10 Sentyabr 2014 17:45
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İranın Xorasan vilayətinin valisi Əlirza Raşidianın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə Təzəpir məscidini ziyarət edən qonaqlar günorta namazı qılıb, kompleksin kitabxanasına baş çəkiblər.


Sonra qonaqları QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə qəbul edib. O, Azərbaycan-İran əlaqələrinin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb. A.Paşazadə iki qonşu ölkə arasında münasibətlərin son illərdə bütün sahələri əhatə etdiyini, dövlət başçılarının bu məsələyə xüsusi önəm verdiklərini bildirib.

QMİ sədri rəsmi Tehranın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb, İranın Ali dini rəhbəri Seyid Əli Xameneiyə və ölkə prezidenti Həsən Ruhaniyə salamlarını yetirməyi xahiş edib.

İranın Xorasan vilayətinin valisi Ə.Raşidian səmimi qarşılanmaya görə minnətdarlığını bildirib, Azərbaycandakı müsəlman qardaşları ilə yenidən görüşməkdən məmnun qaldığını ifadə edib. Xorasan valisi başçılıq etdiyi nümayəndə heyətinin səfər zamanı gördüyü işlər barədə məlumat verib. Qonaq qeyd edib ki, ölkəsi qonşu Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin daha da inkişafına maraqlıdır.

Şeyxülislam həzrətləri qonağa xatirə hədiyyəsi təqdim edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad və başqaları iştirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər