Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçirib.
Teleqraf.com TQDK-ya istinadla xəbər verir ki, imtahan sentyabrın 9-da keçirilib. Xarici ölkələrin tibb üzrə ali təhsil müəssisələrindən və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələrinin Azərbaycan Tibb Universitetinə köçürülməsi ilə bağlı yoxlama imtahanı saat 14:00-da başlanıb və 1 saat 30 dəqiqə davam edib.
Köçürülmə ilə əlaqədar keçiriləcək imtahanda iştirak etmək üçün TQDK tərəfindən sentyabrın 3-dən 5-dək tələbələrin qeydiyyatı aparılıb və 38 tələbə müraciət edib.
İmtahanda hər fənn üzrə 20 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunub və suallar Azərbaycan Tibb Universitetinin tədris proqramları əsasında hazırlanıb.
Qeyd edək ki, test imtahanında hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar tələbənin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
Hər bir fənn üzrə topladığı balı 6-dan, ümumi balı isə 30-dan az olmayan tələbələrin biliyi məqbul qiymətləndirilir.
Nəticələr barədə oxucularımızı məlumatlandıracağıq.
SEVİL