25 İyun 2019 23:55
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar üçün qadağan olunmuş peşələr olmalıdırmı? İyunun 25-də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) “Qadınlar üçün qadağan olunmuş sahələr: qadağaların aradan qaldırılmasının vaxtı deyilmi?” mövzusunda təşkil etdiyi konfransının əsas müzakirə mövzusu bu oldu.

Konfransda ABŞ səfiri Li Litzenberger, USAİD-in Azərbaycandakı missiyasının direktoru Sihgh Jaidev, Milli Məclisin deputatı Vahid Əhmədov, hökumət qurumlarının, QHT-lərin təmsilçiləri iştirak edib.

Konfrans iştirakçılarını salamlayan ABŞ Səfiri Litzenberger bildirib ki, Azərbaycanda qadınların peşə və iş yeri üzrə əməyinin tətbiqinə qadağaların aradan qalıdırılmasına tərəfdardır. “Qadağaların aradan qaldırlması iqtisadiyyatın inkişafına, əhali arasında qadınların potensialının artmasına təkan verir. Azərbaycan öz əhalisinin 50 faizindən artığını təşkil edən qadınların potensialından tam şəkildə faydalanmağa layiqdir”.

“ABŞ hökuməti Azərbaycanda qadınlarla bağlı bir çox layihələri dəstəkləyib. Biz görürük, Azərbaycan hökuməti, qadınlar üçün iqtisadi imkanlar yaradır, onların iqtisadi bərabərliyə nail olması üçün müəyyən işlər görür. ABŞ hökuməti ölkədə qadınlarla bağlı siyasəti dəstəkləyir. Mən sizə bu istqiamətdə fəaliyyətinizdə uğurlar arzulayıram. Azərbaycan qadınlarının bütün sektorlarda işləməsini alqışlayram” səfir qeyd edib.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, qadağalar azaldıla bilər, ancaq tam ləğv oluna bilməz: “Qadın anadır, ona görə də, sağlamlığa zərər verən işlərdə işləyə bilməz”.

Əsas məruzə ilə çıxış etmiş hüquqşünas, Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov bildirib ki, hazırda Azərbaycanda 1999-cu il Nazirlər Kabinetinin Qərarına əsasən 38 sahə üzrə 678 peşə (vəzifə) növü üzrə üzrə qadın əməyinin tətbiqi qadağan edilir. Onun sözlərinə görə, qadağalar əsasən 3 səbəblə əlaqələndirlir: 1) Qadınların sağlamlığına, xüsusilə reprodiktiv sağlamlığına ziyan vurması, 2) Bu peşələrin və iş yerlərinin təhlükəsiz olmaması, 3) Bu peşələrin və iş yerlərinin ağır olması və böyük fiziki güc tələb etməsi.

O, əlavə edir ki, bu siyahının təhlili göstərir ki, burada qadınlar üçün qadağan edilən peşələr və iş yerlərinin azı 1/3-i elə on illər əvvəl də zəruri olmayıb: “Məsələn, çörəkbişirmə, qənnadı, makaron istehsalatı, konserv istehsalı, balıq emalı, ət məhsullarıın istehsalı və emalı, dəri istehsalı, yun keçə istehsalı, toxuma malları istehsalı, nəqliyyat və rabitənin bir sıra sahələri, musiqi alətləri istehsalı sahələri üzrə xeyli peşələrin və iş yerlərinin qadağan olunması məntiqi və zəruri deyildir”.

Beynəlxalq təcrübə nə deyir?

Hafiz Həsənov bildirib ki, hazırda dünyada gedən tendesiyalar bu qadağaların azaldılması və ləğv edilməsi istiqamətindədir: “Ən yeni texnologiyaların və innovasiyaların, səmərəli metodların tətbiq olunduğu müasir dünya iqtisadiyyatında artıq on il əvvəl müəyyən edilən qadağalara yer qoymur. BMT-nin Beynəlxalq Əmək Təşkilatı üzv dövlətləri qadın əməyi üzrə ayrı-seçkiliyi aradan qaldırmağa və qadağaları getdikcə ləğv etməyə çağırıb”.

O həmçinin bildirib ki, hazırda 104 ölkənin qanunvericiliyində qadın əməyinin qadağan edildiyi peşə və iş yerləri ilə bağlı məhdudiyyətlər var: “İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində qadın əməyi ilə bağlı məhdudiyyətlər demək olar ki, yoxdur. Bu sırada Fransa, Çexiya və Sloveniya istisnadır.

Postsovet məkanına daxil olan ölkələrdən 9 ölkədə bu cür məhdudiyyətlər vardır. Qadın əməyi üçün məhdudiyyətlər Rusiyada 456, Ukraynada 450, Qazaxıstanda 299, Belarusda 181, Moldovada 29 peşə sahəsini əhatə edib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məsləhətçisi Bəxtiyar Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şöbə müdiri Elgün Səfərov müzakirə edilən mövzuya öz münasibətlərini bildiriblər:

Konfrans işini sessiyalarla davam etdirib. Rasional İnkişaf Qadınlar Assosiasiyasının sədri Şəhla İsmayılın sözlərinə görə, dünyada “bütün işlər- bütün qadınlar üçün” layihəsi var: “İndiki siyahı sovetdən qalmadır. Qadına yönəlik belə bir siyahı ayrı-seçkilikdir”.

Konfransda müzakirə edilən mövzu üzrə Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri xanım Səkinə Babayeva və “Qranit” şirkətinin sahibi və direktoru Rubabə Mürşüdova da öz fikirləri ilə bölüşmüşlər.
Konfransda iştirak edən bir çox təşkilat nümayəndələri təkliflərini səsləndirdilər.

Tədbirin yekununda SBİİYF sədri Sabit Bağırov bildirib ki, hazırda dünya ölkələrində tendesiya belədir ki, qadağalar azalır: “Keçmiş sovet ölkələri arasında Azərbaycandır bu məsələdə ən geridə qalanlar sırasındadır. Bu Azərbaycanın imicinə mənfi təsir edir”. Onun sözlərinə görə müzakirə edilən məsələdə qadınlara azad seçim imkaçı təmin edilməlidir. İşə götürən isə bu və ya digər vəzifəyə qadını təyin edərək ona işin xüsusiyyətlərini, ağırlığını, qadın orqanizminə mümkün təsirlərini izah etməlidir. Bunu həm dövlət həm özəl şirkət rəhbərləri etməlidir. Sabit Bağırov onu da qeyd etdi ki, təmsil etdiyi təşkilat xüsusi işçi qrup yaradacaq və bu qrup Azərbaycan hökumətinə təkliflər hazırlayacaq.

Bəkir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər