Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.
Qida Təhlükəsizliyi Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, istehlakçıların sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun təşkili vacib amillərdəndir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Növbəti belə nəzarət tədbiri Agentliyin Gəncə regional bölməsi tərəfindən Gəncə şəhərinin Natəvan qəsəbəsində həyata keçirilib.
Reydlərdə Gəncə Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib. Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı xəbərdarlıq edilib.
Qeyri-qanuni fəaliyyət göstərən məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan ləvazimatlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən götürülüb.
Eyni zamanda, sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə edilməsi tövsiyə olunub.
Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.