlamentin yaz sessiyası bitir və son iclasda himnlə vidalaşırıq. Sonra plenar iclaslar olmurdu, yaxud iyunda növbədənkənar bir-iki iclas keçirilməsi ilə bağlı deputatlar müraciət edirdilər. Sonrakı dövrdə təbii ki, komitələrdə iş gedirdi və biz rəsmi məzuniyyətə çıxana qədər çox az həcmdə də olsa işə gəlib-gedirdik.

Amma parlamentdə qəbul olunmuş yeni qaydalara görə, əvvəllər komitələrdə bir oxunuşda hansısa qanun layihəsini müzakirə edib plenar iclasına çıxarırdıqsa, indi onu həm də komitə iclasında müzakirə etməliyik, parlamentdə 3 oxunuşda müzakirədən sonra qəbul olunmalıdır. Nəticədə iş yükümüz artıb. Qüvvədə olan qanuna görə, rəsmən mayın 31-nə qədər plenar iclasın keçirilməsi nəzərdə tutulsa da, millət vəkillərinin 63 nəfərinin müraciəti ilə bu iclasların sayı artırılıb.

İlk dəfədir iyulda da işləmək nəzərdə tutulub və sonuncu iclaslarımız iyulun 12-si və 14-ə təsadüf edəcək. Ayın 15-ü də rəsmi məzuniyyətə gedəcəyik.

Nərgiz Ehlamqızı: İclasların sayının artırılması ilə bağlı müraciət edən 63 deputatın içərisində siz də var idiniz?

- Bəli. Ümumi iş yükü çox olanda komitələrdə müzakirə aparılır ki, çatdıra bilmirik və millət vəkillərinin imza toplaması təklif olunur. Qanunun müvafiq müddəasını rəhbər götürərək yay aylarında da iclasın keçirilməsi ilə bağlı qərar qəbul eləmişik.

Nərgiz Ehlamqızı: Bir sıra deputatlar etiraf edir ki, qanunvericilikdə bəzi boşluqlar insanların məhkəmələrdə hansısa hüquqlarının müdafiəsinə əngəl törədir. Onlar hansı boşluqlardır?

- Hüquq sistemində boşluq olduğunu demək olmaz, hüququn işlənməsində müəyyən boşluqlar var. İnsanların da son ümid yeri məhkəmədir, ədaləti məhkəmədən gözləyirlər. Məhkəmədə ədaləti tapa bilmirlərsə, artıq digər qurumlar yox, məhz məhkəmə hakimiyyətinin işi ilə bağlı narazılıqları dilə gətirirlər. Hesab edirəm ki, məhkəmə hakimiyyəti hazırki dövrdə tələblərə kifayət qədər cavab verə bilmir.

Birincisi, cənab prezidentin aprelin 3-də məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsi ilə bağlı verdiyi fərmanda məhkəmə hakimiyyətində müəyyən neqativ məqamların aradan qaldırılması yolları öz əksini tapıb. Sual oluna bilər ki, bu fərman hansı zərurətdən yarandı?

Belə fərmanı gözləyirdik, cənab prezident də artıq tam əmin oldu ki, məhkəmə hakimiyyətində çox böyük qüsurlar var, məhkəmə hakimiyyətinin müəyyən üzvləri korrupsiya və rüşvətə qurşanıblar, ədalətsiz qərarlar çıxarırlar, süründürməçiliyə yol verirlər, bu baxımdan ölkə başçısı fərman verərək addım atdı. Fərmanda müəyyən bəndlər – ekspertizaların keçirilməsi, məhkəmə icraçılarının fəaliyyətindən tutmuş digər məqamlar var. Xüsusilə qeyd etmək istərdim ki, bunların içərisində məhkəmə proseslərinin audio-yazısının aparılması olduqca vacib şərtdir.

Dediyiniz boşluqlardan biri də bu idi ki, məhkəmə iclası zamanı tərəflərin qaldırdığı vəsatətlər, fikirlər, şahid ifadələri saxtalaşdırılırdı, nəticə etibarilə sonra bunu sübut etmək çox çətin olurdu. Amma indi audio-yazıların aparılması təbii ki, bu cür neqativ halların qarşısını alacaq. Amma ümumilikdə məhkəmə hakimiyyəti düzələcəkmi? Elə hesab edirəm ki, kadr islahatları aparılmadan məhkəmə hakimiyyətində istədiyimiz kimi uğurlu nəticələrin əldə olunması çox çətin olacaq.

Çünki müəyyən qüvvələr var ki, bu fərmana və məhkəmə hakimiyyətinin xalqın arzu etdiyi vəziyyətə düşməsinə dirəniş göstərirlər. 20 il rüşvət almış hakim, məhkəmə sədri cənab prezidentin bu fərmanından sonra islahatçı ola bilməz. Vacib deyil ki, 20-25 il məhkəmədə hakim işləyən adam təcrübəsinə görə məhkəmə sədri təyin olunsun, əslində 3-4 il işləmiş gənc kadrlar var ki, imtahan verib işə qəbul olublar.

Onu da qeyd edim ki, hazırda məhkəməyə işə qəbulla bağlı imtahanlar çox şəffaf aparılır, ən layiqliləri seçilir, biz də o prosesdə oluruq. Amma bu prosesə qoşulduqdan bir neçə ildən sonra tənqid hədəfinə çevrilən hakimlər olur. Ona görə təklif edirəm ki, gənc kadrları məhkəmə hakimiyyətinə vəzifəyə gətirməklə onların qarşısına yeni tələblər qoyulmalıdır: rüşvət olmayacaq, ədalətli qərarlar qəbul olunacaq, hansı hakim bilə-bilə qərəzli şəkildə ədalətsiz qərar qəbul edəcəksə, dərhal məhkəmə hakimiyyətindən uzaqlaşacaq.

Bu cür şərtlər olmasa, məhkəmə hakimiyyətində istədiyimiz nəticələrin əldə olunmasına hələ də şübhə ilə yanaşıram.

Qurban Yaquboğlu: Nədən məhkəmə prosesinin audio-yazısı aparılsın, video-yazısı yox?..

- Məhkəmədə əsasən danışıqlara, ifadələrə, fikirlərə qiymət verilir, ona görə audio-yazının özü olduqca mütərəqqi addımdır. Audio-yazını hətta vəkil və tərəflərin əldə etmək imkanı varsa, onun yuxarı instansiyada sübut etmək imkanı 100 faiz realdır. Təbii ki, yuxarı orqan ona qulaq asa-asa bildiyi qərarı qəbul etməyəcəksə... Onsuz da prosesdə müəyyən çəkilişlər aparılır, amma belə hesab edirəm ki, video-görüntülərin müşayiəti ilə məhkəmə prosesinin aparılması müəyyən qədər psixoloji gərginliyə səbəb ola bilər.

Amma əgər sərbəst şəkildə audio-yazılar gedirsə, bu, qaneedici məqamdır. Vəkillər Kollegiyası, tərəflər bu prosesi istəyirdi. Dəfələrlə hallar olub ki, məhkəmə iclas protokolları məhkəmələr tərəfindən saxtalaşdırılıb. Artıq saxtalaşdırmalar olmayacaq. Nəticədə qəbul edilən qərarların dürüstülüyü ilə bağlı faiz nisbəti xeyli artacaq. Audio-yazı vacibdir, video çəkiliş psixoloji təsir edə bilər. Sabah həmin video-yazı yayıla da bilər. Elə şahidlər var ki, həqiqəti demək istəyirlər, amma istəmirlər onun görüntüləri kiminsə əlində olsun. İndi Allaha şükür sosial şəbəkələr elədir ki, qapıdan çıxmamış artıq mətbuatda olur.

Nərgiz Ehlamqızı: Bir vaxtlar hüquq fakültəsi prestijli hesab olunurdu, daha çox imkanlı şəxslərin övladlarları ora üz tuturdu. Bir ara bu fakültəyə düşənlər arasında təsadüfi adamlar, müğənnilərdən tutmuş ən müxtəlif sahənin adamları da vardı. İndi vəziyyət necədir?

- İndi də çox bərbaddır. Bütün özəl ali məktəblərin hamısında hüquq fakültələri var, amma təəssüf ki, onların nə maddi-texniki bazası, nə də kadr potensialı hüquqşünas hazırlamağa imkan verir. Əvvəllər Bakı Dövlət Universitetində hüquq fakültəsində əyani, qiyabi və axşam təhsil olmaqla ildə 75 nəfər kadr yetişirdi, sonra 125-ə qaldırıldı. Bu, Azərbaycan üçün kifayət qədər normal idi. İndi bütün özəl və qeyri-özəl məktəblərdə, hətta təyinatı pedaqoji, ekoloji olan sahələrdə də hüquq fakültələri var və çox təəssüf ki, bu cür hüquqşünaslarımızın sayı çoxdur.

BDU-da ikinci ixtisas adı altında çoxsaylı insanlara hüquq fakültəsinin diplomu verildi. Xatırlayırsınızsa, müğənnilərə, müğənni olmayanlara da diplomlar bəxşiş kimi paylanırdı. Bunlar hamısı təbii ki, qanun pozuntusu idi.

Elşad Abdullayevin rəhbərlik etdiyi Beynəlxalq Universitetdə də beləydi. Çayxanalarda insanların pulu alıb adını yazırdılar, 2-3 il sonra hüquq diplomu verirdilər.

Savadlı hüquqşünaslara ehtiyac var. Zaman göstərir ki, dövlət sektorunda təhsil alanların bilik və bacarığı özəl sektordan daha üstündür.

Nərgiz Ehlamqızı: Bəs hüquq müdafiəçiləri necə? Bir neçə yaşlı mütəxəssisin adını bilirik, gənc hüquq müdafiəçiləri niyə yetişmir?

- Əslində yetişməlidir, Novella xanım da, Səidə xanım da, Səadət xanım da, Arzu Abdullayeva və indi adı yadımdan çıxan digər hüquq müdafiəçiləri uzun illərdir fəaliyyət göstərirlər. Mən də o qəbildənəm, hesab edirəm ki, sükanı digər hüquq müdafiəçilərinə vermək lazımdır.

Hüquq müdafiəçiliyi də bir ara biznesə çevrildi, öz şəxsi maraqlarını önə çəkmək, kimisə müdafiə adı altında hüquq müdafiəçiliyi də sanki nüfuzun itməsinə gətirdi. Xatırlayıram, müəyyən məsələləri müzakirə edəndə bəzi hüquq müdafiəçiləri adlar verirdi, araşdıranda görürdük ki, həmin adamlar narkotik maddə satışına və ya tamamilə başqa şeyə görə tutulub. Bax belə ləkə gətirən insanlar da var.

Bütün dövlətlərdə normal, sağlam hüquq müdafiəçiləri olmalıdır və onlar siyasiləşməməlidir. Həmişə hörmətli hüquq müdafiəçilərimizə də deyirəm ki, hüquq müdafiəçisi hansısa partiyanın tərkibindədirsə, o, artıq müstəqilliyini itirdi. Hansısa partiyanın konfransında iştirak edib sonra gəlib müstəqil qərar qəbul etmək başa düşülən deyil. Sağlam düşüncəli, müstəqil, obyektiv, ədalətli mövqe ortaya qoya biləcək hüquq müdafiəçilərinin yetişməsinin tərəfdarıyam. Əfsuslar olsun ki, gənclərimiz bəzən buna o qədər də maraq göstərmirlər.

Mənsur Rəğbətoğlu: Deputat kimi yəqin tez-tez insanların içində olursunuz, seçicilərlə görüşdə insanların dilə gətirdiyi əsas problemlər nədir?

- Seçildiyim 80 saylı İmişli-Beyləqan seçki dairəsini əhatə edən aprelin 1-dən 40 kənddəki görüşlərimi iyunun 10-da yekunlaşdırdım. Həmişə ilin birinci yarısında dairəmdə olan kəndlərin hər birində seçicilərimlə görüş keçirirəm. Kəndlərdən biri rayondan 51 kilometr kənardadır, təxminən 30 kilometri bəndüstü, torpaq yollardır. Belə yerlər var, o insanlarla gedib görüşmək lazımdır.

Görüş zamanı elə problemlər ortaya çıxır ki, millət vəkili olaraq onun öhdəsindən gəlmək çox çətindir. Biz əslində su, yol çəkməyi vəd etməli deyilik, amma seçki dairəsində problemlər varsa, onu müvafiq qurumları çatdırmaq bizim borcumuzdur. Aqrar sahə ilə bağlı ölkədə siyasi kurs ortaya qoyulub, inkişaf etdirilir. Elə seçicim var taxıl əkib suvarma problemi var. Eləsi var deyir cəmi 60 metr boru lazımdır ki, kanaldan ora çəkilsin, su idarəsi 60 metr borunu tapıb təmin edə bilmir. Öz güclərinə də edə bilmirlər, çünki orada texnikada da işləməlidir.

Taxıl biçini ilə bağlı da problem var, dedilər 5 kəndə bir kombayn ayrılıb, əgər kombayn hər gün 10 hektar biçə bilirsə, təsəvvür edin, hər kənddə yüzlərlə hektar əkin sahəsi varsa, bu, nə deməkdir. Son illərdə aqrar sahədə camaatın üzləşdiyi problemlər əkin və yığım vaxtı texnikanın çatışmaması ilə bağlıdır. Bu istiqamətdə dövlət müəyyən addımlar atır, yeni texnikalar alınıb gətirilir, su-meliorasiya təsərrüfatına pul ayrılır, ümid edirəm bir neçə il sonra bu problemlər öz həllini tapacaq.

Son zamanlar camaatdan sosial yardımların alınması ilə bağlı şərtlərlə əlaqədar müraciətlər artıb. Düzü, sosial yardımların verilməsi üçün qoyulan şərti başa düşə bilmirəm. Seçicilər sosial yardımla bağlı müraciət edəndə onlara deyilir ki, gedin işə girin, iş yeriniz olsun, sonra sosial yardım verək. Əgər iş yeri varsa, bu yardıma nə ehtiyac olar? Bunu plenar iclasda qaldıracağam, soruşacağam ki, bu, nə tələbdir? Yardımı məhz ona görə istəyir ki, işi yoxdur.

Kəndlərdə çox maraqlı təkliflər verdilər ki, sosial yardımı dayandırın, əvəzində uşaq pulunu artırın. Biz 10 milyonuncu uşağın dünyaya gəlməsini toy-bayram kimi qeyd ediriksə və əhalinin artmasında dövlət maraqlıdırsa, onda uşaq puluna verilən qiymət də artırılmalıdır. Bu məsələni də parlamentdə qaldırmağı düşünürəm.

İnsanlar bunu tələb edir, gəlin, 2-3 uşağı olanların müavinətini artıraq, sosial yardımı kəsək. Çünki orada yenə müəyyən neqativ məqamlar var, insanlar narazı qalır. İnsan birdəfəlik müavinətlərin olmadığını, amma uşaq puluna görə yaxşı pul veriləcəyini biləndə təbii ki, artıq yeni uşaq dünyaya gətirməkdə, dövlətdən dəstək almaqda maraqlı olacaq. Rusiyada, Belarus təcrübəsində səhv etmirəmsə, iki uşağa görə ailəyə 10 min dollara qədər pul ayrılır, 18 yaşa qədər onu ancaq uşağın təhsilinə, istirahətinə yönəldə bilər, bizdə də qayğı göstərilməlidir. Bir uşaq dünyaya gələndə 100 manat civarında pul verilir, 5 uşaqdan sonra ailəyə maddi yardım edilməsi başadüşülən deyil. Bu gün Azərbaycanda 5 uşağı olan ailələr barmaqla sayılır.

Bir maraqlı məqam da var, 6-7 il əvvəl İmişlidən bir nəfər mənə zəng elədi ki, o zaman uşağın doğulmasına görə 87 manat verilirdi. O da uşaq puluna görə sənədlərini düzəltməyə gəldiyini dedi, qayıtdı ki, notariusda mənə 17 manat sənədlərin təsdiqi üçün pul istəyirlər, filan kəndən gəlmişəm, həmin kənd də rayon mərkəzinə 25 km kənardadır, söylədi ki, üstümdə o qədər pul yoxdur, neyləyim? Ona kömək elədim, notariusdan xahiş etdim ki, rüsumları öz cibindən ödə, o adamı incitməyin, sənədləri verildi. Beləcə 17-18 manat rüsumlara gedir...

Bu gün ölkədə rüsumların miqdarı çoxdur. Bu günlərdə parlamentdə çıxışımda bildirdim, gəlin, dövlət rüsumlarına yenidən baxaq, texniki şərtlərlə bağlı qiymətlər çox bahadır. Beyləqanda Axıska tüklərinin məskunlaşdığı “Türklər” deyilən kənddə görüş zamanı dedilər ki, su vurmaq üçün boru almışıq, işığa qoşulmağa 1500 manat rüsum istənilir, amma 80 hektar torpağımız su altında yanır.

Mənsur Rəğbətoğlu: Sosial yardımın kəsilib əvəzində uşaq pulunun artırılmasını fikrini irəli sürdünüz. Dövlətin ikisini bir yerdə verməyə gücü yoxdurmu?

- Bunun üçün büdcəyə baxmaq lazımdır. Neftin qiyməti oynayır, hesab edirəm ki, dövlət vətəndaşlarına çox böyük güzəştlər elədi, 10 min manatlıq problemli kreditlərlə bağlı dövlətin, cənab prezidentin atmış olduğu addım 840-900 minə yaxın insanı özündə ehtiva elədi, sanki bağışlandı. Hətta artıq ödənilən pullar geri qaytarıldı. Dövlət ən kritik anlarda öz əlini, dəstəyini xalqa uzadır. “Diqlas”da yanğın zamanı da kompensasiyalar ödənildi. Mən maliyyəçi deyiləm, amma həm sosial yardım, həm də uşaq pulunun birgə verilməsi bir az çətin məsələ olar. Bir şey də var, insanlar sanki sosial yardım alanda tənbəlləşirlər. Bəzən baxırsan ki, sosial yardıma ehtiyacı olmayan adamlar da alırlar.

Mən ümumiyyətlə, sosial yardımın tam kəsilməsinin tərəfdarıyam. Ondansa gənc ailələri yardımları bir neçə dəfə artırmalıyıq. Bu gün verilən pul onun aylıq pampersinə dəyir, ya yox. Hələ əyin-başını, yeyib-içməyini kənara qoyuram. İndiki kimi uşaq pulu birdəfəlik yox, ən azı 8 yaşına qədər hər aylıq verilməlidir.

Mənsur Rəğbətoğlu: Sosial yardımın və ya uşaq pulunun yerinə normal iş yeri yaradılmalı deyildimi? Bakıda iş tapmaq olur, amma aylıq 200-300 manat maaş verilir. Maaşlar niyə 800-1000 manatdan başlamır ki?

- 200 manat əsasən özəl sektordadır, vergidən yayınmaq üçün 200 manat rəsmiləşdirilsə də, əmək haqqını faktiki çox verilir. Amma çox az əmək haqqı verilən yerlər də var. Bu yaxınlarda bir binanın mühafizəçisi ilə söhbət elədim, 1 sutka işləyir, növbəti sutka istirahət edir, 200 manat əmək haqqı alır. Özü ilə yemək gətirirsə, 30-40 manat yemək puluna çıxır, gəlib-getmək üçün də 30 manat yol puluna sərf edir, belə çıxır ki, evə cəmi 120 manat pul aparır. Bu da yəqin onun ay ərzində aptekə girib-çıxmasına ancaq kifayət edir. Bu baxımdan məsələ düşünülməlidir.

Özəl şirkətlərin rəsmi qaydada qeydiyyatdan keçən gəlirləri yüksəkdirsə, dövlət onların qarşısında tələb qoymalıdır ki, əmək haqqı 400-500 manatdan aşağı olmasın.

Mənsur Rəğbətoğlu: Ölkədə yaşayan vətəndaşların maaşı yeməyinə çatır.

- Əgər çatırsa...

Mənsur Rəğbətoğlu: İnsanlar üçün maraqlıdır, vətəndaşın əmək haqqı ancaq yeməyə çatırsa, bəs deputatın pulu nəyə çatır? Qarşıdan isti yay günləri gəlir, deputatlar aldıqları maaşla istirahət edə bilirmi? Sadə insanlar istirahət edə bilmir, vətəndaşı belə olan ölkənin deputatının vəziyyəti necədir?

- Niyə məhz deputat?

Mənsur Rəğbətoğlu: Siz deputatsınız...

- Bir dəfə deputatlar qaldırdı məsələni, müzakirə aparıldı. Avropa Şurası ölkələri sırasında Azərbaycan millət vəkillərinin əmək haqqı Ermənistandan da aşağıdır. Təxminən 1200-1300 dollar civarındadır. Amma millət vəkillərinin qeyri-rəsmi xərclərini nəzərə alsaq, elə təxminən vətəndaşın aldığı 200 manata bərabərdir. Məsələn, mən 40 kənddə görüş keçirmişəm, düzdür, bölgəyə 40 dəfə getməmişəm, hər səfərdə 2-3 görüş keçirmişəm, nəzərə alın ki, hər dəfə rayona gedib-gələndə azı 100 manat benzin pulu, sürücümün yeməyi, avtomobilin amortizasiya xərcləri yığılır, belə götürəndə heç kimə yardım etmədən hər dəfə 200 manat xərcim çıxır, çünki orada qalıram, axşam yeməyi və sair.

Ayda 4 dəfə rayona gedəndə elə min manat bunun yeməyə, benzinə sərf olunur. Başqa məsələ də var, vətəndaşlarımız bir az ələbaxım öyrəniblər, düzdür, mən həm birinci, həm də ikinci seçki dövründə demişəm ki, pul verən, yol çəkən deyiləm, maddiyyata bağlı problemlərini həll etməyəcəm, amma elə şeylər var ki, onları etməliyəm. Gedib kənd bağçasının damının dağıldığı görəndə, icra nümayəndəsinin onu düzəltmək imkanı olmadığından, vətəndaş olaraq 500-600 manat xərci çəkməliyəm. Çünki ora seçicilərimin balaları gedir.

Millət vəkilinin qanuni pulundan söhbət gedirsə, azdır. Amma deputatlarımızın içərisində imtiyazlılar var, məsələn, mən Şamaxıda istirahət edirəm. Bəlkə sizlərdən də kimsə mənim bağımda olub, çünki jurnalistlərə bir neçə dəfə qonaqlıq vermişəm. Bizim xarici səfərlərimiz də olur, normativə uyğun olaraq ezamiyyət xərcləri verilsə də, təbii ki, xərclər çox olur. Neftin qiyməti gələcəkdə qalxacaqsa, hamının həm deputatların, həm də sizin əmək haqqının artması məqsədəuyğundur.

Mənsur Rəğbətoğlu: Bəs qeyri-neft sektoru?

- Qeyri-neft sektoru yavaş-yavaş inkişaf edir. Hesab edirəm ki, bizim istehsal etdiyimiz mallar keyfiyyətinə görə nə qədər ki dünyada tanınan brendlər sırasına qatılmayacaq, çətin olacaq. Bu gün hansısa yerli mala üstünlük verməyib xaricdən gətirilən məhsul alırıqsa, bu, o deməkdir ki, yerli istehsalın keyfiyyəti bizi qane etmir.

Yerli istehsal artmaqla bərabər keyfiyyət də artmalıdır. Rusiyadan gələn boyanı almaq yerli istehsal olan boyadan daha ucuzdur. Qiymətlər də tənzimlənməlidir ki, alıcılıq artsın və pul dövriyyədə olsun.

Qurban Yaquboğlu: “Pensiya haqqında” qanun da vaxtaşırı tənqid olunur, yaşın çox yuxarı olduğu vurğulanır. Qanuna dəyişiklik ehtimalı varmı?

- Razıyam, qadın və kişinin pensiya yaşının eyniləşdirilməsi düzgün deyil. Qadınlara zərif cinsin təbəqələri kimi həmişə fərqli münasibət olub, ona görə də onların pensiyaya çıxmaq hüququ kişilərdən bir neçə il öncə və fərqli olmalıdır. Neyləyək, Səlim Müslümovun işlədiyi dövrdə onun layihələri idi və təklifləri büdcənin formalaşması, qənaət adı altında irəli sürdülər, Milli Məclisdən də keçdi.

Amma bu gün böyük narazılıq var. Bu qanuna istənilən zaman baxmaq olar. Narazılıqlar artandan sonra ona yenidən baxılması mümkün olacaq.

Billurə Yunus: Söhbətinizin əvvəlində ifadələrin saxtalaşdırılmasının qarşısını almaq məqsədilə məhkəmələrdə audio-yazının aparılacağını bildirdiniz. Bu, xarici təcrübədə tətbiq olunurmu? Hüquq sahəsində xaricdə tətbiq edilən hansı prinsip bizdə yoxdur?

- Hakimlərin vicdanlı olmaq prinsipi bizdə yoxdur... Hakimlər vicdanları qarşısında gərək özlərinə hesabat versinlər. Bizdə haqqı qoyub nahaqqı müdafiə edən hakim varsa, ingilis, fransız bunu etməyəcək. Qanunlar normaldır, amma insan faktoru yetərli deyil. Həkimin yanına xəstə, hakimin yanına tərəf gələndə onlara “kliyent” kimi baxırlar.

İldə yüz minlərlə işinin məhkəmələrə düşdüyünü nəzərə alsaq, bu aradan yığışdırılmalıdır. Mülki işdə belədir, tərəfin biri onsuzda narazı qalacaq, qoy haqsız insan narazı qalsın. Çox hallarda haqlı insanlar narazı qalır. Nəticədə ölkədə böyük narazılıq yaranır.

Məhkəmə hakimiyyətin bir qoludur. Məhkəmə hakimiyyətinə işə təyin olunmuş hakim ora pul qazanmaq üçün getdiyini düşünməməlidir. Yayda qalıb işləməyimizin səbəblərindən biri də məhkəmə-hüquq sahəsində islahatlarla bağlıdır. Hakimlərin əmək haqqı artırılacaq, onlara şans veriləcək. Amma hansı şans verilməyindən asılı olmayaraq hakim korpusu təzələnməli və yeni təfəkkürlü, sağlam düşüncəli insanlar rəhbər vəzifəyə təyin olmalıdır. Bunlar da gənclər ola bilər. Yeni şərtlər qarşısında gənclər təyin edilməlidir, rüşvət olmamalıdır.

Billurə Yunus: Əmək haqqının artımı ilə hakimlər işi vicdanla görə bilərmi?

- Edə bilər. Məsələnin subyektiv və obyektiv tərəfini də deyək. Tutaq ki, rayonda işləyən hakim 1500 manat maaş alır, kirayədə yaşayır. Təbii ki, kirayədə yaşayırsa, digər xərcləri də var, şəhərə gəlmək, başqa rayonda valideynlərinə gedib baş çəkmək, yaxud ailəsi Bakıdadırsa, özü rayonda tək qalır, hər iki xərci qarşılamalıdır. Yəni 15000 manat pul hakim üçün heç nədir.

Hakim 4-5 min manat maaş alsa, bəlkə də iş yerini itirmək qorxusundan heç olmazsa müəyyən obyektiv qərarlar qəbul edər. Demirəm 100 faiz nə isə düzələcək, heç 100 faiz Avropada, ABŞ-da yoxdur, amma heç olmazsa nisbi fərqlə düzəlməlidir. Hakimlərə 1500 manat maaş verib, ucqar rayona göndərsək, kirayədə qalmaq şərti ilə ondan ədalətli qərarın tələb olunması da düzgün deyil. Yanaşma birtərəfli olmamalıdır. Biz onlara şərait yaradıb ondan sonra Domokl qılıncını başlarının üstündə saxlamalıyıq ki, biz sənə hər şeyi elədik, indi sən tələb olunanları elə.

Mənsur Rəğbətoğlu: Hakimlərin vicdanlı olma məsələsini, məhkəmə sistemində digər problemləri dilə gətirdiniz, zaman-zaman beynəlxalq təşkilatlar Azərbaycanı bu məsələyə görə tənqid edir. Həmin hesabatlar qaldırdığınız problemlər baxımından nə dərəcədə obyektivdir?

- Məhkəmələrlə bağlı Avropadan, beynəlxalq təşkilatlardan gələn tənqidlərin doğru olduğunun nəticəsidir ki, cənab prezident fərman verdi ki, islahatlar daha da dərinləşdirilsin. Siyasi məhbus adı altında tutulanlarla bağlı beynəlxalq təşkilatların verdiyi bəyanatlar Azərbaycanın imicinə xələl gətirilməsi üçün müəyyən maraqlara xidmət edir. Söhbət mülki işlərdən gedir, mülki işin nəticəsi niyə Avropada müzakirə olunmalıdır?

Bu günlərdə telekanallarda bir məhkəmə sənədini nümayiş etdirdim və bu işin başında duranların da adını çəkdim. Deməli, ağ vərəqdir, guya mənimlə sizin aranızda bağlanmış işbirliyi müqaviləsidir, amma burada sizin nə imzanız, nə də möhürünüz var, mən isə özüm doldurub imzalamışam və bu ağ sənəd Azərbaycanın üç məhkəmə pilləsinin üçündən də keçib, iş iddiaçının xeyrinə həll olunub.

Halbuki tərəfin imzalı möhürü, məhkəmənin keçirilməsi ilə bağlı məlumatı yoxdursa və bu oyunun baş tutmasını məhkəmədən sonra bilirsə, hansı ədalətdən danışmaq olar?

Bunu araşdıranda Ədliyyə naziri Fikrət müəllimlə, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə, Apelyasiya məhkəməsinin sədri ilə görüşdüm ki, bu sənədlər məhkəmədən necə keçə bilər? Hamısı soruşur ki, bu, işin içindədir? Dedim ki, əlbəttə, işin içindədir, vəkilin götürdüyü rəsmi sənəddir. Ağ sənədi keçirən hakim bu gün də qalıb işləyir. Əslində məsuliyyətə cəlb olunmalıdır. Çünki cinayət qanunvericiliyində bilə-bilə yalan qərar, qətnamə və hökm çıxarmağa görə hakimlərin məsuliyyəti var.

Son 15-20 ildə bir hakim həbs olunub? Amma imkan verilsə, mən 20-sini həbs edə bilərəm. Çünki əsassız qərarlar çıxarıblar. Bir ziyalı ailəni bir qərarla dairəyə salıblar, ölkədən çıxışına qadağa qoyublar ki, əvvəlki borcdan imtina elə. Hamısı da bir vəzifəli adamın telefon zəngi ilə həll olunub.

Mənsur Rəğbətoğlu: Milli Məclisin binası qarşısında bəzən şikayətçilər yığılır, rayondan gələnlər də olur. Onların problemi dinlənilirmi, deputatlar həmin şəxsləri qəbul edirmi, deputatların üstünə hansı şikayətlərlə gəlirlər?

- Onların hamısı qəbul olunur, hətta axtardıqları millət vəkili səfərdə olanda düşüb ayrısı qəbul edir. Mənə qəbul şöbəsindən nə vaxt zəng gəlirsə, vətəndaşlarla görüşürəm, çünki hər gün saat 10:00-dan axşam 18:00-a qədər parlamentdə oluram.

Əlbəttə, qəbula gələnlərin haqlı da, haqsız da şikayətləri olur. Eləsi var bizim quruma aid olmayan məsələ ilə bağlı müraciət edir, onda sadəcə informasiya veririk. Şəhid ailələrinə 11 min manat müavinətin verilməsi ilə bağlı çoxsaylı adamlar gəldi, sonra məlum oldu ki, heç bur qıcığa və Milli Məclisin qabağına gəlməyə ehtiyac yoxdur. Müvafiq qurum, nazirlik məsələni yavaş-yavaş həll edir.

Bəzən görürsən, bir evin bir neçə adama satılması ilə bağlı şikayətə gəlirlər, biz nə edə bilərik? Uzaqbaşı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yönəldirik. Yaxşı olardı ümumiyyətlə, şikayətlər olmasın, insanlar haqqını hər bir qurumda tapa bilsələr, başqa qapılarda gedib əziyyət çəkməzlər.

Mənsur Rəğbətoğlu: Vətəndaşların deputatlarla müqayisədə icra başçılarının qəbuluna düşməsi çətin məsələdir. Sanki icra başçısı ilə vətəndaş arasında baryer var. Bu səddi onların arasına çəkən nədir?

- O səddi cənab prezident qırdı. Ölkə başçısı göstəriş verib, bütün icra başçıları yerlərdə səyyar görüşlər keçirirlər və tələb onların qarşısında qoyulub. Haqlısınız, bir neçə il öncə vətəndaşlar icra başçısının qəbuluna düşə bilmirdilər, qəbula gələn insanlardan da niyə gəldiyini öyrənib qəlibə salırdılar, 5-10 nəfəri qəbul edirdilər.

İndi belə deyil, özüm də bəzən rayonda olan vaxt icra başçısının qəbulunda iştirak edirəm ki, görək hansı formada keçir, bəlkə bizə də aidiyyəti var.

İyunun 10-da İmişli rayon icra başçısı Vilyam Hacıyevlə birlikdə İmişlinin ən böyük kəndlərindən biri olan Qızılkənd kəndində səyyar görüşdə iştirak elədik. Artıq başçı özü yerlərə gedir. Son vaxtlar insanlar daha çox tələbkar olublar, əvvəllər başçısının qəbul günündə 30-40 nəfər gəlirdisə, indi 100-150 nəfər gəlir.

Necə olur cənab prezident yerlərə gedir, insanların arasında olur, onlardan ərizə və şikayətləri əlbəəl alır, dərhal da reaksiyaları olur, amma icra başçılarının qəbuluna düşmək mümkün deyildi, o baryer vardı, artıq sədd qırılıb. İcra başçıları prezidentin fəaliyyətinə baxıb nümunə götürüb rəhbərlik etdikləri rayonlarda camaatın arasında olmalıdır. İcra başçıları da, deputatlar da sadə insanlardan heç nə ilə fərqlənmir, müvəqqəti tutduğu vəzifəyə görə fərqlənir, hamımız eyniyik, Azərbaycan vətəndaşıyıq.

Qurban Yaquboğlu: Parlamentin vaxtından qabaq buraxılıb yenidən keçirilməsi ilə bağlı vaxtaşırı xəbərlər yayılır. Bunun bir əsası varmı? Proqnozlar nəyi deyir?

- Bəzi adamlar var ki, parlamentdə olmaq istəyirlər, ola bilər o istəkdən informasiya haradasa gələn kimi onu dərhal ictimaiyyətləşdirib mətbuata çıxarırlar. Amma bu qərar prezidentin qərarı ola bilər. Bu günlərdə də Yeni Azərbaycan Partiyasının icra katibi qeyd etdi ki, parlament seçkiləri 2020-ci ildə keçiriləcək. Amma Azərbaycandır, hər şey ola bilər.

Bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin nə dərəcədə real olacağını deyə bilmərəm. Amma qanunauyğun addımlar atılacaqsa, əsaslandırılıb vaxtından əvvəl keçiriləcəksə, keçirilsin.

Mənə elə gəlir ki, parlament seçkiləri 2020-ci ildə Konstitusiyada nəzərdə tutulan qaydada noyabr ayının birinci bazar günü keçiriləcək.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər