10 Sentyabr 2014 10:23
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-dən başlayan əmək müqaviləsinin elektronlaşdırılması prosesi hələ də davam edir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib.

Nazir, bu prosesə qoşulanların sayının 500 mini ötdüyünü diqqətə çatdırıb: “Düşünürəm ki, yaxın vaxtlarda proses başa çatacaq. Çünki, hər gün 25-30 min arası qeydiyyat baş verir. Bu proses davamlı olacaq. Səbəbi də odur ki, kimlərinsə əmək müqaviləsi başa çatacaq, yaxud da əmək müqavilələri yenidən bağlanacaq. Bu gün çox qəribə bir tendensiya baş verməkdədir. Belə ki, bir çox ölkələrdə əmək qanunvericiliyinin gözlənilməsi konteksində elə şərait yaradılır ki, işçilər işdən azad edilmirlər. Digər tərəfdən belə bir məsələ qaldırılır ki, bir işçinin daim işində qalması, kimlərinsə işsiz qalması ilə nəticələnə bilər. Yəni, bir şəxs daim bir yerdə qalıb işləyəcəksə, deməli o, rəqabət haqqında düşünməyəcək və kiminsə biliyi, bacarığı, istedadı ilə işləməsinə imkan verməyəcək. Nəticədə isə məhsuldarlıq artmayacaq. Belə olan halda isə sosial vəhdət təmin olunmayacaq”.

Onun sözlətinə görə, bu kimi məsələlərə görə, proses davam edəcək: “İşçilərlə əmək müqaviləsinin bağlanması və elektron sistemə daxil edilməsi, yaxud da əmək müqaviləsinin ləğv edilərək sistemdən çıxarılması daimi proseslərdir. Ancaq ölkə üzrə hazırda mövcud olan əmək müqavilələrinin tam qeydiyyatdan keçirilməsi prosesi ilin sonuna qədər başa çatmalıdır. Biz isə çalışacağıq ki bu müddət ərzində bu sahədə ciddi addımlara yol verməyək. Çünki, insanlarımız bu prosesə yeni uyğunlaşırlar və burda elektron informasiya vasitələrdən istifadə qaydaları var. Bizim 142 qaynar xəttimiz daim fəaliyyət göstərir və son 2 gün ərzində bu xəttə çox saylı müraciətlər edilib. Müraciətlərin 90 faizi qaldırılan məsələlərlə bağlıdır.”

Səlim Müslümov vurğulayıb ki, hazırda işləyənlərin sayı 1 miyondan çoxdur: “Bunlarla əmək müqaviləsi bağlanıb qeydiyyatdan keçirilərsə, yaxud da işinə xitam verildikdən sonra qeydiyyatdan çıxarılarsa, bu böyük rəqəmlərlə ifadə oluna bilər.”

İlhamə


Müəllif: