10 Sentyabr 2014 21:49
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonu ərazisindəki Komanı yaylaqlarında yaşı 3000 il olan yeni kurqanlar tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə Trend-ə bildirib ki, Yardımlı rayonu ərazisində tədqiqat işlərini davam etdirən arxeoloji qrup rayonun İranla sərhədində - Avaş-Arvana şose yolunun sol tərəfində, Arvana kəndindən 5 km şimal-qərb istiqamətində olan Komanı yaylaqlarında son tunc-ilk dəmir dövrünə aid 20-dən artıq kurqan tipli qəbir abidələri aşkar edib.

Dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən bu kurqanların iriölçülülərinin diametri 19 m, hündürlükləri 1 m, sahəsi 284 kv m, kiçikölçülü kurqanların diametri 5 m, hündürlükləri 40 sm, sahəsi 19,5 kv m-dir. Bu kurqanların ətrafı daş düzümlü kromlexlərlə, qəbir kamerasının mərkəzi hissəsi çay daşları ilə sıx örtülüb: "Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində sərhəd zonasına olan nəzarətsizlik abidələrin məhv olunmasına şərait yaratmışdı və bu abidələrimiz qonşu İran ərazisindən keçən qarətçi "qızılaxtaranlar" tərəfindən ciddi dağıntılara məruz qalıb. Qarətçilər Komanı yaylaqlarında ən iriölçülü kurqanlardan bir neçəsinin mərkəzi hissəsindəki qəbir kamerasını ağır texnika vasitəsilə məhv ediblər. Əməliyyatları "uğursuz" olduğu üçün digər kurqan tipli qəbir abidələri salamat qalıb".

A.Ağalarzadənin sözlərinə görə, məhv edilmiş kurqanlardan qalanlar ətrafa səpələnmiş saxsı qab-qacaq nümunələri və insan sümüklərinin qalıqlarıdır.

Onun sözlərinə görə, minilliklərlə yer altında qalan bu yadigarlar Azərbaycan xalqının qədim dövr tarixinin öyrənilməsi üçün əvəzsiz mənbədir. Gələcəkdə cənub regionlarının tunc-erkən dəmir dövrü abidələrinin geniş tədqiqi bölgədə e.ə. III-I minilliklərdə məskunlaşmış qədim tayfaların maddi mədəniyyəti, həyat tərzi haqqında kifayət qədər zəngin məlumat verəcək.


Müəllif: